İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzü dönmüş mister Ağanəzər

Maduro hadisəsindən sonra Tramp və komandası havaya girmiş kimi görünür – riqqətə gəlmiş, eyforik durumdadırlar.

Komanda üzvlərindən biri Meksikanı hədələyir, o biri - Kubanı, başqa biri - Kolumbiyanı. İrana barmaq tuşlayanlar, Qrenlandiyaya iddia irəli sürənlər var.

Sonuncu məsələ lap qəribədir. Bunu edən Ağ Ev rəsmisinin özü deyil, arvadıdır. “Maduronun hop götürülməsi” vaqiəsindən təsirlənən qadın Qrenlandiyanın xəritədəki əksini ABŞ bayrağının rənginə bürüyüb – yəni bu adı “yaşıl”, özü buzlu ada bizimdir.

Tramp isə onun paylaşımına qüvvə verib, təkrarlayıb ki, Qrenlandiya ABŞ-yə çox lazımdır.

Açıq-aydın hiss olunur ki, ABŞ-ni idarə edənlər artıq özlərini dünya jandarmı kimi görür, elə də aparır və bunu dünyanın yerdə qalan hissəsinin boynuna qoymaq istəyirlər.

Corc Vaşinqtondan üzü bəri ABŞ dövlətini idarə edən 45 prezidentin heç birinin administrasiyası bu qədər ötkəm, qırmızı, aqressiv olmayıb.

Bu administrasiyaların içində qlobal və lokal müharibələrə qoşulanlar, başqa dövlətlərə qarşı işğalçılıq siyasəti yeridənlər, üçüncü dünya ölkələrində çevrilişlər törədənlər, marionet rejimlər quranlar olub, amma həmişə nəzərə alıblar ki, başqa qüdrətli dövlətlər də var və onların rəyi, mövqeyi nəzərə alınmalıdır.

Tramp administrasiyası isə “bu planetin ağası bizik, uçan, qaçan, sürünən hər şeyə nəzarət bizə məxsusdur” deyir, bütün dünyaya meydan oxuyur. Folklorumuzda bu davranışın adı “Ağanəzərəm, belə gəzərəm”dir. Müasir dünyanın üzü dönmüş, başı çönmüş Ağanəzəridir mister Tramp.

Adam öz üzərinə dünyadakı bütün konfliktləri həll etmək, dondurmaq kimi bir missiya da götürüb. Onun 5 ildən sonra “35 ildir davam edən Ermənistan-Azərbaycan müharibəsini bir kəlməmlə bitirdim” deyə absurd iddia səsləndirməsinin səbəbi də budur.

İndilikdə dünya dövlətləri ABŞ administrasiyasının qəribəliklərini bir az çəkingənliklə, bir az da heyrətlə izləyirlər. Hələlik heç kəs Trampa və onun komandasına sərt etirazlar bildirmir, prosesin hara varacağını gözləyirlər.

Ancaq şübhəsizdir ki, Trampın əynindəki “dünya hegemonu” mantiyasına ilk və sərt etirazlar Avropa dövlətlərindən gələcək. Bu dövlətlərin rəhbərlərinin ABŞ-dən qorxusu yoxdur. Hamısı hakimiyyətə seçki yolu ilə gəlib, istənilən vaxt istefa verə bilərlər və Trampın bir əmrlə onları “gecəylə yataqlarından götürtmək” imkanı yoxdur.

Başqa bir məsələ də odur ki, Trampın dünya ölkələrinin yarıdan çoxunda mütləq hakimiyyətə malik olan rejim sahibləri ilə işi yoxdur. Tramp onlardan azad, qanuni, şəffaf seçkilər, demokratik mexanizmlərlə idarəçilik, insan haqlarına riayət tələb etmir, nadir torpaq materiallarına giriş, sözsüz itaət tələb edir. Bu tələblərə boyun əyənlər ölkələrini istədikləri kimi idarə edə bilərlər, bunu Tramp və onun komandasının üzvləri üçün fərqi yoxdur.

İndiyədək ABŞ Dövlət Departamentinin dünya ölkələrində demokratiyanın və insan haqlarının vəziyyətinə dair hazırladığı illik hesabatlar dərc olunardı. Artıq belə sənədlər olmayacaq. ABŞ tərəfindən müvafiq hesabatlar hazırlansa da, sırf simvolik, “adət-ənənəyə xilaf çıxmamaq” xatirinə hazırlanacaq və heç bir əhəmiyyət kəsb etməyəcək.

Başqa sözlə, 2025-ci ilədək dünyada bir Rusiya, bir ABŞ vardısa, bu gün dünyada iki Rusiya var və onların heç biri dünya dövlətlərinin demokratikləşməsində, ədalətlə idarə olunmasında maraqlı deyil.

Rusiya hər zaman aqressor müstəbidlərin (Bəşər Əsəd, Müəmmər Qəzzafi, Hüsnü Mübarək, Slabodan Miloşeviç, Robert Koçaryan və b.) səfində yer alırdısa, indi Tramp administrasiyası da eyni mövqedə olacaq.

Bəs özü də dünya ağalığı iddiasında olan, ötən əsrin 1950-88-ci illər aralığındakı əzəmətini bərpa etməyə çalışan Rusiya Ağ Evin bu cür davranışına, şəriksiz dünya hegemonu olmaq iddiasına necə yanaşır?

Görünən odur ki, Putin Rusiyası bu gedişatdan çox da narahat deyil, düşünür ki, ABŞ Rusiyanı özü kimi edə bilməsə də, Rusiya ABŞ-ni özü kimi edib, bir müddətdən sonra Trampın əndazəsini aşmış lovğalığı da ötüb keçəcək, ortada dünyadakı cazibədarlığını, cəlbedici ideologiyasını itirmiş ABŞ qalacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR