Onlayn ictimai-siyasi qəzet
Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyəcək.
Bunu APA-ya açıqlamasında TBMM sədri Numan Kurtulmuş bildirib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb, 2025-ci ilin dekabrında Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilib.
Bəs, sözügedən Anlaşma Memorandumunun Azərbaycan və Türkiyə üçün önəmi nələrdir?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər iki qardaş müttəfiq ölkənin münasibətlərinin ən yüksək səviyyəsi nə mümkündürsə həmin səviyyədədir: “Eyni milli maraqlara, eyni düşüncəyə, beynəlxalq birlikdə eyni mövqeyə sahibik. Bizim qardaşlığımız tarixdən gəlir. Bütün sahələr üzrə əməkdaşlığımız var, o cümlədən hərbi sahədə də əməkdaşlığımız müstəqilliyimiz bərpa edildikdən etibarən başlayıb və gün-gündən artmaqda davam edir. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” isə əlaqələrimizin daha da güclənməsinə, silahlı qüvvələrimizin eyni hazırlıq mexanizminin tətbiq edilməsinə, bir-birimizə təhülkəsizlik, müdafiə məsələlərində dəstək verilməsini nəzərdə tutur. Münasibətlərimiz onsuz da yüksək səviyyədə idi. Bu Anlaşma Memorandumu isə əməkdaşlıq münasibətlərini daha da dərinləşdirir. Azərbaycan Milli Məclisi yekdilliklə bu Anlaşma sənədinə səs verib. Türkiyə Millət Məclisinin də bunu xüsusi bir sənəd kimi müzakirəyə çıxarması Türkiyə cəmiyyətinin Azərbaycana olan qardaşlıq və hərtərəfli əməkdaşlıq münasibətini göstərir.
Sənəd Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsi, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına xidmət edir”.
Hərbi ekspertlər isə hesab edir ki, sözügedən Memorandum Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun modernləşdirilməsi prosesi davam edir. Yeni sənəd həmin əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir. Memorandumun digər mühüm əhəmiyyəti regional təhlükəsizlik mühitində əlavə siyasi və hərbi təminat yaratmasıdır. Bu sənəd Azərbaycan-Türkiyə müttəfiqliyinin yalnız siyasi bəyanatlardan ibarət olmadığını, onun konkret mexanizmlərlə inkişaf etdiyini göstərir. Bundan əlavə, müdafiə sənayesi, pilotsuz uçuş aparatları, rabitə sistemləri və hərbi texnologiyalar sahəsində birgə layihələrin genişlənməsi üçün yeni imkanlar yarana bilər.
Sənədin Türkiyə üçün əhəmiyyətinə gəlincə, bu Memorandum Cənubi Qafqazda strateji tərəfdaşı olan Azərbaycanla Türkiyənin təhlükəsizlik əməkdaşlığını daha yüksək səviyyəyə qaldırır. Ankara bununla bölgədəki geosiyasi mövqeyini gücləndirir və türk dövlətləri arasında təhlükəsizlik inteqrasiyasını inkişaf etdirir. Eyni zamanda, Türkiyənin müdafiə sənayesi məhsullarının və hərbi təcrübəsinin Azərbaycanda tətbiqi iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişlənməsinə şərait yaradır.
Ekspertlərin əksəriyyəti bu memorandumu 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndirir. Ratifikasiya zamanı da vurğulanıb ki, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin və Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə əməkdaşlığının daha da dərinləşdirilməsinə xidmət edir.
Etibar Seyidağa,
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ