Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan ərazilərini hərbi və siyasi-diplomatik vasitələrlə azad etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb. 44 günlük Vətən müharibəsindən sonra sülh sazişi təşəbbüsünün irəli sürülməsi, delimitasiya prosesinin başlanması, kommunikasiyaların açılmasının təşviqi və Vaşinqtonda saziş mətninin paraflanması bu strategiyanın mühüm mərhələləri hesab olunur”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

R.Nəbiyev vurğulayıb ki, Vaşinqtonda 8 avqust 2025-ci ildə sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoyub: "“Bu addım Prezident İlham Əliyevin uzun illər ardıcıl şəkildə irəli sürdüyü sülh təşəbbüslərinin və beynəlxalq hüquqa əsaslanan yanaşmasının praktik nəticəsi kimi qiymətləndirilir. Artıq Paşinyan hökuməti də anlayır ki, davamlı sülh yalnız dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında mümkündür. Ötən bir il ərzində Azərbaycanın rəsmi mövqeyi baxımından xüsusi vurğulanmalı ilk məqam budur ki, 17 maddəlik sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında müqavilənin mətni razılaşdırılıb və paraflanıb. Bu isə tərəflər arasında danışıqların tamamlandığını, müqavilənin imzalanması, ratifikasiyası və icrasına başlamağın vaxtının çatdığını bir daha göstərir. Müqavilə qüvvəyə mindikdən sonra onun müddəalarına uyğun olaraq, həyata keçiriləcək ilk addımlardan biri Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, mərhələli şəkildə isə qarşılıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması olacaq. Bu baxımdan sənəd sadəcə münaqişənin başa çatmasını təsdiqləyən siyasi bəyanat deyil, iki dövlət arasında münasibətlərin gələcək arxitekturasını müəyyən edən hüquqi məcburiliyi olan beynəlxalq müqavilədir. Bütün bu addımların ardıcıllıqla reallaşmasının təmini üçün Ermənistan “ev tapşırığını” yerinə yetirib Konstitusiyasında Azərbaycan qarşı ərazi iddiasını aradan qaldırmalıdır. Azərbaycanın israr etdiyi Konstitusiya dəyişikliyi hüquqi baxımdan tam əsaslandırılmış yanaşmadır. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, eləcə də Ermənistan Konstitusiyasına görə dövlətin əsas qanunu olan Konstitusiya ilə beynəlxalq müqavilə arasında ziddiyyət yaranarsa, üstünlük Konstitusiyaya verilir. Başqa sözlə, beynəlxalq müqavilənin mövcudluğu Konstitusiyada əksini tapan ərazi iddialarını avtomatik olaraq aradan qaldırmır”.
Deputat diqqətə çatdırıb ki, əgər Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən istinad saxlanılarsa, bu, gələcəkdə sülh sazişinin ratifikasiyası, icrası və dövlətlərarası münasibətlərin inkişafı üçün davamlı hüquqi risk mənbəyi olacaq: “Bu ziddiyyət “Damokl qılıncı” kimi sülh prosesinin üzərində qalacaq və istənilən daxili siyasi dəyişiklik zamanı həmin iddiaların yenidən gündəmə gətirilməsi üçün hüquqi əsas kimi istifadə oluna bilər. Davamlı sülh isə məhz belə risklərin tam və məhdudiyyətsiz aradan qaldırılmasını tələb edir. Məhz buna görə Azərbaycan Konstitusiya dəyişikliyini əlavə siyasi şərt kimi deyil, uzunmüddətli, etibarlı və geri dönməz sülhün hüquqi təminatı kimi qiymətləndirir. Bu, eyni zamanda Ermənistanın özü üçün də gələcək münasibətlərin hüquqi sabitliyi baxımından əhəmiyyətlidir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı üçün son açıqlaması da bu yanaşmanı bir daha təsdiqlədi”.
R.Nəbiyev həmçinin, xatırladıb ki, münaqişə dövrünün institutlarından olan, nizamlanmaya məsul olan ATƏT-in Minsk qrupu de-fakto və de-yure tarixə qovuşub, ümumilikdə ATƏT-in Minsk prosesi bağlanıb: “Regionda post-münaqişə reallığı beynəlxalq səviyyədə qəbul edilib. Çoxtərəfli formatlarda, bütün beynəlxalq təşkilatlarda və ikitərəfli müstəvidə münasibətlərin inkişafı, həmçinin regional məsələlərə münasibət məhz yeni status-kvo üzərində formalaşdırlır. ATƏT-in Fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnasio Kassisin bir neçə gün öncə ölkəmizə baş tutan səfəri bu yeni reallıqların qəbulu və təqdir olunması idi. Bu səfəri ATƏT-in Cənubi Qafqazda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisi, Prezident İlham Əliyevin sülh və yeni model əməkdaşlıq təşəbbüslərinin, onun nəticələrinin həm ikitərəfli formatda İsveçrə, həm də çoxtərəfli formatda ATƏT tərəfindən dəyərləndirilməsidir. ATƏT-lə əməkdaşlıqda prioritetlər dəyişib. Bu kontekstdə post-münaqişə dövrü reallığına uyğun Azərbaycanın ATƏT-dən gözləntisi humanitar minatəmizləməyə dəstək verməsidir, məlum olduğu kimi, Azərbaycan ərazilərinin böyük hissəsi 1,5 milyon ədəd mina və partlamamış hərbi sursatla çirklənmiş vəziyyətdə qalır”.
Deputat vurğulayıb ki, son bir il ərzində regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və etimadın möhkəmləndirilməsi istiqamətində siyasi dialoq davam etdirilib: “Azərbaycan Ermənistana münasibətdə ticarət məhdudiyyətlərini aradan qaldırıb, yanacaq məhsullarının ixracını həyata keçirib, ərazisindən Ermənistanla üçüncü dövlətlərin ticari əlaqələrinin icrası üçün tranzit keçidi təmin edib. Bu proses ilk növbədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, nəqliyyat və logistika əlaqələrinin bərpası, eləcə də Cənubi Qafqazın vahid iqtisadi məkan kimi formalaşdırılması məqsədinə xidmət edir. Kommunikasiyaların açılması region ölkələri arasında ticarət dövriyyəsinin artmasına Avropa ilə Asiyanı birləşdirən tranzit imkanlarının genişlənməsinə şərait yaradacaq. Xüsusilə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini artırır və region dövlətləri üçün əlavə iqtisadi dividendlər yaradır. Zəngəzur dəhlizinin açılması isə bu imkanları daha da genişləndirəcək. Beynəlxalq təcrübə göstərir ki, ticarət, investisiya, nəqliyyat, enerji və digər iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsi uzunmüddətli sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərir. Bu baxımdan, birgə iqtisadi layihələr və regional bağlantılar yalnız iqtisadi deyil, həm də siyasi etimadın artırılması üçün vacib vasitədir.
R.Nəbiyev humanitar məsələlərlə bağlı mövqeyini də ifadə edib: “Siyasi dialoq çərçivəsində humanitar məsələlərin, xüsusi ilə itkin düşmüş 4010 nəfər azərbaycanlının taleyinin aydınlaşdırılması etimadın möhkəmləndirilməsinə xidmət edir. Qarşılıqlı hörmət əsasında vətəndaş cəmiyyəti təmsilçiləri arasındakı dialoq da regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşdırılması üçün əsas şərtlərdən biridir. Nəticə etibarilə, vurğulamaq lazımdır ki, regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün tarixi fürsət yaranıb. Bu fürsətin hüquqi və institusional müstəvidə təsbit olunmasının əsas şərti isə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bu nə qədər tez baş verərsə, sülh sazişi də o qədər tez imzalanacaq”.
Nigar Həsənli
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ