Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayevlə görüşüb.
Musavat.com nazirliyin saytında yerləşdirilən məlumata istinadən verdiyi xəbərə görə, görüş AZAL təyyarəsinin Qroznı üzərində vurulmasının ildönümü günü baş tutub. Danışıqlar zamanı tərəflər bir sıra aktual beynəlxalq problemləri müzakirə ediblər. Nazirlikdən verilən məlumata görə, “görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb”.
Maraqlıdır ki, Sergey Ryabkovun XİN-də kurasiya etdiyi sahə fərqlidir. Belə ki, nazir müavini ABŞ və Latın Amerikası ölkələri ilə münasibətləri, silahlara nəzarət, İranın nüvə proqramı və Rusiyanın BRİKS-lə əlaqələrini koordinasiya edir. Məlumdur ki, MDB ölkələri ilə əlaqələrə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin cavabdehdir.8-10 dekabr tarixlərində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb.
Qeyd olunub ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib: “İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəlikləri bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan səfiri lenta.ru-ya açıqlamasında XİN-dəki görüş barədə danışmayıb, amma açıqlaması diqqət çəkib. Səfir deyib ki, Bakı AZAL-a məxsus “Embrayer 190” təyyarəsinin qəzası ilə bağlı istintaqın başa çatmasını gözləyir və tezliklə kompensasiya ödənişlərinin həyata keçirilməsinə ümid edir. O, faciəyə görə məsuliyyət daşıyanların ədalət mühakiməsinə cəlb olunacağına da ümid etdiyini bildirib: “9 oktyabrda Düşənbədə verilən bəyanatlar və əldə edilən razılaşmalar bu istiqamətdə atılan mühüm addımdır. Bu gün Moskva ilə Bakı arasındakı münasibətlərdə əsas məsələ təyyarə qəzası ilə bağlı məsələlərin tez və ədalətli həllidir”.
Mümkündür ki, Rusiya XİN-də təyyarə olayı mövzusunda Bakıya yenə bəzi vədlər verilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ