Onlayn ictimai-siyasi qəzet
Gözəl şairimiz, mərhum Nüsrət Kəsəmənlinin uzun illər öncə yazdığı bir şeir var. Əla şeirdir. İndiki yaradıcı gənclər bəlkə də ona “publisistik şeir” deyərlər, amma elədirsə də, hətta “analitik təhlil şeiri”, nə bilim, “press-reliz poeziyası”dırsa da, mənə görə, gözəl şeirdir.
“Qırmızı kitab” adlanan o nəzm parçasında şair sevib ailə quranların azaldığını, ailələrin hesab-kitabla qurulduğunu yazır və qeyd edir ki, isməti “Qrmızı kitab”a yazmaq lazımdır. Müasir həyatdakı boşanma statistikasını nəzərdən keçirəndə görürsən ki, şair haqlıdır. Ayrılan cütlüklərin tam əksəriyyəti hesab-kitabı düz gəlməyənlərdir. Məhkəmə proseslərində isə ortada nəinki ismət, hətta adi abır-həya da olmur. (Hərçənd ötən illərdə bir xanım qızının ailəsinin uğurlu şəkildə dağılması münasibətilə əzizləri ilə birlikdə hakimin uyğun hökmünü ayaqüstə alqışlamış və ürəyindən qara qanlar axan qadın hakimi şoka salmışdı).
Daha bir bənddə şair yerindən qalxıb qocalara yer verməyənlərdən yazır və hörməti “Qırmızı kitab”a yazmağı təklif edir. Gerçəkdən də indiki 18-20 yaşlı gənclərin çoxu nəinki ağsaqqal-ağbirçəklərə, heç hamilə qadınlara və əlillərə də yer vermirlər, qulaqların qulaqlıq taxır, gözlərini mobil telefona dikir, hamını görməzliyə vururlar. Onlara haqq qazandıranlar da çoxdur, deyirlər, pul ödəyiblər, niyə ayaq üstə getsinlər.
Elə olmağına elədir, amma hörmət, mərhəmət deyilən bir şey də var axı. Başqalarına hörmət qoymayanda, mərhəmət göstərməyəndə, gün gəlir, özün də hörmət, mərhəmət görmürsən və bu, sənin xətrinə dəyir. Hörmət və mərhəmət elə şeydir ki, cəngəllikdə olmur (əlinə düşən yaralı quşa mərhəmət edən çaqqal-tülkü olmayıb indiyədək), amma insan cəmiyyətində olmalıdır. Biz nə ayıyıq, nə şir-pələng. Görürsən, ağbirçək nənədir, ayaq üstə dayanmağa çətinlik çəkir, dur, de ki, gəl əyləş, nənə. O gün elə bir epizod oldu, gənclər yerlərindən qımzanmadı, bir 60+ dayday qalxıb yerini hamilə olduğu sezilən gənc qadına verdi. O da Allah tərəfi, “sağ ol” mənasında başını tərpətdi.
Xüləs, yuxarıda sözü gedən “Qırmız kitab” adlı şeirin bir bəndi də belədir:
Bir ana çevrilir neçə qərinə,
Azalır dünyadan möcüzə uman.
Pusquda dayanan raketlərilə
Yaman adiləşir bu dünya, yaman
Heyrəti “Qırmızı kitab”a yazın!..
22 il əvvəl vəfat etmiş Nüsrət Kəsəmənli bu şeiri ən azı 23-24 il əvvəl yazıb. Ancaq şairdə fəhmə, intuisiyaya baxın ki, “pusquda dayanan raket”lərdən bəhs edib. Hələ misralarda söz oyunu da var, raketlər həm pusquda, həm də “pusk”da dayana bilir, hazırda bir xeyli ölkədə barmaqla raketlərin “pusk” düyməsini basırlar, çoxmərtəbəli bina “kotlovan”ına qədər darmadağın olur.
Ən qəribəsi də odur ki, ta heyrətlənən yoxdur, çünki heyrət artıq çoxdan “Qırmızı kitab”a yazılıb. Rusiya Ukraynanı raketlərlə şumlayır, heyrətlənən yoxdur, Ukrayna Kazandakı, Qroznıdakı obyektləri dronla vurur, heç kim təəccüblənmir. Tramp Ukraynaya “təslim ol, canını qurtar” deyir, yalnız Avropa liderləri nervilənir, Putin “elə edərik ki, Ukraynanın dənizə çıxışı olmaz” deyir, bir kimsənin tükü tərpənmir. Sanki belə də olmalıdır. Güclüdür də, güclülər həmişə haqlıdır – düşüncə budur.
Daha dünyadan möcüzə, daha dəqiqi, ədalət uman da yoxdur. “Başlı başını saxlasın” dövrü başlayıb. Şirlərin menyusu dəqiqləşib, şikarların ən saytalı, ətli-yağlısı onlara çatmalıdır. Otyeyənlər birtəhər başlarını dolandırmalıdır. Qarğa-quzğunların, çaqqal və goreşənlərin vecinə deyil, şirlərin süfrəsindən qalan artıq-urtuqlar onlara bəsdir.
Biz yaxşı ki, o vaxt torpaq məsələmizi həll elədik, indiyə qalsaydı, bilmək olmazdı. Baxın, Qafqaz sıra dağlarının anrı tərəfində kompakt yaşayan haylar deyirlər, “ayağa qalxmalıyıq, Qarabağı özümüzə birləşdirməliyik, məsələ bitməlidir”. Hiss edirsən ki, Züleyxaya dil verən var (“Mehman” filmindən zərbül-məsəl).
Amma sülh yaradılışı üzrə tərəf-müqabilimizin revanşist müxalifləri anlamırlar ki, biz qeyrəti, şücaəti, mətanəti və sair qafiyəyə düz gələn insani keyfiyyətləri hələ “Qırmızı kitab”a yazmamışıq. Bizim də raketlərimizun “pusk” düyməsi işləyir, dron uçurdanlarımız da hazırdır, sıldırım qayalara dırmaşa bilən əsgərlərimiz də artıq çəki almayıblar, yenə də qoçaq və qıvraqdırlar.
Şair belə bir söz də deyib: “Dünya köhnə dünyadır”. Bəli, dünya köhnə dünyadır, sadəcə, rindu-şeydaları, yəni gicquluları təzədir.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ