Onlayn ictimai-siyasi qəzet
"Nəriman müəllim qədər həyatı sevən bir insan gözlərini dünyaya əbədi yumdu. O, doğrudan da böyük həyatsevər şair idi. Ona görə ən çətin anlarında belə onun üzündən təbəssüm əskik olmurdu, əzabı, ağrıları içində çəkirdi".
Musavat.com xəbər verir ki, bunu Xalq şairi Vahid Əziz Nəriman Həsənzadə ilə vida mərasimində deyib.
O bildirib ki, sağlığında Həsənzadə ilə qonşu olub:
"Mən niyə bunları deyirəm? Ona görə ki, mən Nəriman müəllimlə qonşu, dost, iş yoldaşı olmuşam.
Mən Mətbuat Komitəsinə müavin gələndən sonra Nəriman müəllim də ora müavin gəldi.
O, hər kəsin yaddaşında bir cür qalar. Təbii ki, Azərbaycan xalqının yaddaşında böyük bir şair kimi qalacaq. Amma 60–70-ci illərdə Bakıya gələn gənc şairlərin, yazıçıların, imkansız, kimsəsiz adamların yaddaşında Nəriman Həsənzadə çox böyük, qayğıkeş bir şəxsiyyət kimi qalacaq. Çünki Nəriman müəllim hələ gənclik illərində öz şəxsi nüfuzundan, öz şəxsi çəkisindən istifadə edərək o qədər cavan şairi Bakıda qeydiyyata aldırıb ki... O vaxt buna "propiska" deyərdilər və bu, çox çətin bir məsələ idi. Ona görə çox adamın yaddaşında Nəriman müəllim bu cür qalacaq.
Nəriman müəllim sadəcə şair deyil. O, tarix, təbiət, sevgi, gözəllik şairidir. Nəriman müəllim cəsarətli insan idi. Heç kəs onun etdiyini edə bilməzdi. Nəriman müəllim əsgərlikdə olduğu dövrdə xəbər gəlir ki, anası rəhmətə gedib. Onu anasının yasına buraxmırlar. Avtomatını götürür, hərbi hissədən qaçaraq anasının yasına gəlir.
Var olsunlar, Allah onların ruhunu şad eləsin, o dövrdəki Azərbaycanın qeyrətli, şəxsiyyətli kişiləri, görkəmli şairləri, böyük insanları Nəriman müəllimin həbs olunmağına imkan vermədilər.
İstərdim ki, Nəriman müəllim dərsliklərdə yaşasın. Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri, keçmiş tarixdə olanlar və indiki şəxsiyyətlər Azərbaycan dərsliklərində, məktəblərdə tədris olunsun, tanınsın".
Şahanə Rəhimli
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ