Onlayn ictimai-siyasi qəzet
Qardaş Türkiyədə PKK terror təşkilatına münasibətdə qəbul edilən qanun layihəsi ilə bağlı müzakirələr davam edir.
Sənədin qüvvəyə minməsindən sonra Türkiyənin qanayan yarasının qaysaqlanacağına, nəhayət, terror kabusunun ölkə üzərindən çəkiləcəyinə ümidlər böyükdür.
Belə olacağına pessimist yanaşanlar da var və onlar haqsız deyillər. Bu xüsusda bədbinliyin ciddi səbəbləri var.
Çünki bu, qırx ildən çoxdur dövlətə, onun ordusuna və xalqına qarşı gerilla-partizan müharibəsi aparan terrorçulara qarşı ilk bu cür yumşalma deyil.
“Kürd açılımı” adlanan ilk təşəbbüs 2009-2015-ci illər arasında oldu və fiaskoya uğradı.
Dağlardakı mağaralara sığınmış terrorçular “qəhrəman savaşçı” ədaları ilə dağdan endilər. Onların şərəfinə təntənəli tədbirlər təşkil olundu. Amma bu şəxslər mülki həyata uyğunlaşmadılar. PKK əl altından silah toplamaqda, insanları təhdidlə öz ətrafına yığmaqda, daha güclü müqavimətə hazırlaşmaqda davam etdi.
2015-ci ildə “açılım”ın qapanış mərhələsi gəldi. Türkiyə hökuməti PKK-nin öz tələblərində daha da irəli getdiyini, sərtləşdiyini görüncə, çomağın o biri, toppuzlu başını çevirdi. Partizan müharibəsi bu dəfə etnik kürdlərin kompakt yaşadığı şəhər və qəsəbələrdə başladı. “Açılım” zamanı İbrahim Tatlısəslə duet oxuyan Şivan Pərvər ağlar günə qaldı.

Məlum oldu ki, şəhərlərin altında siçan katakombalarına xas tunellər, zirzəmilər və onlardan bir-birinə keçidlər var, həm də hamısı silah-sursatla, silahlı müqavimət göstərən gerillalarla doludur.
Türkiyə ordusu, xüsusi təyinatlı qüvvələr həmin yaşayış mıntəqələrini terrorçulardan təmizləmək üçün çox əziyyət çəkdilər, ev-ev, küçə-küçə irəlilədilər.
Diyarbəkirdə Sur, Silvan, Bisimli, Bağlar, Lice, Dicle, Hani, Hazro, Şırnakda Silopi, Cizre, İdil, Mardində Nuşaybin, Derik, Darkeçid yaşayış məntəqələrində, eləcə də Hakakri, Muş, Batman və digər rayonlarda müqavimət xüsusilə şiddətli oldu.

Ancaq terrorçuların nizami ordu birləşmələri ilə savaşı çox da uzun sürmədi, bir müddət əvvəl dağdan qəhrəman kimi enmiş partizanların sağ qalan qismi yenidən əlçatmaz dağlara qayıdıb mağaralara sığınmalı oldular.
Bəs bu dəfə necə olacaq?
Tarixi təcrübə deyir ki, böyük ehtimalla fərqli sonuc olmayacaq. Çünki Türkiyədə terroru doğuran səbəblər olduğu kimi qalır.
Özlərini Yaxın Şərqin böyük xalqlarından biri hesab edən və doğrudan da say baxımından elə olan kürdlər İran, İraq, Suriya və Türkiyə arasında parçalanmış icmalarının yaşadığı arealları birləşdirərək müstəqil dövlət qurmaq istəyirlər. Onlar Səddam Hüseyndən sonra İraqın zəifləməsindən istifadə edərək ölkənin şimalında geniş muxtariyyat əldə ediblər və əslində Bağdada tabe deyillər.
Suriyada gedən dəhşətli vətəndaş müharibəsi zamanı kürdlər bu ölkədə də müstəqil knyazlıq yaratmaq üzrəydilər, amma Türkiyə imkan vermədi.
İran zatən kürdlərin hər hansı separatçılıq hərəkatına amansızlıqla yanaşır, kütləvi edamlarla onun cücərməsinə imkan vermir. Türkiyə isə 40 ildir başqa ölkələrdən dəstək alan PKK-çılarla döyüşür. İraqın şimalında, Türkiyənin şərqində, İranın qərbində yerləşən uca dağlar kürd partizanlar üçün etibarlı sığınacaqdır, silahları və maliyyələri isə ABŞ-dən və bəzi Qərb ölkələrindən gəlir.

PKK ilə növbəti sülh təşəbbüsünə bədbin yanaşmalar bu üzdəndir: 1. Bölgədə müstəqil kürd dövlətinin qurulmasını istəyən qüdrətli siyasi dairələr var; 2. Onlar Türkiyə, İraq, Suriya və İranın parçalanmasına qarşı deyillər; 3. Kürd xalqı olası referendumda müstəqil dövlətçiliyə yetərli səs verəcək qədər milli oyanış içindədir.
Ona görə də böyük ehtimalla sülh sazişinin qüvvəyə minməsindən sonra Türkiyədəki həbsxanalardan azad edilən 5 minə yaxın terrorçu, eləcə də dağlardan enərək, şəhər və qəsəbələrə dağılışan minlərlə gerilla “müstəqil dövlətçilik” uğrunda mübarizələrini davam etdirəcək, onu siyasi müstəviyə keçircəklər.
Hər ehtimala qarşı onlar silahlarının mühüm bir hissəsini gizlədərək, hökumətə təhvil verməyəcəklər – keçən dəfə olduğu kimi.
Keçmiş terrorçular öz “tarixi xidmətləri” ilə siyasi rəqiblərini sıxışdıracaq, siyasi arenada təşəbbüsü ələ keçirəcəklər. İndiyədək sırf siyasi mübarizə aparan, seçib-seçilən mülki şəxslər onların “mən dağda vuruşanda sən hardaydın” ritorikası qarşısında əziləcəklər. Beləcə, deputat mandatları, bələdiyyələr keçmiş terrorçuların əlinə keçəcək. Günlərin birində bu deputatlar və bələdiyyə başqanları geniş bir toplantı, qurultay təşkil edərək, ya “Türkiyə Kürdüstanı” adlı muxtar respublika yaradacaqlar, ya da birbaşa “müstəqil Kürdüstan” dövləti yaratdıqlarını bəyan edəcəklər.
Bax, o zaman Türkiyə dövlətini idarə edənlər çevik tərpənə, İspaniya hökumətinin “Kataloniya respublikası”nı qısa müddətdə süquta uğratdığı kimi effektiv hərəkət edə biləcəklərmi?
Nəzərə alaq ki, Avropanın qüdrətli dövlətləri katalonların dinc və haqlı mübarizəsinə dəstək vermədilər, amma onlar həmin dəstəyi kürdlərdən əsirgəməyəcəklər.
Kürd dövlətinin yaradılması üçün əraziləri təhdid altında olan dörd dövlətin (Türkiyə, İraq, Suriya, İran) siyasiləri “onların buna haqqı yoxdur” düşüncəsində olsalar da, kürdləri idarə edənlər və onlara qahmar çıxan qüdrətli güclər belə düşünmürlər.
Bu baxımdan bu gün Türkiyədə PKK-nın başqa ad altında legitimləşdirilməsi prosesi problemin həll deyil, onun başqa bir fazaya keçməsidir.
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ