Onlayn ictimai-siyasi qəzet
Son günlər Avropa görünməmiş istilik dalğasının təsiri altındadır. İspaniya, Fransa, İtaliya, Portuqaliya və digər ölkələrdə havanın temperaturu bəzi bölgələrdə 40-46 dərəcəyə çatıb. Mütəxəssislər bu vəziyyəti atmosferdə formalaşan və isti hava kütlələrinin uzun müddət eyni ərazi üzərində qalmasına səbəb olan "Omega blok" sinoptik prosesi ilə əlaqələndirirlər. Güclü istilər artıq insan tələfatına da səbəb olub. Təkcə İspaniyada iyun ayı ərzində isti hava ilə əlaqələndirilən 1029 ölüm halı qeydə alınıb.
Avropada yaşanan bu mənzərə Azərbaycanda da narahatlıq yaradıb. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə ölkəmizdə də analoji anomal istilərin müşahidə olunacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs Avropadakı isti hava dalğası Azərbaycana da təsir edə bilərmi? İyul ayında ölkəmizi rekord temperatur gözləyirmi?

Milli Hidrometeorologiya Xidmətinin iyulun ilk günləri üçün yaydığı rəsmi proqnoza görə, yaxın günlərdə ölkə ərazisində əsasən sabit yay havası müşahidə olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz saatlarında 29-34 dərəcə, bəzi daxili aran rayonlarında isə 33-37 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə hava nisbətən mülayim keçəcək, bəzi dağ və dağətəyi rayonlarda qısamüddətli yağış ehtimalı qalır. Hazırkı proqnozlarda Avropadakı kimi 40 dərəcəni xeyli üstələyən ekstremal istilər gözlənilmir.

Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, hazırda Avropada müşahidə olunan yüksək temperatur həmin region üçün anomal hesab olunsa da, Azərbaycan üçün bu göstəricilər qeyri-adi deyil: “Əslində bu temperaturlar onlar üçün yüksək göstərici sayılsa da, bizim üçün kifayət qədər normaldır. Biz belə hava şəraitinə öyrəşmişik. Yaşlılarımız da daxil olmaqla, insanların böyük əksəriyyəti bu temperaturlarda işləyib, gündəlik həyatını davam etdirə bilir. Məsələn, vaxtilə Naxçıvanda maksimum temperaturun 42-44 dərəcəyə çatdığı dövrlər olub və bu, orada adi hal kimi qəbul edilirdi. Avropa ilə Azərbaycan arasındakı əsas fərq iqlim şəraitidir. Avropa ölkələri bizə nisbətən daha çox yağıntı alır. Naxçıvan, Bakı və Aran rayonları ilə müqayisədə Avropada yağıntının miqdarı bir neçə dəfə çoxdur. Eyni zamanda, orada buxarlanma da aşağı olduğundan havanın rütubəti yüksək olur. Rütubət artdıqca havadakı oksigenin konsentrasiyası azalır və bu da insan orqanizminə mənfi təsir göstərir. Oksigenin cəmi 1 faiz azalması belə insanın fizioloji vəziyyətinə, iş qabiliyyətinə və ümumi sağlamlığına ciddi təsir edə bilər”.
Ekoloq əlavə edib ki, Avropada kondisionerdən istifadə səviyyəsi də bizim ölkə ilə müqayisədə aşağıdır: “Bunu həm müşahidələrimdən, həm də gördüklərimdən deyirəm. Bir çox ölkədə insanlar belə kəskin istilərə tam hazır deyillər. Üstəlik, Avropada yaşlı əhalinin xüsusi çəkisi daha yüksəkdir. Bütün bu amillər isti hava dalğalarının fəsadlarını daha da artırır. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmizin böyük hissəsi, xüsusilə yüksək temperatur müşahidə olunan ərazilər yarımsəhra və quru çöl iqliminə malikdir. Hava nə qədər quru olarsa, oksigenin səviyyəsi də bir o qədər normal qalır. Rütubətli ərazilərdə isə oksigenin miqdarı azalır ki, bu da insanların sağlamlığına və əmək qabiliyyətinə mənfi təsir göstərir. Bu baxımdan, bizim orqanizmimiz isti və quru hava şəraitinə daha davamlıdır. Ona görə də indidən təşvişə düşməyə ehtiyac yoxdur. Heç kim əvvəlcədən zəmanət verə bilməz ki, iyul və ya avqust aylarında hava mütləq belə kəskin isti keçəcək. Necə ki, yaz aylarında yağıntıların bu qədər bol olacağını da heç bir sinoptik və ya meteoroloji xidmət dəqiq proqnozlaşdıra bilməmişdi. Buna görə də hər hansı ehtimal olunan anomal hava hadisəsini əvvəlcədən faciə kimi qiymətləndirmək düzgün deyil. Ümid edək ki, hər şey yaxşı olacaq. Biz onsuz da çətin iqlim şəraitində yaşamağa alışmış, dözümlü xalqıq və təşvişə düşməyə əsas yoxdur”.
Afaq Mirayiq,
Musavat.com
01 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ