İnsanlara hürriyət, millətlərə istiqlal!

AMİP rəhbərliyi Beynəlxalq Demokrat İttifaqının Zaqreb Forumunda təmsil olunub

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev aprelin 29-dan mayın 2-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Beynəlxalq Demokrat İttifaqının (İDU) “İDU Forum-2026, Zaqreb” adı altında təşkil etdiyi beynəlxalq tədbirdə və İDU-nun İcraçı toplantısında iştirak edib.

Forumda İDU üzvü olan sağ mərkəzyönümlü partiyaların rəhbərləri, həmin partiyaları təmsil edən bir sıra sabiq dövlət və hökumət başçıları, müxtəlif analitik beyin mərkəzlərinin nümayəndələri, siyasi ekspertlər, diplomatlar, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib.

Xorvatiya Respublikasının Baş naziri Andrej Plenkoviç, Xorvatiya Parlamentinin spikeri Qordan Yandrokoviç və İDU-nun prezidenti, Kanadanın 22-ci Baş naziri Stefen Harperin açılış nitqləri ilə işinə başlayan və iki gün davam edən Forumda, həmçinin Forumun müxtəlif məsələlərə həsr olunmuş panellərində mövcud münaqişələr dönəmində narahat və dəyişən dünya, hazırkı transatlantik münasibətlər, Avropanın gələcəyini müəyyən edəcək faktorlar, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr və digər aktual məsələlər müzakirə mövzusu olub. Eyni zamanda panel müzakirələrində Xorvatiyanın xarici işlər naziri Gordan Qrliç Radman, Avropa İttifaqı komissarları, Böyük Britaniya parlamentinin üzvləri, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş naziri Yuliya Timoşenko, Xorvatiyanın 2015-2020-ci illər ərzində prezidenti olmuş Kolinda Qrabar-Kitaroviç, Albaniyanın eks-prezidenti Sali Berişa aktiv iştirak edib.

Forumdan sonrakı gün Beynəlxalq Demokrat İttifaqının (İDU) növbəti İcraçı Toplantısı keçirilib. İDU-nun və təşkilat üzvü olan partiya rəhbərlərinin iştirak etdiyi toplantıda təşkilatdaxili məsələlər müzakirə olunub, dünyada baş verən hadisələrə münasibət bildirilib və müvafiq qətnamələr qəbul edilib.

Beynəlxalq Demokrat İttifaqı (International Democrat Union) 80-dən çox ölkənin 100-dən artıq sağ mərkəzyönümlü partiyasını öz ətrafında birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır və AMİP 1999-cu ildən bu təşkilatın tamhüquqlu üzvüdür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR