Onlayn ictimai-siyasi qəzet
“İranın ali rəhbəri Xamneyi İranı tərk etməyəcək. Yaşlı adamdır, başına hansısa hadisə də gələ bilər. Amma onun heç bir yerə getmək fikri yoxdur. İstəsə belə, onu buraxmazlar”.
Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində deyib.
O bildirib ki, bu, İranda ideoloji zəmində formalaşıb və bir şəxsə bağlı məsələ deyil:
“Ruhani zümrəsinin içərisində mütəşəkkil cinayətkar qruplar var. Ölkə iqtisadiyyatının 40 faizinə onlar rəhbərlik edir. Əsas narazılıq da ondandır. Onlar İranın əsas gəlirlərini mənimsəyirlər və ölkənin inkişaf etməsində maneəyə çevrilirlər. Çox yaxşı silahlanıblar və müqavimət imkanları böyükdür.
Şah və ya diktator başqa ölkəyə qaça bilər. Xamneyi isə dediyim zümrənin bir hissəsidir. Onun qaçması heç nəyi dəyişməyəcək. Qaçmağa da yeri yoxdur. Çünki bu zümrənin bütün terrorçuları bütün dünyaya yayılıb. Bu baxımdan ssenaridə Əli Xamneyinin qaçması yoxdur”.
Etibar Məmmədovun sözlərinə əsasən, şahın oğlu Rza Pəhləvi 40 ildən çoxdur ki, İrandan kənarda yaşayır. Nə o, ölkəni yaxşı tanıyır, nə də ölkədə onu yaxşı tanıyırlar:
“İranda şahı müdafiə edən təşkilat uzun illərdir ki, terror əməliyyatları keçirir, həm də təsir imkanları var. Qalanları isə mütəşəkkil qüvvələr deyil”.
Şahanə Rəhimli
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ