Onlayn ictimai-siyasi qəzet
“Ermənistan və İran arasında TRİPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub”. Bu açıqlamanı parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib. Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.
“Ermənistan və İran arasında TRİPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub və hesab etmirəm ki, İran-Amerika münasibətlərindəki gərginlik bu proqramın həyata keçirilməsinə təsir göstərə bilər. Dəmir yolu məsələsi gündəmdədir. Hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu öyrənilir. Yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq. Mən siyasi maneə görmürəm”, – Xandanyan qeyd edib.
Deputat əlavə edib ki, İrəvan Vaşinqton və Tehran arasında mümkün qədər tez sülh əldə olunacağına ümid edir.
İran doğrudanmı Zəngəzur dəhlizini daha təhlükə saymır? Bakı və İrəvan arxayın ola bilərmi?

Deputat Elşad Musayevin sözlərinə görə, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklik müşahidə etmir. Onun fikrincə, bu mövzuda rəsmilərin çıxışları əsas götürülür: "Erməni tərəfdən isə hakim partiyanın parlament üzvü belə bir açıqlama yayıb. Əgər Tehran razılaşıbsa, buna yalnız müsbət hal kimi baxmaq lazımdır. Sadəcə, İran əvvəldən bəyan edir ki, bu logistikanın əleyhinədir. Guya Cənubi Qafqazın "tarixi sərhədləri" dəyişir. Halbuki bu marşrutdan İran da faydalana bilər. Əslində, elə yeganə istəyi də bundan ibarətdir".
Deputatın fikrincə, prezidentin AzTV-yə müsahibəsində Zəngəzurla bağlı söylədikləri daha vacibdir: "Dövlət başçısı qeyd etdi ki, bu layihə reallaşacaq. Hətta yubanmasının səbəblərinə toxundu. Bizim üçün mühüm olan prezidentin dedikləridir, çünki məlumatlıdır. İranın isə Ermənistanla razılaşması inandırıcı görünmür. SEPAH bu məsələdə radikal mövqedə dayanır. Nəzərə alaq ki, Trampın adını daşıyan bir layihə olduğu üçün İran ikiqat həzm etmir. Ancaq onun maraqları hansısa şəkildə təmin oluna bilər".
Emil Salamoğlu
Musavat.com
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ