Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda növbəti illərdə qeyri-neft-qaz sektorunda daha çox yeni iş yerləri yaradılacaq.
Musavat.com bildirir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyd edildiyi kimi, sənədin icrası nəticəsində müvafiq sahədə istehsal və emal potensialının yüksəldilməsi, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların cəlbinin və qeyri-neft ixracının artırılması, yeni iş yerlərinin yaradılması, habelə regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.
Yeni iş yerləri harada yaradılacaq və kimlər işlə təmin olunacaqlar?

Vüqar Bayramovun sözlərinə görə, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur:
"Hazırda mədənçıxarma sənayesində 32963 nəfər çalışır. Onlardan 4063 nəfər xanım vətəndaşlarımızdır. Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə işləyənlərin sayı 19 638 nəfərdir. 1987 vətəndaşımızın isə metal filizlərinin hasilatı sahəsində əmək müqaviləsi qeydiyyatdan keçib. Mədənçıxarma sənayesi sahəsində xidmətlər göstərən muzdlu işçilərin sayı isə 8633 nəfərdir. Bu xidmət sahəsində 1268 qadın çalışır".
İş yerləri yaradılacaq şəhər və rayonlara gəldikdə, Vüqar Bayramov qeyd edib ki, Proqrama əsasən, xüsusən Bakı və Gəncə şəhərlərində, Daşkəsən, Balakən, Kəlbəcər və eləcə də Qarabağda dağ-mədən sənayesi sahəsində yeni müəssisələrin yaradılması nəzərdə tutulur:
"Belə ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, həmin rayonumuzda Pellet istehsalı və İBD zavodunun qurulması da həyata keçiriləcək. Gəncə şəhərində "Azəralüminium" MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da yeni iş yerlərinin yaradılmasına imkan verəcək. "Baku Steel Company" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikişsiz boru istehsalı sahəsində istehsal güclərinin yaradılmasının dəstəklənməsi isə paytaxtda məşğulluğa dəstək olacaq. Proqrama əsasən, Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi və ondan alüminium oksidi və alüminium istehsalı və özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də həyata keçiriləcək. Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulması və sənaye istismarına başlanılacaq, Balakən rayonunda Filizçay polimetal yatağının TİƏ sənədinin hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması üçün qərar veriləcək və eləcə də "R.V. Investment Group Services, LLC" və onun əməliyyat şirkəti tərəfindən Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi həyata keçiriləcək".
Millət vəkilinin sözlərinə görə, texniki işçilər ilə yanaşı, ixtisaslı kadrlar üçün də vakansiyaların elan olunacağı gözlənilir.
"Xüsusən də mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əmək təhlükəsizliyi mütəxəssisləri üçün daha çox iş yerləri yaradılacaq", - deyə Vüqar Bayramov vurğulayıb.
Xalidə Gəray
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ