İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekstra diksiyanın təhlükəsi – dövlətlər anlaşır, asilər qandallanır

Özbəkistan prezidenti Şavkat Mirziyoyevi açıq efirdə təhqir edən özbək bloqerin Azərbaycanda saxlanılaraq Özbəkistana təhvil veriməsi, orada isə 4 illik həbs cəzasına məhkum edilməsi göstərir ki, qloballaşan dünyada belə şeylərin axırı yoxdur.

Ad-soyadının baş hərfləri (A.Y.) göstərilən şəxs Mirziyoyevi 2023-cü ilin fevral ayında Almatı şəhərində olarkən təhqir edib, “TikTok”-da canlı yayım açıb, Şavkat müəllimin haqqında yava-yava danışıb.

Onun nəyə görə belə hərəkət etməsinin səbəbi açıqlanmır, amma orası bəllidir ki, ondan sonra A.Y. daha Özbəkistana qayıtmayıb. Belə görünür ki, o, Almatıdan Azərbaycana gəlib, bir müddət burada gizlənib, sonra yaxalanıb. Əslində A.Y. Qazaxıstanda qalsaydı, Qırğızıstana və ya Türkmənistana keçsəydi, hətta Türkiyəyə sığınsaydı da, onu tutub Özbəkistana verəcəkdilər. Çünki bu ölkələr müttəfiqdirlər, TDT-də birləşiblər, onlar üçün hər hansı bloqerin taleyinin qara quruş qədər dəyəri yoxdur.

İndi özbək bloqer səsləndirdiyi təhqirlərə görə peşman olduğunu, bir daha belə şeylər etməyəcəyini deyir. Əlbəttə, etməyəcək. İndi xirtdəyi əldədir, 4 illik cəzasını çəkəndən sonra da ölkədən kənara buraxmayacaqlar, həmişə nəzarətdə olacaq, məcburən ağzına yiyəlik edəcək.

Ölkədən kənarda olanda vətəndə istənilən adamı, sıravi şəxslərdən tutmuş yüksək mənsəbli məmurlara qədər hər kəsi cəzasız bir şəkildə təhqir etmək, hədələmək mümkündür, vətəndə olanda isə onun yüzdə birini etmək mümkün deyil. Birincisi, dövlətin yazılmış qanunları, ikincisi, cəmiyyətin yazılmamış qanunları var. Təhqir edilən şəxs günün birində təhqir edənin evinə, iş yerinə gələ və deyə bilər ki, indi o dediklərini üzümə de. Bax, bunu etmək hər adamın işi deyil, üz üzdən utanar.

İllər keçdikcə, başqa ölkələrə sığınan cinayətkarların və özünü cəzasızlıq mühitində hiss edərək xoşuna gəlməyən hər kəsi təhqir edənlərin öz ölkələrinə ekstradisiya edilməsi halları artır. Dövlətlər bir-birilə uyğun müqavilər bağlayır, müxtəlif sazişlər imzalayır, yaxınlaşır, dil tapırlar və alış-verişin içində diksiyası ekstra olan şəxslər də olur.

1994-cü ilin oktyabrında ikinci dəfə dövlət çevrilişi edərək, Heydər Əliyevi də Əbülfəz Elçibəyin ardınca Naxçıvana göndərmək (ən azı) istəyən Surət Hüseynov çox çəkmədən, özü demişkən, Rusiyada bənd aldı. Çünki o, rusların maşası olmuşdu, orda general dostları vardı, Rusiya dövlətinin himayəsinə bel bağlayırdı. Ancaq o, Rusiyada cəmi 3 il qala bildi. H.Əliyev “politbüro” yoldaşı Boris Yeltsinlə (RF prezidenti) anlaşdı və S.Hüseynov qolu qandallı şəkildə Azərbaycana ekstradisiya edildi.

Eyni aqibət sabiq müdafiə naziri Rəhim Qazıyevin də başına gəldi. O, MTN-nin təcridxanasından qaçırıldıqdan sonra Rusiyaya sığınmışdı. Rusiya dövləti onu da (eləcə də yüzlərlə başqalarını) Bakıya təhvil verdi.

Ancaq Rusiya heç də sona qədər səxavətli olmadı, rəsmi Bakı israrla tələb etsə də, Kreml eks-prezident Ayaz Mütəllibovu və sabiq DTK rəhbəri Vaqif Hüseynovu ekstradisiya etmədi. Belə anlaşıldı ki, S.Hüseynov və R.Qazıyevdən fərqli olaraq, A.Mütəllibov və V.Hüseynov Moskva üçün daha iri və mühüm fiqurlardır.

Məlum olduğu kimi, Kreml Mütəllibova qarşı sonadək diqqətli oldu, hətta Bakıdan onun təhlükəsizliyinə zəmanət alaraq, eks-prezidentin ömrünün axır illərini öz vətənində, qohumlarının əhatəsində yaşamasını təmin etdi.

Kremlin siyasəti belədir: “Xırda adamlar sizə qurbandır, mühüm personalar bizimdir, sona qədər qoruyacağıq”.

Hazırda bir sıra Avropa dövlətləri sığınacaq verdiyi bloqerləri himayə edir, onlar da sərt ifadələr, təhqiramiz epitetlərlə, danışırlar, sözləri əndazəsini aşmış tələffüzlə dilə gətirirlər, bilirlər ki, indiki halda Azərbaycanla müəyyən intriqaları olan dövlətlər onları Bakıya ekstradisiya etməzlər.

Azərbaycanın hüquq-mühafizə orqanlarının bu şəxslər barədə həbs cəzası hökmü çıxarması boşuna deyil, bu, gələcək ekstradisiya aktları üçün hüquqi baza deməkdir. Gələcəkdə həmin dövlətlərdə hakimiyyət dəyişikliyi olsa (və mütləq olacaq), hakimiyyətə trampkimilər fəsiləsindən olan qüvvələr gəlsə (tendensiya onların gələcəyini göstərir), o zaman yeni iqtidarlar miqrant bloqerlərin nazıyla oynamayacaqlar, hansısa sazişin müqabilində adamları tələb edən ünvana çatdıracaqlar.

Tarixdə minlərlə belə fakt var. Dövlətlər üçün bir, üç, on, yüz adamın taleyi olduqca xırda şeydir, əsas dövlətin bu cür alış-verişlərdən nə qazanmasıdır.

Ona görə də xaricdəki bloqerlər “gözü çıxan özbək qardaş”ın aqibətindən dərs çıxarmalı, dillərini şirin etməlidirlər. Amma bəlkə də artıq gecdir.

P.S. “Ekstra diksiya”nı “ekstradisiya” ilə qarışdırmamalı. İkincini bilirsiniz, birinci əndazəsini aşmış tələffüz tərzini nəzərdə tutur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Avqust 2026

14 Avqust 2026

12 Avqust 2026

06 Avqust 2026

04 Avqust 2026

02 Avqust 2026

31 Iyul 2026

28 Iyul 2026

26 Iyul 2026

23 Iyul 2026

21 Iyul 2026

18 Iyul 2026

14 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

07 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

22 Iyun 2026

20 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

13 Iyun 2026

11 Iyun 2026

09 Iyun 2026

07 Iyun 2026