Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla İran arasında münasibətlərin normallaşması istiqamətində qarşılıqlı təmasların intensivləşdiyi bir vaxtda İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin Azərbaycan-Ermənistan münasibətləri, Zəngəzur istiqaməti və TRIPP layihəsi ilə bağlı ardıcıl sərt açıqlamaları diqqət çəkir. Səfir son çıxışlarında “real güc balansı” və “status-kvo” məsələlərini önə çəkib, Ermənistanın suverenliyinə toxuna biləcək dəyişiklikləri qəbul etmədiklərini bildirib. Bundan əvvəl isə Azərbaycanın Ermənistanla İran arasında Naxçıvan üzərindən dəmir yolu bağlantısına şərait yaratmalı olduğunu deyərək, Bakıya konkret tələb irəli sürüb.
Şirqolaminin bu ritorikası regionda yeni reallıqların formalaşdığı bir mərhələdə səslənir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Azərbaycan-Ermənistan sülh gündəliyi yeni mərhələyə keçib, regional kommunikasiyaların açılması ilə bağlı mühüm layihələr müzakirə olunur. Belə bir vaxtda İrəvandan Bakıya yönələn “şərt” və xəbərdarlıq xarakterli açıqlamalar Azərbaycan-İran münasibətlərində yaranan müsbət atmosferə necə təsir edə bilər? Xəlil Şirqolaminin ardıcıl sərt çıxışları onun İrəvandakı diplomatik fəaliyyətinin hansı istiqamətə yönəldiyini göstərir?
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, TRIPP layihəsi artıq təsdiqlənib və onun reallaşdırılması praktiki mərhələyə keçmək üzrədir: "İlk növbədə qeyd etmək lazımdır ki, bu layihənin həyata keçirilməsi heç də Ermənistanın suveren hüquqlarının məhdudlaşdırılması və ya onun ərazi bütövlüyünə xələl gətirilməsi demək deyil. Əksinə, regional kommunikasiyaların açılması Ermənistan üçün də yeni iqtisadi və nəqliyyat imkanları yaradır.
İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin TRIPP layihəsi ilə bağlı sərt açıqlamaları isə İran tərəfinin layihənin müəyyən aspektləri ilə bağlı narahatlığının olduğunu göstərir. İranın TRIPP-in reallaşdırılması ilə bağlı müəyyən ehtiyatlarının və ya etirazlarının olması mümkündür. Lakin burada mühüm məqam ondan ibarətdir ki, TRIPP layihəsi İran ərazisindən keçmir. Buna görə də layihə ilə bağlı məsələlərin Azərbaycan–İran münasibətlərinə mənfi təsir göstərə biləcək sərt ritorika müstəvisinə keçirilməsini dəyişməlidir.
Azərbaycan son dövrdə İranla münasibətlərdə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirib. İranda baş verən ağır hadisələr zamanı Azərbaycan humanitar dəstək göstərib, humanitar yardımların çatdırılması üçün öz ərazisindən istifadə imkanları yaradıb. Eyni zamanda, İrandan təxliyə olunan və Azərbaycandan keçərək öz ölkəsinə qayıdan İran vətəndaşları üçün də lazımi şərait yaradılıb. Azərbaycan bütün bu proseslər zamanı İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, yaranmış məsələlərin beynəlxalq hüquq və dövlətlərin suveren hüquqları çərçivəsində həll olunmasının tərəfdarı olduğunu açıq şəkildə ifadə edib. Belə bir yanaşmanın nümayiş etdirildiyi bir vaxtda ayrı-ayrı sərt və şərt xarakterli açıqlamaların səsləndirilməsi, təbii ki, ölkələr arasında formalaşmış müsbət münasibətlərə mənfi təsir göstərə bilər.
Səfir Xəlil Şirqolami Azərbaycanın Naxçıvan ərazisindən Ermənistanın İrana dəmir yolu bağlantısının yaradılmasına imkan verməli olduğunu bildirir. Halbuki regional kommunikasiyaların açılması ilə bağlı müzakirə olunan layihələrin əsas məqsədlərindən biri məhz region ölkələrinin nəqliyyat əlaqələrinin genişləndirilməsidir.
Bu baxımdan Azərbaycan ərazisindən keçən nəqliyyat bağlantılarının yaradılması yalnız bir ölkənin deyil, bütövlükdə regionun iqtisadi maraqlarına xidmət edə bilər. Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının bərpası Naxçıvanın Azərbaycanla quru əlaqəsinin gücləndirilməsi ilə yanaşı, gələcəkdə Ermənistana İranla nəqliyyat əlaqələrinin inkişafı üçün də əlavə imkanlar yarada bilər. Eyni zamanda, Ermənistanın da bu kommunikasiyalardan istifadə etməklə İran bazarına və digər regional marşrutlara çıxış imkanları genişlənər. Ona görə də bu məsələyə yalnız siyasi və geosiyasi rəqabət prizmasından yanaşmaq düzgün deyil. Burada regionun iqtisadi inkişafı, tranzit imkanlarının genişlənməsi və ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün ciddi potensial var".
Deputat onu da diqqətə çatdırdı ki, bu gün regionumuzda yeni sülh və əməkdaşlıq reallıqları formalaşır: "Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində yeni mərhələ başlayıb və regional kommunikasiyaların açılması üçün imkanlar yaranıb. Hesab edirəm ki, region ölkələrinin hər biri yaranmış yeni reallıqları nəzərə almalı, bu reallıqlardan qarşıdurma yaratmaq üçün deyil, əməkdaşlıq imkanlarını genişləndirmək üçün istifadə etməlidir. Azərbaycan da öz növbəsində bütün qonşuları ilə münasibətlərin qarşılıqlı hörmət, suverenliyə hörmət, mehriban qonşuluq və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.
Bu baxımdan Azərbaycan-İran münasibətlərində son dövrdə yaranmış müsbət dinamikanın qorunması hər iki ölkənin marağında olmalıdır.Ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqları ola bilər, amma onların diplomatik dialoq yolu ilə həlli və regional əməkdaşlığa maneə yaratmaması vacibdir".
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ