İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın diplomatik imzası: COP29-dan COP30-a gedən yolda qlobal liderlik  

2023-cü ilin dekabr ayında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ölkə kimi müəyyən edildi. Hazırlıqlar cəmi 11 aya tamamlandı və ötən ilin noyabr ayında Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycan BMT-nin və ümumiyyətlə, dünyanın miqyasına görə ən böyük tədbirinə ev sahibliyi etdi. Hazırlıq müddətində beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizin üzərində oldu, COP29 bitdikdən sonra isə Azərbaycana maraq və diqqət daha da artdı.

Sayca 29-cu sessiya zamanı paytaxt Bakı 70 min iştirakçını, 80 dünya liderini qonaq etdi.  Əldə olunan nəticələr, verilən qərarlar Azərbaycanı qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanıtdı. Son ana qədər davam edən çətinliklər və gərginliklərə rəğmən, COP29-da tarixi qərarlar qəbul edildi. COP29 Sədrliyi tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı. Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) əvvəlki öhdəliklərlə müqayisədə üçqat artırılaraq daha yüksək səviyyədə müəyyən edilməsi, İtki və Zərər Fondunun fəaliyyətə başlaması-illik 170 milyard ABŞ dolları məbləğində maliyyənin ayrılması barədə qərarın elan edilməsi, Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam işlək hala gətirilməsi və onlarla digər mühüm qərarla Bakı COP-u qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Ölkəmiz yüksək səviyyəli təşkilatçılıqla da yadda qaldı. Həm təhlükəsizlik, həm də tədbir müddətində yaradılan şəraitlə bağlı yüksək fikirlər səsləndirildi.

Cari ildə baş verən qlobal siyasi və iqtisadi hadisələr fonunda COP30-dan gözləntilər o qədər də böyük deyildi. Daha çox adaptasiya kimi mövzuların müzakirə edilməsi gözlənilirdi. Lakin iqlim dəyişiklikləri ilə bağlı mövzulardan daha çox, təşkilatçılıqla bağlı nöqsanlar beynəlxalq medianın diqqət mərkəzindədir.  Qeyd etmək lazımdır ki, iqlim sammiti ilk dəfədir ki, Braziliyada, Belem şəhərində təşkil olunur. Öncədən də proqnozlaşdırıldığı kimi, bir sıra loqistik çətinliklər yaşanıb, nəqliyyat, otel çatışmazlığı ilə problemlər olub. Hətta təşkilatçılıq zamanı yolun tikintisi məqsədilə Amazon meşələrinin bir hissəsinin kəsilməsi narazılığa səbəb olub.

İştiraklılığa gəlincə, COP30-da əvvəlki sammitlərə nisbətən daha az iştirakçı qeydiyyatdan keçib.

Müqayisə üçün Bakıda keçirilən COP29-da təxminən 70 min, Dubayda keçirilən COP28-də isə təxminən 84000 iştirakçı olub. Braziliya ən azı 45000 iştirakçı gözləyirdi, lakin yerləşmə məsələləri bir çox ölkədə narahatlığa səbəb olub və bəzi ölkələr nümayəndə heyətinin tərkibini azaltmaq məcburiyyətində qalıb.

Sammitin ilk günü insidentlə başlayıb. Noyabrın 11-də yerli əhali və yerli icmaları təmsil edən qruplar konfransın keçirildiyi məkana daxil olmağa cəhd edib və bu, təhlükəsizlik qüvvələri ilə toqquşmaya səbəb olub. Ötən axşam baş verən yanğın isə danışıqlar prosesinin gedişatına maneə yaradıb. Hadisə nəticəsində konfrans mərkəzinin bir hissəsinə ziyan dəyib və müvəqqəti olaraq təxliyə prosesi aparılıb.  Rəsmi şəxslər bildiriblər ki, təhlükəsizlik tədbirləri gücləndirilib və gün ərzində bütün sessiyaların plan üzrə davam etməsi üçün zəruri addımlar atılır. Təşkilatçılar həmçinin qeyd ediblər ki, müzakirələrin pozulmasına yol verilməyəcək və bütün tərəflərin iştirakını təmin etmək üçün əlavə mexanizmlər hazırlanır. İştirakçı ölkələrin nümayəndə heyətləri baş verənlərə baxmayaraq, dialoqu davam etdirməyin vacibliyini vurğulayıblar.

Bu gün isə 30-dan çox ölkə COP30 Sədrliyinə məktub ünvanlayaraq, yekun sənədin yenidən işlənməsini və mədən yanacaqlarından imtina üçün ədalətli, ardıcıl və bərabər keçidi təmin edən konkret “yol xəritəsi”nin mətnə salınmasını tələb edib.

Beləliklə, aydın olur ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, təkcə qlobal iqlim gündəliyinə töhfə vermək baxımından deyil, həm də ölkənin beynəlxalq arenada artan nüfuzunun təsdiqi kimi qiymətləndirilir. Bəzi dövlətlər üçün uzun illər tələb edən təşkilati hazırlıq Azərbaycan tərəfindən cəmi 11 aya başa çatdırıldı və bu, beynəlxalq tərəfdaşlar üçün ölkəmizin çoxşaxəli koordinasiya imkanlarını nümayiş etdirdi. Bakı COP-unun uğuru onun yalnız miqyası ilə deyil, həm də nəticələrin mahiyyəti ilə ölçüldü. Bu nəticələr Azərbaycanın etibarlı dialoq meydanı, konsensus yaradan vasitəçi və qlobal çağırışlara qarşı kollektiv fəaliyyətin fəal tərəfdarı kimi rolunu daha da gücləndirdi. Azərbaycanın  COP29-da ortaya qoyduğu nümunə göstərdi ki, iqlim diplomatiyasında təşkilatçılıq, inklüzivlik, tərəflərarası balans və peşəkar koordinasiya qlobal qərarların qəbul edilməsinə birbaşa təsir göstərir. Bunun nəticəsində Bakı yalnız tədbirin uğurlu ev sahibi kimi deyil, davamlı iqlim prosesinin etibarlı tərəfdaşı kimi də yadda qaldı.

Sonda vurğulayaq ki, Azərbaycan COP31-in təşkil olunacağı ölkənin müəyyənləşdirilməsi prosesində vasitəçi kimi çıxış edərək diplomatik rolunu bir daha nümayiş etdirdi və nəticədə COP31-in Türkiyədə keçirilməsi qərara alındı.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR