Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.
Musavat.com-un məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputat Rizvan Nəbiyev təqdimat zamanı bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş 24 sentyabr 2025-ci ildə Nyu-York şəhərində imzalanıb:
“Hindistanın cənub-qərbində, Hind okeanında yerləşən Maldiv unikal coğrafi quruluşa malikdir. Belə ki, Maldiv iyirmi altı atolldan (yəni halqaşəkilli, kənarları mərcan olan təbii adadan) və ayrıca bir neçə ada qrupundan ibarətdir.
Turizm ölkədə ÜDM-in 28%-ni təşkil edir. Yalnız quru ərazisi hesablanarsa, dünyanın 10 kiçik ölkəsindən biri olan Maldivin 530 min əhalisi var. 1968-ci ildə respublika elan olunan Maldiv ölkədə 8 əsrlik monarxiyaya son qoyub. BMT üzvü olan Respublika həmçinin İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının üzvüdür və Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə tərəfdaşıdır”.
R.Nəbiyev qeyd edib ki, Azərbaycan və Maldiv arasındakı sözügedən beynəlxalq müqavilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin təşviq edilməsi məqsədini daşıyır, bunun üçün vətəndaşların qarşılıqlı gediş-gəlişinin sadələşdirilməsi ilə bağlı hüquqi əsas yaradır:
“Sazişə əsasən, Azərbaycan Respublikasının və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin dövlətinin ərazisinə viza tələbi olmadan səfər edə bilər və orada 90 gün müddətədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti (digər Tərəfin Dövlətinin ərazisinə giriş tarixindən sonra) ən azı 180 gün olmalıdır.
Sazişin 1-ci Maddəsinin 2-ci bəndi müəyyən istisnanı nəzərdə tutur: belə ki, 90 gündən daha artıq qalmaq istəyənlər, eləcə də işləmək və ya təhsil almaq istəyənlər əvvəlcədən tələb olunan vizanı əldə etməlidirlər.
Tərəflər qeyri-müəyyən müddətə bağladıqları Sazişi üç halda müvəqqəti olaraq, tamamilə və ya qismən dayandıra bilər. Bu, milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq məsələləri ilə bağlı zərurət yarandığı hallara aiddir.
Vətəndaşlarımızı maraqlandırır ki, nə vaxtdan Maldivə vizasız gedə bilərlər: Bunun üçün Tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bu barədə bir-birlərinə diplomatik kanallarla nota təqdim etməlidirlər. Məhz sonuncu diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra Saziş tətbiq edilməyə başlayacaq”.
Deputat bildirib ki, Sazişin qüvvəyə minmə günü barədə Xarici İşlər Nazirliyinin açıqlamasını gözləmək lazımdır:
“Komitəmiz qeyd olunan sazişin lehinə yekdilliklə səs verib və sizdən də sazişi dəstəkləməyinizi xahiş edirik”.
Səsvermə ilə Saziş təsdiqlənib.
E.Paşasoy,
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ