Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ABŞ və İsrailin İrana qarşı müharibəsində sanki yox kimi görünür, heç bir aktivliyi müşahidə olunmur. Fevralın 28-də müharibənin ilk günündən Aİ-nin siyasəti özünü bu müharibədən kənarda tutmaq siyasəti təsiri bağışlayır, ABŞ-yə heç bir dəstək vermədiyi diqqətdən yayınmır.
Bu vəziyyət Avropa İttifaqının gücünün zəifliyindən, İrandan çəkinməsindən, yoxsa ABŞ ilə arasındakı soyuqluqdan qaynaqlanır?
Deputat Aydın Hüseynov Musavat.com-a bildirib ki, Avropa İttifaqının İran müharibəsində passiv görünməsi bir neçə səbəbdən qaynaqlanır: “Bu, təkcə zəiflik və ya qorxudan irəli gələn davranış deyil. Avropanın hərbi strategiyası ABŞ-dan fərqlidir. Avropa İttifaqı ümumiyyətlə böyük hərbi əməliyyatlarda ABŞ qədər aktiv rol almağa çalışmır. Avropa ölkələri Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin regionu daha da destabilizə edəcəyindən ehtiyat edir. Buna görə onlar İran məsələsində əvvəldən daha çox diplomatiya, sanksiyalar, vasitəçilik kimi alətlərdən istifadə etməyə üstünlük verirlər”.

Deputat deyib ki, digər səbəb enerji və iqtisadi maraqların əsas götürülməsidir: “Bir çox Avropa ölkəsi İranla tam qarşıdurmanın enerji bazarlarını sarsıdacağını, neft və qaz qiymətlərini kəskin artıracağını bu müharibə başlamazdan öncə bəyan edirdilər. Açıq deyirdilər ki, belə bir müharibə Avropa iqtisadiyyatına zərbə vuracaq. İndi isə Avropa xüsusilə enerji böhranı fonunda yeni risklərdən qaçmağa çalışır”.
Deputatın sözlərinə görə, daha bir səbəb Aİ ilə ABŞ arasında İran məsələsində tam eyni yanaşmanın olmamasıdır: “Avropa ölkələri uzun müddət İranla nüvə sazişi kimi diplomatik razılaşmaların qorunmasını istəyirdi. ABŞ isə daha sərt sanksiya və təzyiq siyasətinə üstünlük verirdi. Bu fərqli yanaşma bəzən Aİ-nin daha ehtiyatlı görünməsinə səbəb olur. Onu da nəzərə almaq lazımdır ki, Avropa İttifaqı vahid dövlət deyil, 27 ölkədən ibarət birlikdir. Buna görə hər ölkənin İran siyasəti fərqlidir. Ortaq hərbi qərar qəbul etmək daha çətindir. Bəzi ölkələr, məsələn, Fransa, Almaniya daha sərt mövqe tuta bilər, digərləri isə münaqişədən uzaq durmağa çalışır”.
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ