İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə: kürək-kürəyə dayanan iki qardaş dövlət

Son günlər BMT çərçivəsində baş verən hadisələr və bunun ardınca Azərbaycan–Türkiyə münasibətləri barədə səsləndirilən müxtəlif fikirlər ictimaiyyətin diqqətini çəkib. Ayrı-ayrı yazılar və şərhlər üzərindən iki qardaş ölkə arasında münasibətlərə kölgə salmağa çalışanların olduğu da görünür. Belə məqamlarda emosiyalara deyil, tarixin və siyasi reallığın ortaya qoyduğu həqiqətlərə baxmaq lazımdır. Azərbaycan–Türkiyə münasibətləri hansısa bir hadisənin, bir bəyanatın və ya bir neçə qəzet səhifəsinin üzərində qurulmayıb. Bu münasibətlərin arxasında uzun illərin sınağından çıxmış qardaşlıq, qarşılıqlı etimad və ortaq milli-mənəvi dəyərlər dayanır.

Ancaq Azərbaycan–Türkiyə münasibətlərinə gündəlik hadisələrin, ayrı-ayrı qəzet yazılarının və sosial şəbəkələrdə yaradılan süni ajiotajın prizmasından baxmaq böyük yanlışlıq olardı. Çünki bu münasibətlərin arxasında bir əsrdən artıq tarixi yaddaş, ortaq milli-mənəvi dəyərlər və ən çətin günlərdə bir-birinin yanında olmuş iki xalq dayanır. Bir həqiqəti unutmaq olmaz: Azərbaycanla Türkiyəni bir-birinə bağlayan tellər bir neçə açıqlamadan, qəzet yazısından və ya təxribat xarakterli şərhdən qat-qat güclüdür.

Azərbaycan və Türkiyə münasibətləri təkcə bugünkü siyasi maraqlar üzərində qurulmayıb. Ortaq tarix, dil, mədəniyyət və uzun illər ərzində formalaşmış qarşılıqlı dəstək iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Tarix dəfələrlə göstərib ki, Azərbaycanla Türkiyənin sevinci də, ağrısı da ortaqdır. Çanaqqaladan Qafqaz İslam Ordusuna, minlərlə can alan zəlzələdən Qarabağ Savaşına qədər bu qardaşlığın saysız-hesabsız nümunələri var. Bu, kağız üzərində yaranmış münasibət deyil, xalqların yaddaşına və ürəyinə yazılmış qardaşlıqdır.

Dövlətlərarası münasibətlərin əsl dəyəri rahat günlərdə deyil, çətin sınaqlar qarşısında üzə çıxır. Azərbaycan və Türkiyə isə tarix boyu belə sınaqlardan dəfələrlə keçib. Hər dəfə də zaman sübut edib ki, iki ölkəni birləşdirən bağlar ötəri siyasi müzakirələrdən daha möhkəmdir. Azərbaycanın ən çətin günlərində Türkiyənin yanında olması, Türkiyənin də Azərbaycanın haqq səsini beynəlxalq platformalarda müdafiə etməsi bu qardaşlığın dəfələrlə sınaqdan çıxdığını göstərib. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək xalqımızın yaddaşında xüsusi yer tutur.

Azərbaycan xalqı həmin günlərdə Türkiyənin siyasi və mənəvi dəstəyini gördü və bunu unutmadı. Qardaşlıq da məhz budur və dar gündə bir-birinin yanında dayanmaq, sevincini də, ağrısını da bölüşmək. Bu gün də Bakı ilə Ankara arasında münasibətlər dövlətlər səviyyəsində strateji müttəfiqlik çərçivəsində davam edir. Təbii ki, iki ayrı dövlətin müəyyən beynəlxalq məsələlərə yanaşmasında zaman-zaman fərqli məqamların ortaya çıxması mümkündür. Bu isə qardaşlıq və müttəfiqlik münasibətlərinin pozulması demək deyil.

Azərbaycanın da, Türkiyənin də öz dövlət maraqları, diplomatik mövqeyi və beynəlxalq münasibətlər sistemi var. Müəyyən məsələdə fərqli mövqenin ortaya çıxmasını iki ölkə arasında uçurum kimi təqdim etmək istəyənlər əslində Azərbaycan–Türkiyə münasibətlərinin nə qədər dərin köklərə malik olduğunu görməzdən gəlirlər. İki qardaş dövlətin bütün məsələlərdə hər zaman eyni cümləni işlətməsi şərt deyil. Əsas olan strateji məsələlərdə qarşılıqlı etimadın, müttəfiqliyin və bir-birinin milli maraqlarına hörmətin qorunmasıdır. Azərbaycan-Türkiyə münasibətlərinin gücü də məhz bundadır.

Həqiqi dostluğun və qardaşlığın gücü məhz müxtəlif məsələlər ətrafında yaranan fikir ayrılıqlarını qarşılıqlı hörmət və dialoq yolu ilə aradan qaldıra bilməkdədir. Bu səbəbdən də hər hansı hadisədən dərhal sonra “Azərbaycan-Türkiyə münasibətləri pozulur” görüntüsü yaratmağa çalışan dairələrə ən yaxşı cavabı yenə iki dövlət arasındakı real münasibətlər verir.

Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığı bir günlük siyasi gündəmin məhsulu deyil. Mətbuatın və sosial medianın yaratdığı gündəmlər dəyişir. Bu gün müzakirə olunan məsələ sabah başqa xəbərlə əvəzlənir. Dövlətlər və xalqlar arasındakı tarixi münasibətlər isə gündəlik informasiya dalğaları ilə ölçülmür. Azərbaycan-Türkiyə qardaşlığı da məhz belə münasibətdir.

Bir-iki qəzet yazısı, sosial şəbəkələrdə yayılan təxribat xarakterli fikirlər və ayrı-ayrı şəxslərin açıqlamaları iki dövlət arasındakı münasibətlərin mahiyyətini müəyyən edə bilməz. Kimlərinsə arzusu, kimlərinsə təxribatı, kimlərinsə yazdığı bir neçə sətir Azərbaycanla Türkiyəni qarşı-qarşıya qoya bilməz. Çünki qarşılarında sadəcə iki dövlət deyil, bir-birinə qardaş deyən iki xalq dayanır. Bu münasibətləri süni şəkildə qarşıdurma müstəvisinə çəkmək istəyənlərin unutduğu əsas həqiqət də budur: Bakı ilə Ankaranın arasındakı körpünü siyasətin bir günlük küləkləri deyil, tarix inşa edib. Tarixin qurduğu körpünü isə bir neçə təxribatçı başlıqla dağıtmaq mümkün deyil.

Azərbaycan və Türkiyə illərin sınağından çıxmış iki müttəfiq, çiyin-çiyinə, kürək-kürəyə dayanmış iki qardaş dövlətdir. Bu qardaşlığı qəzet səhifələri yaratmayıb ki, qəzet səhifələri də dağıda bilsin. Bu birliyi sosial şəbəkələr qurmayıb ki, sosial şəbəkələrdəki təxribatlar da poza bilsin. Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü Azərbaycanın gücüdür. İki qardaş dövlət dünən olduğu kimi bu gün də kürək-kürəyədir. Sabah da belə olacaq.

Tarixin verdiyi cavab. Azərbaycanla Türkiyə arasında münasibətlərin nə qədər möhkəm olduğunu anlamaq istəyənlər bir neçə günlük informasiya gündəminə deyil, yüzillik tarixə baxmalıdırlar. Orada Çanaqqala var. Orada 1918-ci ildə Bakıya yetişən Qafqaz İslam Ordusu var. Orada Azərbaycanın müstəqilliyini tanıyan və onun yanında dayanan Türkiyə var. Orada 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsinə öz səsini qatan qardaş ölkə var.

Və bütün bunların fövqündə iki xalqın bir-birinə olan sevgisi var. Siyasətdə gündəmlər dəyişə bilər. Dünyada maraqlar toqquşa, diplomatik mövqelərdə fərqli çalarlar yarana bilər. Qəzetlər bu gün bir şey, sabah başqa şey yaza bilər. Sosial şəbəkələrdə süni fırtınalar qaldırıla bilər. Amma xalqların yaddaşına yazılan tarix bir gündə dəyişmir. Azərbaycanla Türkiyənin qardaşlığı da bir gündə yaranmayıb. Ona görə bir gündə də sarsıla bilməz. Bizim aramızda sərhəd ola bilər, amma könüllərimizin arasında sərhəd yoxdur. Bayraqlarımız ayrıdır, amma o bayraqlar eyni küləkdə yanaşı dalğalananda hər iki xalq eyni qüruru yaşayır. Dövlətlərimiz ayrıdır, amma dar gündə çiyin-çiyinə, təhlükə qarşısında kürək-kürəyə dayanmağı bacaran iki qardaş dövlətdir.

Bu qardaşlığı bir qəzet yazısı yaratmayıb. Bir bəyanat yaratmayıb. Bir siyasi hadisə də yaratmayıb. Bu qardaşlığı tarix yaradıb, şəhid qanı möhürləyib, xalqlarımız qoruyub. Ona görə də bu gün kimlərsə Azərbaycanla Türkiyə arasında çat axtarırsa, qoy tarixə baxsın. Kimlərsə iki qardaşın arasına nifaq salmağa çalışırsa, qoy keçmişdən dərs alsın. Çünki Azərbaycanla Türkiyə neçə-neçə çətin sınaqdan keçərək bu günə gəlib. Bir neçə yazı keçib gedəcək. Süni yaradılan gündəmlər unudulacaq. Təxribatlar öz təsirini itirəcək. Amma Azərbaycan qalacaq. Türkiyə qalacaq. Və Azərbaycan–Türkiyə qardaşlığı qalacaq.

Çünki biz sadəcə dost deyilik. Biz dar gündə bir-birinin əlindən tutan, ağır gündə çiyin-çiyinə, təhlükə qarşısında kürək-kürəyə dayanan iki qardaş xalq, iki qardaş dövlətik. “Bir millət, iki dövlət” sadəcə şüar deyil. Bu, tarixdən gələn, bu gün yaşayan və gələcəyə daşınan Azərbaycan-Türkiyə qardaşlığıdır.

Bu qardaşlığın təməlini tarix qoyub. Tarixin qoyduğu təməli isə heç bir təxribat sökə bilməz.

WhatsApp Image 2026-09-28 at 11.20.36.jpeg (96 KB)

Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR