İnsanlara hürriyət, millətlərə istiqlal!

150 ballıq tələbələr və ayda 10 min avro qazanan dərzi

“150 balla universitetə qəbul” mövzusuna bir az uzaqdan, Norveçdən gəlmək lazım oldu.

İki-üç həftə öncə həmin ölkədə yaşayan tanınmış həmvətənlərimizdən biri sosial şəbəkədə özüylə bağlı maraqlı epizoddan bəhs etmişdi. Soydaşımız yazırdı ki, 20 avroya libas alıb, əyninə rahat olmadığı üçün onu dərzidə düzəltdirmək istəyib, 15 gün növbə gözlədikdən sonra 60 avro verərək paltarı öz bədən ölçüsünə uyğunlaşdırıb.

Həmvətənimiz bu detalı qabartmaqla demək istəyirdi ki, Norveçdə, eləcə də digər Avropa ölkələrində dərzilik kimi işlərdə çalışanlar çox azdır, ona görə də insanlar onların “qəbuluna düşmək” üçün növbə gözləyir və adi bir xidmət üçün bir ətək pul verməli olurlar. Alternativləri yoxdur.

Başqa sözlə, müasir avropalılar belə işlərdə çalışmağı özlərinə yaraşdırmırlar, ona görə də bu “qara işlər”də üçüncü dünya ölkələrindən gələnlər, miqrantlar işləyir.

İndi hesablayaq, bir dərzi qadının 15 gün sonraya belə növbəsini gözləyən varsa və o, həftədə 5 gün, gün ərzində isə 7 saat çalışaraq, 10-15 müştəriyə xidmət göstərirsə və çəkdiyi zəhmətə görə hərəsindən ortalama 40-50 avro əməkhaqqı alırsa, onun aylıq qazancı nə qədər olur. Təvazökar hesablama ilə o qadının aylıq qazancı 10 min avronu aşır. Bizim pulla 2O min. Daha bunun harası “qara iş” oldu?

Bir dərzilik deyil, Avropa ölkələrində artıq bərbər çatışmazlığı da var və ölkəmizdən gedən yüzlərlə bərbər o ölkələrdə yerləşib, işləyirlər.

Bir sözlə, yeni avropalılar rahat və yüksək qazanclı işlərdə çalışmağa üstünlük verdiklərindən bu kimi xidmət işlərində, eləcə də inşaat kimi ağır işlərdə çalışanlar azdır.

Eyni tendensiya neçə vaxtdır Rusiyada da müşahidə olunur. Bu ölkə “qara iş” görən yüz minlərlə miqranta ehtiyac duyur. Eyni zamanda dövlət son 2-3 ildə Qafqazdan və Orta Asiya ölkələrindən olan miqrantara qarşı kampaniya aparır, onları deportasiya edir. Rusiyalı iş adamları əmək bazarında yaranmış boşluğu doldurmaq üçün Nepal, Banqladeş, Hindistan, Pakistan, Şimali Koreya kimi ölkələrdən qastarbayter cəlb edirlər.

Yadınızdadırsa, bu ilin əvvəlində bir sıra Rusiya şəhərləri qarın-buzun altına qalmışdı – təmizlikçi miqrantlar qovulub, yerli əhali kürəkeşə əl uzatmır, ta necə olsun?

“Elitar”, “əl-ayağı təmiz”, “ofis işləri”ndə çalışmağa meyl artıq bizim ölkəmizə də gəlib. Əslində bu, hələ sovet dövründən vardı, son illərdə daha da geniş yayılıb. İnsanlar zəhmət, diqqət, xüsusi qabiliyyət tələb edən işlərdə çalışmaq istəmirlər, maaşı az olsa da, qışda isti, yayda sərin məkanlarda, özlərinə zəhmət vermədən işləmək istəyirlər.

Bu, bəlkə də normaldır və hamının doğal haqqıdır. Allah heç kəsi başqalarına nökərçilik etmək üçün yaratmayıb. Amma bu, “sən ağa, mən ağa, inəkləri kim sağa” situasiyası yaradır. Ona görə də hazırda iki qoşa saat dərs deyərək 30 manat qazanan universitet professoru avtomobilini 15-20 dəqiqənin içində sazlayan ustaya 35-40 manat zəhməthaqqı verir.

Əlləri biləyinə qədər mazutun içində olan, iş vaxtı bitəndə onları əvvəlcə benzinlə, sonra yuyucu tozla yuyan ustalar var, aylıq qazancları (halal xoşları olsun, xeyir işə xərcləsinlər) 5-7 min manatdan çox tutur. (Xüsusilə də işinə vicdanla yanaşan, müştəriyə kələk gəlməyən ustalar).

İndi xəbər yayılır ki, 150 balla universitetə qəbul mümkün olacaqmış. 700 ballıq sistemin fonunda 150 bal, sovet dövrünün bal şkalası ilə nisbətdə -2 deməkdir, hələ ondan da aşağıdır. Bu, o deməkdir ki, 150 bal toplayan abituriyentin bilik səviyyəsi texniki-peşə məktəbinin müdaviminin səviyyəsinə uyğundur və o, universitetdə oxumalı deyil, gedib özünə bir peşə (dərzilik, bərbərlik, çilingərlik, motoristlik, malyarlıq, qaynaqçılıq və sair və ilaxır) seçməli, onu mükəmməl öyrənməli və ruzisini qazanmalıdır. Hamı həkim, diplomat, hakim, məmur, biznesmen, menecer ola bilməz.

Burada heç bir ayıb iş yoxdur. Əsas məsələ stabil və normal pul qazanmaqdırsa, yaxşı usta olandan sonra bu sayılan peşələrin qazancı, yuxarıda ərz etdiyimiz kimi az deyil. Hələ perspektivi də var – yaxşı ustalar ildən-ilə azalır. Çünki Avropanın havası buraları da vurur.

Ən pisi odur ki, 150 bal ilə hansısa universitetə daxil olan, 4 ildən sonra o təhsil müəssisəsinin diplomunu alaraq məzuna çevrilənlərin çoxu işsiz-gücsüz qalır. Çünki müasir dövrdə bir sıra sahələrdə “ali təhsilli mütəxəssis”ə ehtiyac duyulmur, üstəlik, dövlət qulluğuna imtahan vermək də lazımdır. Əlində diplomu olanlar isə artıq “qara peşə” öyrənməyə tənəzzül etmirlər.

Bu yaxınlarda Türkiyədə yüksək balla universitetə daxil olan, ancaq oxumağı buraxaraq, məhəllə bərbərinin yanında şagird kimi çalşmağa başlamış bir gənc haqqında belə yazmışdılar: “O, süni intellekt vasitəsilə araşdırıb, öyrənib ki, inkişaf etmiş texnologiyalar bu peşəni sıradan çıxara bilməyəcəklər”.

P.S. Ölkəmizdə minlərlə ali təhsilli adam müxtəlif sahələrdə ustalıq edirlər, “ixtisaslarına uyğun rahat iş” axtarmırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR