İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın İran planına Senatdan gözlənilməz zərbə

Vaşinqtonda son ayların ən diqqətçəkən siyasi hadisələrindən biri yaşanıb. ABŞ Senatı prezident Donald Trampın İranla bağlı hərbi siyasətinə etimadsızlıq siqnalı göndərərək, Ağ Evin hərbi əməliyyatları dayandırmasını və ya davam etdirmək üçün Konqresin razılığını almasını tələb edən qətnaməni qəbul edib. Qətnamənin hüquqi qüvvəsi olmasa da, onun siyasi çəkisi kifayət qədər böyükdür. Ən diqqətçəkən məqam isə sənədin Demokratlarla yanaşı bir qrup respublikaçı senatorun da dəstəyi ilə qəbul edilməsidir. Bu isə göstərir ki, İran məsələsi artıq yalnız xarici siyasət deyil, həm də Respublikaçılar Partiyasının daxilində ciddi fikir ayrılığı yaradan daxili siyasi problemə çevrilib.

50 səsə qarşı 48 səslə qəbul olunan qətnamə ABŞ Konstitusiyasında nəzərdə tutulan güc balansını yenidən gündəmə gətirib. Senat faktiki olaraq Ağ Evə xatırladıb ki, uzunmüddətli hərbi əməliyyatlar barədə yekun qərar yalnız prezidentin səlahiyyətində deyil. 1973-cü ildə qəbul edilmiş Müharibə Səlahiyyətləri Aktından sonra ilk dəfədir ki, Konqresin hər iki palatası eyni vaxtda prezidentin hərbi əməliyyatları dayandırmasını tələb edən qətnaməni dəstəkləyir.
Bu sənəd qanun statusu daşımır və Donald Trampın imzasına göndərilməyəcək. Lakin onun qəbul edilməsi siyasi atmosferi əks etdirən mühüm göstərici hesab olunur. Yaxın Şərq üzrə analitik Laura Blumenfeld vəziyyəti belə xarakterizə edib:

“Bu, prezident üçün qandal deyil, amma biləyə vurulan siyasi şillədir”.


ABŞ Senatı Ukraynaya yardım məsələsini təxirə saldı

Səsvermənin nəticələri göstərdi ki, Trampın öz partiyası daxilində də İran siyasətinə skeptik yanaşanlar artır.

Respublikaçı senatorlar Rand Paul, Lisa Murkowski, Susan Collins və Bill Cassidy Demokratlarla birlikdə qətnaməyə səs veriblər. Bu addım təsadüfi hesab edilmir. Vaşinqtonda siyasi müşahidəçilər hesab edirlər ki, İranla bağlı müharibə cəmiyyətdə əvvəlki dəstəyi itirməyə başlayıb. Xüsusilə enerji bazarlarında yaranan gərginlik, yanacaq qiymətlərinin artması və hərbi əməliyyatların milyardlarla dollara başa gəlməsi narazılığı artırır.

Pentaqonun Konqresdən tələb etdiyi əlavə 80 milyard dollarlıq vəsait də bu narahatlıqları gücləndirib. Həmin vəsaitin əsas hissəsinin İran əməliyyatlarının maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Donald Tramp Senatın qərarını dərhal tənqid edib. O, Truth Social platformasında paylaşdığı bəyanatda senatorları məsuliyyətsizlikdə ittiham edib və onların səsverməsinin ABŞ-ın danışıqlardakı mövqeyini zəiflətməyə xidmət etdiyini bildirib.

Tramp “Bu senatorlar işimi daha da çətinləşdiriblər. Amma mən bunu bu və ya digər şəkildə həyata keçirəcəyəm”, deyə yazıb.

Ağ Ev isə qətnamənin qəbul edilməsinin texniki səbəblərlə bağlı olduğunu bildirir.

Administrasiya nümayəndələrinin sözlərinə görə, iki respublikaçı senatorun səsvermədə iştirak etməməsi nəticəyə təsir edib. Maraqlıdır ki, Senatda mübahisələr davam etdiyi bir vaxtda Vaşinqton və Tehran tamamilə fərqli istiqamətdə hərəkət etməyə çalışırlar.

Hazırda ABŞ və İran arasında əldə olunmuş atəşkəs qüvvədə qalır. Ötən həftə hər iki ölkənin prezidentləri tərəfindən imzalanmış anlaşma memorandumu çərçivəsində tərəflər hərbi əməliyyatların tam dayandırılması üzərində işləyirlər.


absh-senati-ilk-defe-irana-qarshi

Memoranduma əsasən, ABŞ və İranın daha geniş siyasi razılaşma əldə etməsi üçün 60 günlük müddət müəyyənləşdirilib. Danışıqların əsas mövzusu İranın nüvə proqramıdır. Vaşinqton İranın uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırmasını və beynəlxalq nəzarəti qəbul etməsini istəyir. Tehran isə sanksiyaların ləğvini və iqtisadi təcridin sona çatdırılmasını tələb edir. Bu səsvermə həm də noyabr ayında keçiriləcək aralıq seçkilər fonunda xüsusi əhəmiyyət daşıyır.

Respublikaçılar hazırda Konqresin hər iki palatasında çox cüzi üstünlüyə malikdirlər. İran müharibəsi uzandıqca və iqtisadi təsirlər dərinləşdikcə, partiyanın daxilindəki narazılıqların daha açıq şəkildə üzə çıxacağı gözlənilir. Vaşinqtondakı bir çox müşahidəçi hesab edir ki, Senatın son qərarı hüquqi nəticələr yaratmasa da, Tramp administrasiyasına mühüm siyasi mesaj göndərib: Amerika cəmiyyəti və Konqres artıq Yaxın Şərqdə sonsuz hərbi əməliyyatlara əvvəlki qədər həvəs göstərmir.

Ağ Ev 60 günlük diplomatik pəncərədən istifadə edib İranla yeni nüvə sazişinə nail olacaq, yoxsa atəşkəs pozulacaq və Vaşinqton yenidən Yaxın Şərqdə genişmiqyaslı qarşıdurmanın içinə çəkiləcək?


Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, ABŞ Senatında baş verən son səsvermə ilk baxışda Vaşinqtonun daxili siyasi çəkişməsi kimi görünə bilər:

“Məsələyə geosiyasi prizmadan baxdıqda daha ciddi proseslərin getdiyini görürük. Burada əsas məsələ İranla müharibə deyil, ABŞ-ın Yaxın Şərq strategiyasının gələcəyidir. Donald Tramp administrasiyası hərbi təzyiq vasitəsilə İranı yeni nüvə sazişinə məcbur etməyə çalışırdı. Lakin görünür ki, həm Amerika cəmiyyətində, həm də Respublikaçılar Partiyasının daxilində bu strategiyanın davamlılığı ilə bağlı suallar yaranıb. Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi olmasa da, onun siyasi məzmunu kifayət qədər ciddidir. Bu sənəd göstərir ki, ABŞ siyasi elitasının bir hissəsi İranla münaqişənin genişlənməsinin milli maraqlara uyğun olmadığını düşünür. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ eyni vaxtda Çinlə strateji rəqabət aparır, Ukrayna məsələsində öhdəliklər daşıyır və qlobal iqtisadi problemlərlə üzləşir. Belə şəraitdə Yaxın Şərqdə uzunmüddətli müharibə Vaşinqton üçün əlavə yük yarada bilər”.

Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən, İran da zəif vəziyyətdə deyil: “Son aylarda hərbi və iqtisadi təzyiqlərlə üzləşməsinə baxmayaraq, Tehran dövlət institutlarını qoruyub saxlayıb və regiondakı təsir imkanlarını tam itirməyib. Bu səbəbdən hərbi yolla tam nəticə əldə etmək çətin görünür. Məhz buna görə ABŞ və İran arasında imzalanmış memorandum xüsusi əhəmiyyət daşıyır. Tərəflərə verilən 60 günlük müddət əslində diplomatiyanın son şanslarından biri kimi qiymətləndirilə bilər. Əgər bu müddətdə nüvə proqramı ilə bağlı kompromis əldə olunarsa, regionda gərginliyin azalması mümkündür. Əks halda qarşıdurma yenidən hərbi mərhələyə keçə bilər. Azərbaycan baxımından isə əsas məsələ regional sabitliyin qorunmasıdır. İran Azərbaycanın qonşusudur və bu ölkə ətrafında baş verən hər hansı hərbi eskalasiya nəqliyyat dəhlizlərinə, enerji layihələrinə və ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir göstərir. Buna görə də Bakı üçün ən optimal variant diplomatik həllin üstünlük qazanmasıdır. Senatın səsverməsi onu göstərir ki, ABŞ daxilində də diplomatiyaya qayıdış istəyən qüvvələr güclənir. Bu isə qarşıdakı həftələrdə Vaşinqton-Tehran danışıqlarının taleyini daha da vacib edir. Hazırda prosesin mərkəzində hərbi əməliyyatlar deyil, siyasi razılaşmanın əldə olunub-olunmayacağı dayanır”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR