Onlayn ictimai-siyasi qəzet
Bir rəfiq var, deyir, son vaxtlar Çində rüşvət və korrupsiya üstündə edam edilən məmurlar barədə xəbəri fərəhlə oxuyur.
Deyirəm, yaxşı şakər deyil. O tərəfdə hüzn, kədər, nə bilim, qanqaraçılıq, bu tərəfdə sən edam xəbərlərindən həzz alırsan.
Adam düşünür ki, nə yaxşı, bizdə elə şey yoxdur. Rüsvayçılıq olardı. Təsəvvür edin, nə qədər İH başçısı və onlardan yuxarı, eləcə də aşağı ranqlı məmur əlli-ayaqlı gedərdi, minlərlə ailə gözüyaşlı qalardı. 20-30 ildən sonra onlar ANS-də repressiyadan-filandan danışardılar, deyərdilər, “qorxunc 20-ci illərdə çox məşəqqətlər yaşadıq, Antalyadakı evlərimizi satdıq, şirkətlərimizi bağladılar, villalarımızı müsadirə etdilər, “Maybax”lardan düşüb, “Nissan”lara mindik, zülm çəkdik”.
Günahsız korrupsionerlərin məhzun taleyi insanların qəlbini sızladardı.
Çində belə deyil, korrupsiyaya görə edam olunmuş adamlaraa bəraət vermirlər. Adamın günahı sübut olunub, məhkəmə instansiyaları ard-arda hökmü qüvvədə saxlayıb, iş bitib.
Dünən Çində investisiya şirkətinin keçmiş baş direktoru Bay Tyanhueyin başına belə bir iş gəlib. Məhkəmə instansiyaları 2024-cü ilin mayından bəri Bay bəyi mühakimə edə-edə gəliblər və axırda qərar veriblər ki, adama bəraət yoxdur.
Bay əfəndi korrupsiya ilə yüngülvarı məşğul olmayıbmış, cəmi-cümlətanı 156 milyon dollar rüşvət alıbmış. 1 milyon deyil, 5 milyon deyil, hansı hakim riskə gedərək, belə yaramaz rüşvətxora bəraət verər? Söhbət, əlbəttə ki, Çindən gedir. Çində mümkün deyil. Amma, məsələn, Hondurasda, Seneqalda, Peruda olsa, bəlkə də adam aldığı rüşvətin 150 milyonunu paylayıb canını qurtara bilərdi.
Əslində heç bu da pis variant deyil. 150 milyonu verirsən, boğazını ipdən və ya peysərini güllədən xilas edirsən, 6 milyon qabağa düşürsən, özün üçün yaşayırsan. Çin isə başqa cürdür. Orda totalitarizmdir. İnsan haqlarına riayət etmirlər. Rüşvət üstə ilişənin kəlləsi də gedir, yığdıqlarını da müsadirə edirlər.
Özü də yazıq Bay Tyanhuey baş direktor vəzifəsində cəmi 4 il işləyib - 2014-2018-ci illərdə. Elə bu qısa müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib və ilişib. Heç demə, ondan əvvəl bu vəzifədə işləyən Lay Syaomini də eyni əməl görə edam ediblər. O da külli miqdarda rüşvət alıbmış. Beləcə, Bay da Layın dalınca gedib.
Bu yerdə adamın Tyamhueyə acığı tutur: zalım oğlu, görürsən ki, səndən əvvəlkini bu iş üstdə tutublar, tamahını boğ də, sən ondan artıq oğlansan? Onu tutan səni tutmayacaq?
Bir var, məsələn, Nigeriyada bütün məmurlar korrupsioner ola və bu üzdən heç kəs heç kəsi tutmaya, bir də var, dövlətdə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparıla, əli əyilənlərin biləyindən yapışıb içəri basalar.
Ona görə də adam bir tərəfdən sevinir ki, nə yaxşı, bizdə Çində olduğu kimi sərt hökmlər çıxarılmır, o biri tərəfdən də həsəd aparır ki, keşkə, bizdə də Çindəki kimi qanun-qayda olaydı, talan-qarət olmayaydı.
Di gəl, şair demişkən, iki hissin əlində gəl oynama sən, gülüm. Çindəki kimi sərt qanunlar və total nəzarət olsa, nə qədər tanış-biliş içəri gedəcək, olmayanda da eyzən ordan-burdan xəbər gəlir ki, 3-4 milyonu basıb yedilər, 1 milyonuq iş görmədilər.
Hökumət istəsə də Çindəki kimi edə bilməz. İctimaiyyət (tutulanların qohumları, keçmiş işçiləri, yerliləri) ayağa qalxar, etiraz edər, deyər, ta nə oldu, niyə Stalin dövrünə qayıdırsınız. Xəlil Rza Ulutürkdən şeir söyləyərlər: “Davam edir 37, daha kəskin, daha ciddi”.
Zarafat etmirəm. İnanmayan indiyədək korrupsiyada ittiham edilərək tutulanları müdafiə edənlərin yazdığı şərhələrə baxsın. Hamısı yazır ki, “yıxılana balta çalırsınız”, “varlıların pulunu sayırsınız”, “özünüz vəzifədə olsanız, guya pul yığmazdınızmı”, “onlar vəzifədə olanda niyə yazmırdınız” və s.
Sadə bir cavab: onlar vəzifədə olanda varidatlarının natamam siyahısını yazsaydıq, bizi məhkəməyə verər, tutdurardılar. İndi, özləri tutulanda da yazmamalıyıq ki, bu, kişilikdən deyil. Yəni dövlətin büdcəsini, xalqın cibini soymaq kişilikdəndir, amma bu barədə nə əvvəl, nə də sonra yazmaq, danışmaq olmaz. Kişilik kriteriyaları izn vermir.
Çində elə deyil. Orada korrupsioneri müdafiə etməyə pis baxırlar və şeir-şüar qışqırmağa imkan vermirlər. Rüşvətlə tutulu, vəssalam. Nə bəraət, nə “məhkəmə salonundan azad etmək”, nə “dəymiş ziyanı ödətdirərək icbari iş kəsmək”, elə şey yoxdur.
Kim bilir, bəlkə Çin möcüzəsinin səbəblərindən biri də bu total qanunpərəstlikdir?
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
24 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ