Onlayn ictimai-siyasi qəzet
Azərbaycan kriptovalyuta bazarını hüquqi və nəzarət olunan çərçivəyə salmağa hazırlaşır. Gözlənilən qanunvericilik virtual aktivlərin statusunu, kriptobirjə və brokerlərin fəaliyyətini, investorların müdafiəsini və bankların kripto xidmətlərini müəyyənləşdirə bilər.
Bildirilir ki, Azərbaycan xarici modellərdən - xüsusilə Aİ-nin MiCA çərçivəsi, BƏƏ, Sinqapur və Braziliyanın təcrübəsindən - yararlanaraq öz milli modelini formalaşdırmalıdır. Əsas mexanizmlər lisenziyalaşdırma, kapital və şəffaflıq tələbləri, müştəri aktivlərinin ayrıca saxlanılması və AML/KYC qaydaları ola bilər.
Gələcək sistem Azərbaycan banklarının Bitcoin və digər kriptovalyutalarla kastodial və broker xidmətləri göstərməsinə də imkan yarada bilər. Lakin bunun üçün kibertəhlükəsizlik, risklərin idarə edilməsi və kapital adekvatlığı üzrə xüsusi tələblər vacibdir.
Kriptovalyuta ilə ödənişlərin mümkünlüyü də gündəmdədir. Burada əsas məsələ texniki imkan deyil, vergi və mühasibat uçotu, əməliyyatların məzənnəsinin müəyyənləşdirilməsi, AML/KYC və istehlakçı hüquqlarının qorunmasıdır. İlkin mərhələdə rəqəmsal xidmətlər və turizm kimi sahələrdə pilot tətbiqlər nəzərdən keçirilə bilər.
Kriptobazar Azərbaycana yeni FinTech şirkətləri, investisiyalar və iş yerləri gətirə bilər. Lakin yüksək qiymət dəyişkənliyi, kibertəhlükəsizlik, çirkli pulların yuyulması və investorların itkiləri ciddi risklər olaraq qalır.
Nəticədə əsas məsələ kriptovalyutanın sadəcə leqallaşdırılması deyil, bazarın düzgün tənzimlənməsi və maliyyə sistemi ilə təhlükəsiz inteqrasiyasıdır.

Akif Nəsirli
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanın kriptovalyuta bazarını hüquqi çərçivəyə salmağa məhz indi ehtiyac duymasının əsas səbəbi bu sahənin artıq real iqtisadi münasibətlərə çevrilməsidir: “Kriptovalyutalardan istifadə edən insanların və şirkətlərin sayı artdıqca, bazarı hüquqi boşluqda saxlamaq mümkün deyil. Əks halda, həm investorların hüquqlarının qorunması, həm də maliyyə sisteminin təhlükəsizliyi baxımından ciddi problemlər yarana bilər.
Hazırda əsas boşluqlardan biri virtual aktivlərlə bağlı fəaliyyət göstərən platformaların, vasitəçilərin və xidmət təminatçılarının vahid qaydalar əsasında tənzimlənməsidir. İnvestor hansı platformaya etibar edə biləcəyini, onun vəsaitinin necə qorunduğunu və problem yarandıqda hara müraciət etməli olduğunu dəqiq bilməlidir. Eyni zamanda kriptovalyutaların istifadəsi çirkli pulların yuyulması, vergidən yayınma və kibercinayətkarlıq üçün imkan yaratmamalıdır. Buna görə lisenziyalaşdırma, müştərinin tanınması, əməliyyatların monitorinqi və müştəri aktivlərinin ayrıca saxlanılması mühüm əhəmiyyət daşıyır".
Bitcoin və digər kriptovalyutaların hüquqi statusuna gəlincə, iqtisadçı qeyd edib ki, onların birbaşa ənənəvi pul və ya qanuni ödəniş vasitəsi kimi tanınması zəruri deyil: “Daha real yanaşma onları əvvəlcə "virtual aktiv" və ya investisiya xarakterli maliyyə aktivi kimi hüquqi baxımdan müəyyənləşdirməkdir. Belə status kriptovalyuta ilə bağlı alqı-satqı, brokerlik, kastodial xidmətlər və digər fəaliyyətlərin tənzimlənməsinə imkan verər.
Ödəniş vasitəsi kimi istifadəyə isə ayrıca və daha ehtiyatlı yanaşmaq lazımdır. Çünki Bitcoin kimi aktivlərin məzənnəsi kəskin dəyişə bilir. Buna görə kriptovalyutanın gündəlik ödənişlərdə istifadəsinə icazə verilərsə, məzənnənin hansı anda müəyyənləşdirilməsi, vergi hesablaması, mühasibat uçotu və istehlakçının hüquqlarının qorunması kimi məsələlər əvvəlcədən dəqiq tənzimlənməlidir".
Akif Nəsirliyə görə, Azərbaycan üçün əsas məqsəd kriptovalyutanı nə tam qadağan etmək, nə də nəzarətsiz şəkildə sərbəst buraxmaq olmalıdır: "Ən düzgün model innovasiyaya imkan verən, lakin investorları, bank sistemini və maliyyə bazarını yüksək risklərdən qoruyan tənzimləmə sisteminin qurulmasıdır. Bu halda kriptobazar ölkəyə yeni FinTech şirkətləri və investisiyalar gətirə, eyni zamanda Azərbaycanın rəqəmsal maliyyə sektorunun inkişafına təkan verə bilər".
Qeyd edək ki, kriptovalyutanın hüquqi tənzimlənməsi sahəsində dünyada vahid model yoxdur. Lakin xüsusilə Sinqapur, BƏƏ və Avropa İttifaqının təcrübəsi göstərir ki, uğurlu yanaşmanın əsas şərti kriptovalyutanı nə tamamilə qadağan etmək, nə də nəzarətsiz buraxmaqdır. Əsas məqsəd bazarı lisenziyalaşdırmaq, şirkətlərin fəaliyyətinə aydın qaydalar müəyyənləşdirmək və investorları qorumaqdır.
Məsələn, Dubay modelində maraqlı məqam odur ki, bütün kripto xidmətləri eyni kateqoriyada qiymətləndirilmir. Birja fəaliyyəti, broker xidməti, aktivlərin saxlanılması, investisiya və idarəetmə, köçürmə və hesablaşma kimi fəaliyyətlər ayrıca lisenziyalaşdırılır. Kastodial xidmətlər üçün isə daha sərt tələblər tətbiq olunur və bu fəaliyyətin digər xidmətlərdən ayrıca təşkil edilməsi tələb olunur.
Avropa İttifaqı isə daha geniş miqyasda vahid qayda yaratmağa çalışıb. MiCA - Kriptoaktivlər Bazarları haqqında Qaydalar - kripto xidmətləri üçün ümumi hüquqi çərçivə formalaşdırır. Burada şirkətlərin lisenziyalaşdırılması, müştəri aktivlərinin qorunması, məlumatların açıqlanması, maraqlar toqquşmasının qarşısının alınması və istehlakçıların risklər barədə məlumatlandırılması kimi məsələlər xüsusi yer tutur. Məsələn, kriptoaktivləri müştərilər üçün saxlayan şirkətlərdən onların mülkiyyət hüquqlarını qorumaq üçün xüsusi mexanizmlər tələb olunur.
Braziliyanın təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Ölkə kriptovalyuta bazarını ayrıca qanunla tənzimləməyə başlayıb və virtual aktiv xidmətlərinin əsas tənzimləyicisi kimi Mərkəzi Bankı müəyyənləşdirib. Bununla yanaşı, qiymətli kağızlar kateqoriyasına düşən rəqəmsal aktivlər üzrə səlahiyyət Qiymətli Kağızlar Komissiyasında saxlanılıb. Beləliklə, Braziliya virtual aktivlərin hamısına eyni yanaşmaq əvəzinə, onların xüsusiyyətinə görə müxtəlif tənzimləyici qurumların səlahiyyətlərini ayırıb.
Bu ölkələrin təcrübəsindən görünən əsas məqam odur ki, uğurlu kriptobazarın formalaşması yalnız Bitcoin və digər rəqəmsal aktivlərin qanuni elan edilməsindən asılı deyil. Əsas məsələ bazarda kimlərin fəaliyyət göstərə biləcəyinin, hansı lisenziyaların tələb olunacağının, müştəri vəsaitlərinin necə qorunacağının, şirkətlərin nə qədər kapitala malik olmalı olduğunun və şübhəli əməliyyatların necə izlənəcəyinin əvvəlcədən müəyyənləşdirilməsidir.
Afaq MİRAYİQ,
“Yeni MÜSAVAT”
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ