Onlayn ictimai-siyasi qəzet
Vəkil Cavad Cavadov: “Məqsəd cəzalandırmaq yox, zərərin bərpası və resursların daha səmərəli istifadəsidir”
Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib.
Musavat.com xəbər verir ki, yeni dəyişikliklərə əsasən, iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlər üzrə şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün yeni mexanizm müəyyən edilir.
Qanuna əsasən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabətin məhdudlaşdırılması və digər iqtisadi xarakterli cinayətləri törətmiş şəxslər vurulmuş zərəri tam ödədikləri, həmçinin əlavə olaraq dövlət büdcəsinə həmin zərərin 50 faizi həcmində vəsait köçürdükləri halda cinayət məsuliyyətindən azad edilə biləcəklər.
Bu dəyişiklik təkcə iqtisadi münasibətlərə deyil, eyni zamanda penitensiar sistemə – yəni cəzaçəkmə müəssisələrindəki yükə də təsir göstərə bilər.
Hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sayı təxminən 27,7 min nəfər təşkil edir. Avropa Şurasının məlumatları əsasında hazırlanan World Prison Brief bazasının son göstəricilərinə görə, 2025-ci ilin əvvəlinə Azərbaycanın penitensiar sistemində 27 min 673 məhbus olub. Sistemin rəsmi tutumu isə 28 min 150 yer göstərilir və doluluq səviyyəsi 98,3 faiz təşkil edir.
Həmin statistikaya görə, həbsdə olan şəxslərin 5 min 748 nəfəri istintaq dövründə saxlanılan şəxslərdir ki, bu da ümumi məhbus sayının 20,8 faizini təşkil edir.
Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış vəkil Cavad Cavadov bildirib ki, yeni dəyişikliklər cinayət siyasətində daha balanslı yanaşmanın formalaşmasına xidmət edir.
“İqtisadi cinayətlər üzrə əsas məqsəd həmişə yalnız şəxsin azadlıqdan məhrum edilməsi olmamalıdır. Əsas məqsədlərdən biri vurulmuş zərərin aradan qaldırılması, dövlətin və zərərçəkmiş şəxslərin maraqlarının bərpasıdır. Əgər şəxs həm dəymiş zərəri tam ödəyir, həm də dövlət büdcəsinə əlavə ödəniş edirsə, hüquqi baxımdan cəzanın məqsədlərinə alternativ mexanizm yaranır”, - deyə vəkil bildirib.
Cavad Cavadov qeyd edib ki, bu yanaşma penitensiar sistemə də müəyyən təsir göstərə bilər:
“Azadlıqdan məhrum etmə cəzası dövlət üçün də ciddi resurs tələb edir. Məhkumun saxlanılması, tibbi təminatı, təhlükəsizliyi və digər xərclər dövlət büdcəsinin üzərinə düşür. Əgər iqtisadi cinayət törətmiş şəxs vurduğu zərəri ödəyərək cəmiyyətdə qalırsa və iqtisadi fəaliyyətini qanuni çərçivədə davam etdirirsə, bu həm dövlət, həm də cəmiyyət üçün daha səmərəli nəticə verə bilər”.
Vəkilin sözlərinə görə, dünyada da iqtisadi xarakterli cinayətlər üzrə alternativ hüquqi mexanizmlər geniş tətbiq olunur:
“Bir çox ölkələrdə iqtisadi cinayətlər üzrə əsas hədəf mümkün qədər kompensasiya mexanizmlərinin işləməsidir. Çünki həbs hər zaman ən effektiv vasitə deyil. Əsas məsələ zərərin aradan qaldırılması və gələcəkdə oxşar halların qarşısının alınmasıdır”.
Cavad Cavadov vurğulayıb ki, yeni dəyişiklik həbs cəzasının tamamilə aradan qalxması anlamına gəlmir:
“Bu norma pulunu ödə, cinayətdən qurtul prinsipi deyil. Söhbət yalnız qanunda göstərilən cinayət tərkiblərindən, müəyyən edilmiş şərtlərin tam yerinə yetirilməsindən və hüquqi qiymətləndirmədən gedir. Ağır nəticələr doğuran, təkrar və ya qəsdən törədilən əməllər üçün məsuliyyət məsələsi ayrıca qiymətləndiriləcək”.
Cavad Cavadov deyib ki, yeni mexanizm gələcəkdə istintaq və məhkəmə orqanlarının iqtisadi cinayətlər üzrə yanaşmasına da təsir göstərə bilər:
“Burada əsas dəyişiklik ondan ibarətdir ki, dövlət cinayətə yalnız cəza prizmasından deyil, iqtisadi itkilərin bərpası prizmasından da yanaşır. Bu isə həm sahibkarlıq mühitinə, həm də penitensiar sistemin yükünün optimallaşdırılmasına müsbət təsir edə bilər.
Beləliklə, iqtisadi cinayətlər üzrə tətbiq ediləcək yeni mexanizm bir tərəfdən dövlət büdcəsinə əlavə daxilolmaları artırmaq, digər tərəfdən isə cəzaçəkmə müəssisələrində əlavə yükün yaranmasının qarşısını almaq məqsədi daşıyan hüquqi alətə çevrilə bilər".
E.Məmmədəliyev, Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ