Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin mühəndis-konsaltinq şirkəti olan AECOM-un nümayəndələri Ermənistandadır.
Modern.az xəbər verir ki, şirkət nümayəndələri TRIPP (Zəngəzur dəhlizi) üçün ərazi tədqiqat işlərinə başlamaq məqsədilə Ermənistana səfər edib. TRIPP layihəsinin tikintisinin yaxın günlərdə başlayacağı gözlənilir.
Qeyd edək ki, bu ay ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana gözlənilən səfəri strateji baxımdan son dərəcə əhəmiyyətli sayılır.
Bu səfəri bir neçə əsas istiqamət üzrə dəyərləndirmək lazımdır. Belə yüksək səviyyədə, yəni ABŞ-ın ikinci şəxsinin bölgəmizə rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaza siyasi “geri dönüşü”nün ciddi olduğunu açıq şəkildə göstərir. Başqa sözlə, bu səfərlə Tramp administrasiyası Cənubi Qafqazı birinci dərəcəli geosiyasi prioritet kimi qiymətləndirdiyini və demokratlar dövründə itirilmiş imkanları bərpa etmək istədiyini nümayiş etdirir.

Vensdən əvvəl amerikalı mühəndislərin gəlişi nədən xəbər verir? Dəhlizin açılması sürətlənə bilərmi?
Hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli hesab edir ki, ABŞ-ın vitse-prezidenti Vensin regiona səfərini bir neçə kontekstdən qiymətləndirmək olar.
“ABŞ-in hər iki dövlətlə strateji tərəfdaşlığı, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin (Tramp marşrutunun) işə salınması, Azərbaycanın Trampın “Sülh Şurası”nda və Qəzzadakı quruculuq işlərində iştirakı və s.
Vitse-prezidentdən əvvəl ABŞ-ın mühəndis-konsaltinq şirkəti nümayəndələrinin Ermənistana səfəri Tramp administrasiyasının bütövlukdə Cənubi Qafqaza, xüsusən də TRİPP marşrutunun işə düşməsinə verdiyi geosiyasi və geoiqtisadi əhəmiyyətlə bağlıdır. Zəngəzur dəhlizi barədə çərçivə sənədinin imzalanması və bu layihənin icrası üçün maliyyə vəsaitinin ayrılmasından sonra qısa müddətdə dəhlizin keçəcəyi ərazidə tədqiqat işlərinə başlamaq məqsədilə mühəndis-konsaltinq şirkəti nümayəndələrinin Ermənistana səfəri qlobal geosiyasətdə bu dəhlizin və bütövlükdə Cənubi Qafqazın oynadığı rolun və bu dəhlizin və Cənubi Qafqaz məkanının ABŞ tərəfindən necə qiymətləndirilməsinin göstəricisi hesab oluna bilər”,_ deyə mütəxəssis bildirib.

Q.Əlibəylinin fikrincə, Zəngəzur dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyadan asılılığın aradan qaldırılmasında strateji əhəmiyyətə malikdir:
“ABŞ TRİPP-i təkcə Azərbaycanla Ermənistan arasındakı məsələ, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bir marşrut kimi deyil, özünün Cənubi Qafqazda iştirakının həlledici amili kimi görür. Başqa sözlə, ABŞ Cənubi Qafqazı özünün “həyati maraqları” dairəsinə aid olan qlobal geosiyasi məkan kimi, enerji və tranzit mərkəzi kimi baxır və bu məkanda öz siyasətini Zəngəzur dəhlizi, eləcə də, Ermənistanla Azərbaycan üzərində qurur.
Bundan başqa, ABŞ Zəngəzur dəhlizinin işə düşməsini Azərbaycanla Ermənistan arasında qalıcı sülhə xidmət edən, bütövlükdə regional təhlükəsizliyə təminat verən amil kimi qiymətləndirir. Amerikanın himayəsi altında dəhlizin işə düşməsi həm də Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına, İranın bölgəyə təsir imkanlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər”.
Həmsöhbətimiz deyib ki, ona görə də ABŞ Tramp yolunun işə düşməsində çox maraqlıdır:
“Vitse-prezidentdən əvvəl mühəndis-konsaltinq şirkəti nümayəndələrinin Ermənistana səfəri və faktiki olaraq ərazidə tədqiqat işlərinə başlanması Azərbaycan və Ermənistan, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm hadisə, unikal bir şans hesab oluna bilər. Bu səfərlərin 2-nin Ermənistanla Azərbaycan arasında sülhün və regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə öz töhfəsini verəcəyi, həm də Zəngəzur dəhlizinin işə düşməsini sürətləndirəcəyi şübhəsizdir”.
Cavanşir ABBASLI
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ