Onlayn ictimai-siyasi qəzet
Rusiyada əhalinin gələcəyə dair gözləntiləri kəskin pisləşib. Son sorğuya əsasən, rusiyalıların 66 faizi ölkə üçün ən ağır dövrün hələ qarşıda olduğunu düşünür. Bu, pandemiyanın pik dövrü olan 2020-ci ilin aprelindən bəri qeydə alınan ən yüksək göstəricidir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu nəticələr Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) son sorğusunda əksini tapıb.
İyulda VTsIOM-un sosial gözləntilər indeksi mənfi 65 faizə düşərək 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə enib. Hələ mayda bu göstərici mənfi 56 faiz, 2024-cü ilin yanvarında isə mənfi 20 faiz təşkil edirdi.
Əhalinin gələcəklə bağlı bədbinliyi xüsusilə ötən ilin sonundan sürətlə artır. Dekabrda respondentlərin 44 faizi ən ağır günlərin qarşıda olduğunu düşünürdüsə, apreldə bu göstərici 61 faiz, iyunda 63 faiz, iyulda isə 66 faizə yüksəlib.
Sorğuda iştirak edənlərin daha 12 faizi Rusiyanın ən ağır dövrünü məhz indi yaşadığını bildirib.
Beləliklə, respondentlərin ümumilikdə 78 faizi ya böhranın artıq yaşandığını, ya da daha ağır günlərin qarşıda olduğunu düşünür.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ