Onlayn ictimai-siyasi qəzet
ABŞ Nigeriyaya kiçik hərbi kontingent yerləşdirib.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi ABŞ Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən yayıb.
Agentliyin məlumatına görə, bu, iki ölkənin Qərbi Afrikada terrorizm təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olan Amerika hərbi qüvvələrinin Nigeriyada mövcudluğunun ilk təsdiqi olub.
"Reuters" Andersonun sözlərini sitat gətirib: "Bu, ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə, o cümlədən ABŞ-a unikal imkanlar verəcək kiçik bir Amerika komandasının yerləşdirilməsinə gətirib çıxardı".
O, missiyanın həcmini və əhatə dairəsini açıqlamayıb.
2025-ci ilin dekabr ayından bəri Nigeriya və ABŞ silahlı qüvvələri Nigeriyadakı ekstremist hədəflərə qarşı bir neçə birgə hücum həyata keçirərək Afrika ölkəsinin dörd ştatında - Sokoto, Zamfara, Niger və Katsinada planlaşdırılan terror hücumlarının qarşısını alıb. Nigeriya Xarici İşlər Nazirliyinin sözçüsü Kimyebi Ebienfa bildirib ki, Nigeriya və ABŞ kəşfiyyat məlumatlarının mübadiləsi və digər əməkdaşlıq formalarında strateji cəhətdən məşğuldurlar.
Bu, Boko Haram və Qərbi Afrikada İslam Dövləti (ISWAP) ilə mübarizəyə aiddir. Boko Haram terrorçuları 2009-cu ildə Nigeriyada, daha sonra isə Niger, Çad və Kamerunda fəaliyyətə başlayıblar. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri qruplaşmanı ağır məğlubiyyətə uğradaraq nəzarəti altındakı ərazini əhəmiyyətli dərəcədə azaldıb. 2024-cü ildə Nigeriya terror hücumlarına görə dünyada altıncı yerdə qərarlaşıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ