İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdəki təlimlərin GÖRÜNMƏYƏN təhlükəsi – 11 il əvvəl də... 

Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətində hərbi-dəniz təlimləri zamanı baş verən faciə regionda dəniz təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Sentyabrın 24-də hərbi təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçi dənizə düşüb.

Rəsmi məlumata görə, onlardan 12-si həlak olub, 3 nəfər xilas edilib, 2 hərbçinin axtarışı isə davam edir. Hadisə ilə əlaqədar ölkədə sentyabrın 25-i ümummilli matəm günü elan olunub. Hökumət komissiyası faciənin bütün hallarını araşdırır.

Hadisənin hava şəraitinin qəfil dəyişməsi fonunda baş verməsi hərbi-dəniz təlimlərində meteoroloji risklərin qiymətləndirilməsi, təhlükəli hava şəraitində təlimlərin dayandırılması və şəxsi heyətin xilasetmə imkanlarının nə dərəcədə hazırlıqlı olması məsələlərini də gündəmə gətirir.

Xəzər dənizi Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın sahillərini birləşdirən mühüm su hövzəsidir. Bu ölkələrin hərbi-dəniz qüvvələri müxtəlif vaxtlarda burada təlimlər keçirir. Azərbaycan və digər Xəzəryanı dövlətlər üçün dənizdə hərbi fəaliyyət zamanı şəxsi heyətin təhlükəsizliyi, fövqəladə hallara operativ reaksiya və axtarış-xilasetmə imkanları xüsusi əhəmiyyət daşıyır.

Qazaxıstanın öz hərbi-dəniz qüvvələrinin əvvəlki təlimlərində də axtarış-xilasetmə, dənizdə fövqəladə vəziyyətlərə reaksiya və şəxsi heyətin real şəraitə yaxın mühitdə fəaliyyət göstərməsi üzrə tapşırıqlar yer alıb. Bu baxımdan son hadisə belə təlimlər zamanı nəzərdə tutulan təhlükəsizlik mexanizmlərinin praktikada necə işlədiyi məsələsini də önə çıxarıb.

Bəs Xəzərdə hava şəraitinin qəfil dəyişməsi hərbi-dəniz təlimləri üçün hansı riskləri yaradır? Dənizdə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın hərbi-dəniz qüvvələrinin fəaliyyətini nəzərə alsaq, bu hadisə regionda dəniz təhlükəsizliyi baxımından hansı dərsləri ortaya qoyur?

Qeyd edək ki, Qazaxıstanın Xəzər sahilində hərbi təlimlər zamanı oxşar faciə daha əvvəl də baş verib. 2015-ci il sentyabrın 18-də “Mərkəz-2015” təlimləri çərçivəsində amfibiya-desant manevri zamanı altı BTR-80 zirehli transportyoru güclü külək və dalğalar səbəbindən batıb. Hadisə nəticəsində dörd hərbçi həlak olub. Həmin faciədən sonra aparılan araşdırmada təhlükəsizlik qaydalarının və müəyyən edilmiş təlim alqoritmlərinin pozulması, şəxsi heyətin hazırlığının yetərli olmaması və nəzarət çatışmazlığı kimi hallar müəyyən edilib. Hadisə ilə bağlı bir neçə yüksək rütbəli hərbçi məsuliyyətə cəlb olunub.

Beləliklə, 2026-cı ildə baş verən faciə Qazaxıstanın Xəzər sahilində hərbi təlimlər zamanı təhlükəsizlik məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. Hər iki hadisədə hava şəraitinin kəskin dəyişməsi və güclü külək əsas amillərdən biri kimi göstərilir.

Emin Həsənli: “Həqiqi hərbi xidmətə çağırış prosedurası geniş təhlillərlə  müəyyənləşdirilir”

Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Heç bir ölkə, heç bir ordu belə hallardan sığortalanmayıb. Dünyanın ən müasir dövlətlərində, ən müasir ordularında da belə hadisələr baş verir. Allah Qazaxıstanda həlak olan hərbçilərə rəhmət eləsin. Onlar xidməti vəzifələrini yerinə yetirərkən həyatlarını itiriblər. Azərbaycan dövləti də bu məsələni diqqətdə saxlayır. Ümumiyyətlə, biz istəyirik ki, Xəzər hərbiləşdirilmiş məkan olmasın, hərbi qarşıdurma yeri deyil, sülh dənizi olsun. Azərbaycan dövləti də bunun üçün lazım olan addımları atır.

Qazaxıstan bizim müttəfiq və qardaş dövlətimizdir, Türk Dövlətləri Təşkilatının üzvüdür. Azərbaycan dövləti həm dənizdə, həm havada, həm də quruda Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin olunması, təlimlər zamanı belə itkilərin baş verməməsi üçün maksimum çalışır. Şükürlər olsun ki, Azərbaycan dövləti buna böyük ölçüdə nail olub.

Əlbəttə, heç bir dövlət belə hadisələrdən tam sığortalanmayıb. Nə baş verəcəyini heç kim əvvəlcədən bilə bilməz. Amma təbii ki, belə halların qarşısının alınması üçün bütün tədbirlər görülməli, təlimlər zamanı təhlükəsizlik məsələlərinə son dərəcə ciddi və məsuliyyətli yanaşılmalıdır. Hərbçi peşəsi böyük məsuliyyət tələb edən peşədir. Artıq hadisə baş verib. Biz də həlak olan hərbçilərə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına səbir, yaralananlara isə şəfa arzulayırıq”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR