Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin rusiyalı turistlər üçün hər zaman açıq olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu açıqlama Gürcüstanın sosial media platformalarında rusiyalı turistlərə qarşı aqressiv çağırış və paylaşımların geniş yayıldığı bir vaxta təsadüf edir.
Kobaxidze baş verənləri Gürcüstana qarşı məqsədyönlü sabotaj kimi qiymətləndirib.
Baş nazirin sözlərinə görə, bunun üçün sosial şəbəkələrdən xüsusilə fəal şəkildə istifadə olunur və kampaniyanın koordinasiyası xarici ölkələrdən birindən həyata keçirilir:
“Birbaşa sabotaj gedir və bunun üçün sosial şəbəkələrdən çox fəal istifadə olunur. Koordinasiya ölkələrdən birindən həyata keçirilir, burada isə bunu yerli agentura davam etdirir. Mövcud olmayan insanlar Gürcüstanda rusiyalı turistlər üçün guya mənfi atmosferin olduğunu müzakirə edirlər. Bütün bunların məqsədi ölkəyə qarşı sabotajdır”.
Kobaxidze vurğulayıb ki, Gürcüstan bütün turistlər üçün açıqdır:
“Əlbəttə, ölkəmiz bütün turistlər üçün açıqdır. Hər bir qonağın Gürcüstanda özünü təhlükəsiz və rahat hiss etməsi üçün əlimizdən gələni edəcəyik”.
Baş nazirin bu açıqlaması son günlər sosial şəbəkələrdə rusiyalı turistlərlə bağlı yayılan qalmaqallı paylaşımların fonunda diqqət çəkir. Gürcü sosial media istifadəçilərinin paylaşımlarında rusiyalı turistlərə xidmət zamanı onların yeməklərinə tüpürülməsi, hətta xəngəlin içinə sidik ifraz edilməsi barədə yazılıb.
Digər paylaşımlarda bələdçi işləyən şəxslər rus turistləri dağlıq ərazidə qəsdən tək qoyduqlarını, otel əməkdaşları isə onların yataq dəstlərini bilərəkdən dəyişmədiklərini yazıblar.
Rusiyalı turistlərə qarşı sosial şəbəkələrdə yaranmış bu aqressiv atmosferin rəsmi Tiflisi narahat etməsinin ciddi iqtisadi səbəbləri də var. Rusiya Gürcüstan üçün ən böyük turist bazarlarından biridir. Gürcüstana hər il çoxsaylı Rusiya vətəndaşı səfər edir və onların ölkədə xərclədiyi vəsait turizm sektorunun gəlirlərində mühüm yer tutur.
Turizm bütövlükdə Gürcüstan iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Buna görə rusiyalı turistlər arasında Gürcüstanın təhlükəsiz və rahat istirahət məkanı olmadığı barədə təsəvvürün yayılması ölkənin turizm sektoruna və gəlirlərinə ciddi təsir göstərə bilər.
Məhz rusiyalı turistlərə qarşı sosial şəbəkələrdə başlayan kampaniyanın genişlənməsi fonunda Kobaxidzenin məsələyə ən yüksək rəsmi səviyyədə müdaxilə etməsi diqqət çəkir. Rəsmi Tiflis Gürcüstanın rusiyalı turistlər üçün açıq olduğunu xüsusi vurğulamaqla turist axınının və bundan əldə olunan gəlirlərin azalmasının qarşısını almağa çalışır.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ