Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə yüz minlərlə üzvü olan əsas sosial şəbəkə artıq dözülməz bir virtual məkana çevrilməkdədir.
İnsan din-məzhəb təbliğatı aparanların statuslarını, şərhlərini nə qədər oxuyar? Real həyatda da elədir: hara gedirsən, mütləq dini mövzularda intriqalı söhbətlər gedir – başqa iş-güc, dərd-sər yoxmuş kimi.
Açıq şəkildə yarışma gedir: məzhəbçilər, ayrı-ayrı təriqət, sekta üzvləri öz dini inanclarını oyur, başqalarını “kafir” sayır. Hamısının məzhəbi “daha doğru”dur. Hamısı da Allahən adından danışır.
Bir də var, din pərdəsinə bürünərək, konkret xarici dövlətiin “haqq işi”ni təbliğ edənlər və həmin dövlətin düşmənlərini söyənlər.
Məsələ bununla bitsəydi, nə vardı ki? Azərbaycan vətəndaşı olan, özünü ikinci dövlətin təbəəsi kimi aparan, üçüncü dövlətə qarşı “vuruşan”, dördüncü dövləti lənətləyən yüzlərlə, hətta minlərlə adam var.
Son vaxtlar da elə bil, hamısının pleyerinə vahid fleş-kart daxil olub: ağzını açan sionistlərdən danışır, iki kəlmələrindən biri “cuhud”lardır. Kim bunların aşiq olduğu dövlətin xarici siyasəti ilə bağlı əks fikirdə olsa, avtomatik olaraq, “sionist”, “cuhud qulu” adlandırılır.
Çox bezdiricidir. Öz vətəndaşlarımız başqa bir dövlətin mənafeyi naminə öz həmvətənlərini lənətləyir, bununla kifayətlənmir, ağıza alınmayacaq söyüşlər yazırlar.
Bu, necə möminlikdir ki, bəddua ilə başlayır, söyüşlə davam edirlər? Söyüş (küfr) olan yerdə möminlik bitmirmi, ibadətlər sıfırlanmırmı?
Amma bunun həmin o şəxslərə dəxli yoxdur. Onların konkret missiyaları var: sosial şəbəkələrdə terror mühiti yaratmaq, əks-fikirdə olan insanları qorxutmaq, susdurmaq.
Bundan sonrası asandır. Müqavimət olmayanda onlar güclü görünəcəklər və məlum olduğu kimi, güc mərkəzi cəlbedici olur. İnsanlar güclünün yanında yer almağı sevirlər, ya da qorxaraq meydanı onlara buraxırlar.
Belələri zorla ölkəmizi İran-İsrail, fars-yəhudi intriqasının tərəfinə çevirmək istəyirlər, ölkənin ümdə maraqlarını müdafiə edən vətəndaşlarımızı ateist-pantürkist, “Türkiyəyə yaltaqlıq edənlər” adlandırırlar.
Türkiyəni, bu dövlətin Azərbaycanla yaxınlığını həzm edə bilməyən xarici agentlər fərqinə varmaq istəmirlər ki, ölkədə bunca Türkiyə sevgisi nədəndir. Anlamırlar ki, bu təkcə etnik qohumluq məsələsi deyil, vəfadarlıq məsələsidir.
Türkiyə 30 ildən artıq bir müddətdə ölkəmizə qarşı qatı düşmənçilik siyasəti yeridən Ermənistanla diplomatik münasibətlər qurmadığı, ticarət tərəf-müqabili olmadığı halda İrəvanla qardaşlaşan, ona hərtərəfli yardım edən İranın adamları umurlar ki, Tehran da sevimli olsun.
Necə ola bilər? İnsanların yaddaşı diridir axı. Uzun illərin acıları, sıxıntıları bir çox şeyləri yaddaşa əbədi həkk edib, insanlar kimin yaxşı, kimin pis olduğunu təkrar-təkrar görüblər.
Məzhəbçilər, daha dəqiqi, İran dövlətçiliyinin keşikçiləri İrana qarşı olmağı islam düşməni olmaq kimi qələmə verirlər. Halbuki özləri islam aləminin böyük hissəsində “rafizi” (dindən dönmüş) adlandırılırlar.
İlk baxışdan elə görünə bilər ki, bu məzhəbçilərin İsraillə apardıqları düşmənçiliyin mayasında yəhudi dövlətinin Fələstində, Qəzzada yaşayan sünni ərəblərə qarşı yeritdiyi amansız siyasət (qırğınlar, deportasiyalar) durur.
Ancaq elə deyil. Farslarla yəhudilərin intriqası, düşmənçiliyi islamdan 1000 il əvvəl başlayıb.
Tarixi məxəzlərə görə, təxminən 2500 il əvvəl Artaxşasta və ya Ahaşveroş adlı bir fars padşahı hücum edərək Yerusəlimi tutub. (O vaxtdan əvvəl də, sonra da, günümüzə qədər də hansı hökmdarın sağ biləyi sol ovcuna yoğun gəlibsə, ilk işi Yerusəlimi tutmaq olub). Hökmdarın Haman (Aman) adlı bir məsləhətçisi Ahaşveroşu yerli yəhudilərin qırılıb-çatılmasının, varidatlarının yağmalanmasının vacib olduğuna inandırıb və o, bütün yəhudilərin məhv edilməsinə dair fərman verib. Padşahın yəhudi arvadı Mordexay qardaşı qızı Esteri Ahaşveroşun yanına göndərib və o, necəsə fərmandehi inandırıb ki, yəhudilərə qarşı niyyətindən vaz keçsin. Ahaşveroş birinci fərmanını geri oxumadan (o vaxt belə bir qayda yoxmuş), ikinci fərman verib: yəhudilər üçün geniş əfv elan edilib və onlara əvvəlki fərmana tabe olmamaq, hər yerdə və hər vəchlə qatillərə və talançılara silahlı müqavimət göstərmək icazəsi verilib..
Esterin zəhmətinin bir xeyri də o olub ki, padşahı aldatdığına görə Hamanı asıblar və onun qulaqlarını kəsiblər. Padşahdan beli bağlı olan yəhudilər hücum edən farslara müqavimət göstərib, onları məğlub ediblər. O vaxtdan bəri yəhudilər həmin təqvimdə “Purim” adlı bayram keçirir, şirniyyatlar, təamlar bişirirlər. Təamların biri "Hamanın qulaqları" adlanır.
İranda isə eyni tarixi hadisə "Fars soyqırımı" hesab edilir.
Sanki Ahaşveroş Yerusəlimi dinc yolla ələ keçirib, yəhudilər könüllü şəkildə köləliyə razılaşıblar və öz əmlaklarını məmnuniyyətlə yadellilərə verməli, başlarını isə sakit şəkildə cəllad kötüyünün üstünə qoymalı imişlər. Amma bunun əvəzinə farsları qırıblar. Hətta ayətullah Xamneyi həlak olmazdan əvvəl gənclərə xitabında 2500 il əvvəl baş vermiş faciəvi hadisələrin "Fars Holokostu" olduğunu söyləyib.
2008-ci ildə o vaxtkı İran prezidenti Mahmud Əhmədinejad isə “Purim bayramı”nı nəzərdə tutaraq "sionistlər kütləvi qırğını qeyd edirlər və bunu yenidən təkrarlamaq istəyirlər" deyib.
Bir sözlə, Yaxın Şərqin iki qədim və aborigen xalqı ən azı 2500 ildir ki, düşməndirlər və düşmənçiliklərini səylə davam etdirirlər. Ən pisi odur ki, onlar öz intriqalarına başqa xalqları, ölkələri də cəlb edirlər.
Tarixdən xəbəri olmayan cahil kütlələr isə elə bilirlər, regionda haqq-ədalət, Xeyir-Şər, din-məzhəb davası gedir. Xeyr, gedən davanın adı yaşayış uğrunda mübarizədir və bu, Qiyamətə qədər davam edəcək. Ona görə də başqalarının savaşında tərəf olmasaq, yaxşıdır.
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ