İnsanlara hürriyət, millətlərə istiqlal!

Söyüb rahatlaşanların şəbəkəsi

Deputat Erkin Qədirli haqlıdır, sosial şəbəkələrdəki anonimlik, gerçəkdən də insanı məsuliyyətsiz edir. Bir sıra şəxslər saxta profillərlə şəbəkəyə daxil olur, heç bir məsuliyyət hiss etmədən publik şəxslərin ünvanına təhqiramiz, aşağılayıcı ifadələr yazırlar.

Həm də heç bir istisna yoxdur, qərəzə dolan biri ölkənin ən təmiz, ən faydalı, ən ideal ziyalısını hədəfə çıxarıb söydürə bilər. Başqa bir şey lazım deyil, həmin ziyalının adından bir antisosial sitat (məsələn, “xalq əti az yesin”) uydurub, bir kəlmə müşayiətçi şərh (“bu da bizim tərifli ziyalımız, dediyinə baxın!”) “sosial şəbəkə piraniyaları”nın önünə atmaq kifayətdir, adam 5 dəqiqənin içində didik-didik ediləcək.
Düzdür, həqarət xorunda həmin şəxsi müdafiə edənlər, “yaxından tanımadınız adamı təhqir etməyin, o, belə biri deyil” yazanlar da olacaq, amma əksəriyyət təhqir olunan şəxsin elə bir söz deyib-demədiyini dəqiqləşdirmədən söyməkdə davam edəcək.

Belə vaqiələr dəfələrlə olub. Onların bəzilərində oxuduğu hər sözə inanmayan şəxslər “keçid (link) paylaşa bilərsinizmi, görək, bu adam o sözü hansı sayta, qəzetə deyib” kimi şərhlər yazır, adamın doğrudan da o sözü deyib-demədiyini dəqiqləşdirmək istəyirlər, ancaq onlara məhəl qoyan olmur və gün boyunca həqarət yağmuru davam edir. Ertəsi gün başqa bir hədəf tapılır. Sonra başqa biri.

Beləcə, həyatından, güzəranından, ümumi vəziyyətdən narazı insanların nifrət boşalması davam edir.
Hədəfə çıxarılanların əksəriyyəti zəif bəndlər olur, onların nə böyük vəzifəsi, nə də böyük maddi imkanları var. Yüksək vəzifəli şəxslərlə, ətrafında mafioz qruplaşmalar olan milyonçularla bu cür zarafatlar keçmir. Onlar adamı hədəf taxtasına çıxaranları tapdıra, ya dövlətin qanunlarının, ya da “şilləvuran cangüdənlər”in biləyinin gücüylə tapdalatdıra bilərlər.

Belə hadisələr də olub, bir çoxlarını nəsə yazdığına peşman ediblər və bir daha o cür hərəkətlər edəcəyi təqdirdə cəzasının daha ağır olacağına inandırıblar.

Deyilə bilər ki, bəzi adamlar söyüşü, təhqiri haqq edir. Elə şey yoxdur. Kimsə xalqın mənafeyinə zidd fikirlər irad edirsə, onun cavabı söyüş, təhqir deyil, arqumentləşdirilmiş, ədəb çərçivəsində ifadə edilmiş tənqiddir. Sadəcə, adamın düz demədiyini, yanlış düşündüyünü bildirmək kifayətdir. Əgər o, bu iradlarla razılaşmayacaqsa, bu, polemika demək olacaq və əvvəl-axır kimin haqlı, kimin haqsız olduğu ortaya çıxacaq.

Bu günlərdə gənc yazarlardan biri ölkəmizdə tanınmış şoumenə qarşı yazdığı tənqidi məqaləni sosial şəbəkədə paylaşmışdı. Məqalənin özündə ifrata varan ifadələr, haqsız cümlələr vardı, bu heç. Ancaq hədəf seçilmiş insanın ünvanına nələr yazırdılar, adamı necə söyür, təhqir edirdilər, dəftər-kitaba sığası şey deyildi.

Halbuki o şəxs nə dövlət büdcəsinin talanmasına, nə xalqın cibinin soyulmasında iştirak edir, nə də hansısa tribunada xalqın mənafeyinə zidd fikirlər söyləyir, çağırışlar edir. Hətta əksinə, o, bacardığı qədər xalqın düşüncəsinə müsbət təsirlər etməyə, cəmiyyətə faydalı olmağa çalışır. Bununla belə, onun tənqid olunduğu məqaləni oxuyaraq, söhbəti daha da dərinləşdirir, ünvanına ağır həqarətlər yazırlar.

Birdəfəlik anlamaq lazımdır ki, söyüş və təhqir acizlərin, əlacı kəsilmiş şəxslərin silahıdır. Bu, yalnız onu dilə gətirənlərin ürəyini soyudan hərəkətdir. Düzdür, söyüş və təhqir ona məruz qalanları rəncidə edə, ovqatlarına mənfi təsir göstərə bilir, amma bir yerdən sonra alışqanlıq əmələ gətirir, veclərinə olmur.
Bir vacib detal da var. İnsanların əsas “döyüş” vasitəsi kimi söyüş və təhqiri seçməsi, kütləvi şəkildə bununla məşğul olması onların mübarizə əzmini korşaldır, pərakəndələşdirir. Daha heç kəs ortaya çıxıb nəyəsə etiraz etmək hayında olmur, eləcə kompüter arxasına keçir və telefonu əlinə götürür, gündəlik nifrətini püskürür, sakitləşir. Salamatı budur.

Bəlkə də idarəedici dairələr sosial şəbəkələri ona görə yasaqlamırlar, düşünürlər ki, qoy söyüb-söylənib sakitləşsinlər.

Sosial şəbəkələrin olmadığı vaxtlarda qəzetlər vardı və onlar tənqidi haqq etmiş şəxsləri, sovet dövrünün təbirincə desək, “qamçılayırdılar”, oxucular da oxuyub məmnun qalırdılar. Hazırda hamının “qamçı”ya çıxışı var, ədəb və məsuliyyət çərçivəsi yoxdur.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Iyul 2026

21 Iyul 2026

18 Iyul 2026

14 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

07 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

22 Iyun 2026

20 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

13 Iyun 2026

11 Iyun 2026

09 Iyun 2026

07 Iyun 2026

05 Iyun 2026

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026

13 May 2026