Onlayn ictimai-siyasi qəzet
Bizim tikinti şirkətləri xəritədə gözəgəlimli bir tikə torpaq gördülərsə, iştahaları elə bərk qabarır ki, qanun-qayda, məhkəmə qərarı, insan haqqı-hüququ dediyin şeylər gözlərinə xırdaca çınqıl daşları kimi görünür. Tapdalayıb keçirlər.
Musavat.com-a müraciət edən Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 23-ün sakinləri, deyirlər ki, ünvanları paytaxtın tən ortasında yerləşir. Bir neçə ilə əvvəl ərazidə “Vialon” tikinti şirkəti peyda olub. Şirkətə zamanında Bakı Şəhər İcra Hakimiyyətindən bir sərəncam verilib – şərti də aydındır: “Əhali ilə sivil qaydada razılaşın, yola salın, sonra nə tikirsinizsə tikin”.
Amma bizim “tikinti cəngavərləri” razılıq almağı necə anlayırlar? Adamların dörd bir tərəfinə hündür dəmir hasar çəkirlər, hava axınının, günəş işığının qabağını kəsirlər, pəncərədən evə girən havanı qabaqcadan “bloklayırlar” və gözləyirlər ki, camaat boğulub öz xoşu ilə mülkünü bunlara peşkəş eləsin.
Sakin Gülşən xanım Ağayeva deyir ki, əllərində məhkəmənin qanuni qərarı var. Məhkəmə bu şirkətə verilmiş sərəncamı Ağadadaş Qurbanov küçəsi 23 ünvanın yerləşdiyi əraziyə münasibətdə etibarsız hesab edib. Yəni ortada dövlətin möhürlü-imzalı kağızı var. Amma görünür, “Vialon” rəhbərliyi üçün məhkəmə qərarından daha üstün bir alət var – 2 metrlik dəmir hasar!
Məhəllənin vəziyyəti isə lap acınacaqlıdır, “Vialon”un quraşdırdığı hasarlar Bakı küləklərinə tab gətirmir, hissəvi qopub yoldan keçənlərin üstünə aşır. Bir az möhkəm xəzri əsən kimi dəmir lövhələr ya sakinlərin, ya da saxladıqları maşınların üstünə düşür. Piyada keçməyə yer saxlamayıblar, uşaqlar məktəbə gedəndə elə bil maneəli zolaq keçirlər. Sakin Ramin Ağazadənin dediyinə görə, evdə körpə uşaqlar hava çatışmazlığından boğulur, camaat pəncərəni açır, qarşısında divar kimi hasar görür.
Ən dəhşətlisi isə odur ki, bu yaxınlarda həmin məhəllədə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşını darısqal, hasarlanmış küçəyə girə bilməyib. Nəticədə yanğınsöndürənlər əllərinə balta alıb hasarı çaparaq keçid açmağa, alovun qarşısını almağa məcbur olublar. Yəni XXI əsrin mərkəzi Bakısında yanğınsöndürmə texnologiyası balta gücünə işləyir.
İndi Ağadadaş Qurbanov 23-ün sakinləri məhkəmə qərarının tam icra olunmasını, “Vialon” tikinti şirkətinin qanunsuz hasarının sökülməsini gözləyirlər.
Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək bu dərəbəyliyə, sakinlərin açıq-aşkar təhlükəyə atılmasına, pəncərələrin hasarla örtülməsinə və məhkəmə qərarlarının sayılmamasına artıq bir reaksiya verilməsini istəyirlər. Deyirlər ki, əgər Eldar Əzizov bu qanunsuzluğa dur deməsə, sabah aidiyyəti qurumların balta ilə elədiyini elə özləri eləməli olacaqlar – baltanı götürüb o qanunsuz hasarları özləri sökəcəklər.
Ümid edək ki, iş baltaya və növbəti yanğın fəlakətinə qalmadan Bakı Şəhər İcra Hakimiyyəti bu məsələyə müdaxilə edəcək.
E.Məmmədəliyev,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ