İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputat Paşinyanın sülh mükafatını onun “burnundan gətirdi” 

Ermənistanın baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək.

Musavat.com bildirir ki, bu barədə Hessen federal torpağının parlamenti məlumat yayıb.

Məlumata görə, 51 yaşlı siyasətçi bu mükafata “ölkədə demokratik institutların yaradılması və Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində yorulmaz səylərinə görə” layiq görülüb.

Mükafatın məbləği 25 min avrodur. O, 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən təqdim olunur.

Mükafat müharibələrin və ya zorakılıq riski yaradan münaqişələrin dayandırılması istiqamətində göstərilən səylərə, qabaqlayıcı tədbirlərə, zorakı münaqişələrin qarşısının alınması strategiyalarının hazırlanmasına və beynəlxalq anlaşmaya verilən töhfəyə görə təqdim edilir.

Fond Hessenin keçmiş baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib. Fondun Himayəçilər Şurasına sülh məsələləri ilə məşğul olan Almaniyanın aparıcı elmi-tədqiqat institutlarının nümayəndələri daxildir. Onlar sülh mükafatının verilməsi ilə bağlı məsələlərə dair məsləhətlər verirlər.

Mükafatlandırma mərasimi sentyabrın 18-də Almaniyanın Hessen federal torpağının parlamentində keçiriləcək.

Qeyd olunur ki, Paşinyanı səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.

Səfər çərçivəsində baş nazirin Frankfurt Ticarət və Sənaye Palatasında işgüzar dairələrin nümayəndələri ilə görüşməsi və Darmştadtda Fraunhofer Struktur Davamlılığı və Sistem Etibarlılığı İnstitutuna baş çəkməsi nəzərdə tutulur. Paşinyan burada hidrogen sahəsində aparılan tədqiqatlarla tanış olacaq.

Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamış, saysız müharibə cinayətlərinə yol vermiş bir ölkənin rəhbəri nə dərəcədə adıçəkilən mükafatı almağa haqq edir? Üstəlik, Ermənistanda kütləvi repressiya da davam edir və demokratiya adına proses baş vermir.

MİRZEBEY.jpeg (77 KB)

Deputat Elçin Mirzəbəyli Musavat.com-a deyib ki, Hessen parlamentinin açıqlamasında Paşinyanın mükafata Ermənistanın demokratik institutlarının inkişafına, Avropa İttifaqı ilə yaxınlaşmasına və Azərbaycanla uzunmüddətli münaqişənin sülh yoluyla həllinə verdiyi töhfələrə görə layiq görüldüyü bildirilir:

“Mükafatın təsisçiləri tərəfindən müəyyənləşdirilmiş meyarlara əsasən, onun məqsədi müharibələrin və zorakı münaqişələrin qarşısının alınmasına, beynəlxalq anlaşmanın inkişafına və sülhə töhfə verən siyasi fəaliyyətin qiymətləndirilməsidir. Lakin Paşinyanın bugünkü sülh siyasətini düzgün qiymətləndirmək üçün onun hakimiyyətə gəldiyi dövrdəki mövqeləri, 2020-ci il müharibəsinə qədər və müharibə zamanı nümayiş etdirdiyi siyasi ritorika, 2020 və 2023-cü illərdən sonra regionda yaranmış yeni reallıq və nəhayət, Ermənistanın həmin reallıq çərçivəsində sülh prosesinə keçidi birlikdə nəzərdən keçirilməlidir. Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi Ermənistanda siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnsə də, bu dəyişiklik ilk mərhələdə Ermənistanın Qarabağ məsələsindəki fundamental mövqeyinin könüllü, bölgədə davamlı sülhün əldə edilməsi üçün dəyişməsi ilə müşayiət olunmadı. Əksinə, Paşinyanın hakimiyyətinin ilk illərində onun əvvəlki Ermənistan hakimiyyətlərinin mövqelərindən kəskin şəkildə fərqlənən konstruktiv və ya kompromis yönümlü xəttin formalaşdığını söyləmək çətindir. Bu baxımdan Paşinyanın siyasi ritorikasını Robert Köçəryan və Serj Sarkisyan dövrlərindəki rəsmi Ermənistan ritorikasından tamamilə fərqləndirmək metodoloji baxımdan əsaslandırılmış görünmür. Fərqli siyasi mənşəyə və hakimiyyətə gəlmə formasına baxmayaraq, həmin mərhələdə hər üç, yaxud iki siyasi xəttin əsasında Azərbaycanın ərazi bütövlüyü məsələsində aqressiv yanaşmalar yer alırdı. Xüsusilə 2020-ci il müharibəsinə qədərki dövrdə Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə yadda qalan mövqeyi Ermənistanın danışıqlar prosesində kompromis imkanlarını məhdudlaşdıran siyasi ritorikanın nümunələrindən biri kimi qiymətləndirilə bilər. 2020-ci il müharibəsinin gedişində də Ermənistan rəhbərliyinin mövqeyində prinsipial yumşalma müşahidə olunmadı. Əksinə, müharibənin ilk mərhələlərində Nikol Paşinyan Ermənistanın və işğal nəticəsində mövcud olan separatçı rejimin mövqelərini müdafiə edən sərt siyasi ritorikanı davam etdirdi. Bu məqam isə mühüm əhəmiyyət daşıyır, çünki Paşinyanın bugünkü sülh siyasətinin onun siyasi fəaliyyətinin bütün mərhələlərində mövcud olmuş dəyişməz strategiya kimi təqdim edilməsi tarixi prosesin obyektiv reallıqlarına uyğun gəlmir”.

E.Mirzəbəyli xatırladıb ki, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz tarixi və qanuni ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti bərpa etdi:

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat isə regionda yeni təhlükəsizlik və kommunikasiya çərçivəsinin formalaşmasına səbəb oldu. Bu prosesin mühüm xüsusiyyəti ondan ibarət idi ki, Ermənistanın əvvəlki status-kvonu qorumaq imkanları ciddi şəkildə məhdudlaşdı. 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi hərbi əməliyyatdan sonra Azərbaycanın suverenliyinin tamamilə bərpa olunması isə işğalın və onun doğurduğu siyasi-hərbi vəziyyətin tamamilə başa çatması ilə nəticələndi. Beləliklə, Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələ yarandı və bu mərhələdə danışıqların əsas predmetləri arasında dövlətlərarası münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması və nəqliyyat-kommunikasiya məsələləri ön plana çıxdı”.

İLHAM ESGER.jpg (246 KB)

Milli Məclisin üzvü bildirib ki, bu kontekstdə Paşinyanın sonrakı sülh siyasətini yalnız onun şəxsi siyasi iradəsinin nəticəsi kimi izah etmək natamam yanaşma olardı:

“Çünki həmin siyasətin meydana çıxmasına təsir göstərən əsas amillərdən biri 2020 və 2023-cü illərdə formalaşmış yeni siyasi-hərbi reallıq idi. Başqa sözlə, Paşinyanın sülh prosesinə keçidini qiymətləndirərkən onun siyasi mövqeyində baş verən dəyişikliklə regionda baş vermiş obyektiv dəyişiklik arasında səbəb-nəticə əlaqəsinin nəzərə alınması zəruridir. Paşinyanın sonrakı illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevirməsi danılmaz faktdır. Ermənistan hökuməti 2024–2025-ci illərdə sülh müqaviləsinin mətninin hazırlanması, sərhədlərin delimitasiyası və qarşılıqlı ərazi bütövlüyünün tanınması istiqamətində birbaşa danışıqlarda daha fəal iştirak etdi, 2025-ci ilin martında sülh müqaviləsi layihəsinin mətninin razılaşdırıldığı elan edildi, həmin ilin avqustunda isə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə sülh prosesinin növbəti mərhələsinə keçidi nəzərdə tutan sənədlər imzalandı. Bu mərhələni Paşinyanın siyasi fəaliyyətində ciddi dəyişiklik kimi qiymətləndirmək mümkündür. Lakin həmin dəyişikliyin səbəbləri onun şəxsi siyasi dünyagörüşündəki dəyişikliklə izah edilə bilməz. Ermənistanın 2020-ci ildən sonra üzləşdiyi hərbi-siyasi reallıq və 2023-cü ildə qismən mövcud olan status-kvonun tamamilə dəyişməsi Paşinyan hökumətinin qarşısında yeni strateji seçimlər qoydu”.

Elçin Mirzəbəylinin fikrincə, bu baxımdan “Paşinyan sülh yaratdı” iddiası ilə “Paşinyan yaranmış yeni reallığı qəbul edərək sülh prosesinə keçməyə məcbur oldu” yanaşması arasında prinsipial fərq mövcuddur:

“Birinci yanaşma sülh prosesinin yaranmasını əsasən konkret siyasi liderin şəxsi fəaliyyətinin nəticəsi kimi təqdim edir. İkinci yanaşma isə həmin liderin fəaliyyətini daha geniş tarixi və geosiyasi prosesin tərkib hissəsi kimi nəzərdən keçirir”.

Deputat qeyd edib ki, məsələyə Azərbaycan ədalətli mövqeyindən yanaşdıqda ikinci izah xüsusilə əhəmiyyətlidir:

“Çünki Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində uzun illər davam edən siyasi, diplomatik və hərbi mübarizədən sonra 2020 və 2023-cü illərdə əvvəlki status-kvonu aradan qaldırdı. Sonrakı sülh prosesi məhz bu dəyişmiş reallıq üzərində formalaşdı. Bu səbəbdən Paşinyanın sülh prosesindəki rolunu qiymətləndirərkən Azərbaycanın həmin proses üçün yaratdığı yeni siyasi şərtlərin ayrıca qeyd olunması zəruridir. Mükafatın digər əsaslandırması Paşinyanın Ermənistanda demokratik institutların inkişafına verdiyi töhfə ilə bağlıdır. 2018-ci il siyasi dəyişiklikləri Ermənistanın siyasi sistemində mühüm transformasiyaya səbəb olmuş və Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə seçkilər yolu ilə hakimiyyətini möhkəmləndirmişdi. Bu baxımdan onun hakimiyyətə gəlməsinin Ermənistanın siyasi həyatında dəyişikliklərlə əlaqələndirilməsi müəyyən faktiki əsaslara malikdir. Lakin demokratik idarəçilik anlayışını yalnız hakimiyyətin seçkilər vasitəsilə formalaşması ilə məhdudlaşdırmaq mümkün deyil. Demokratik sistemin keyfiyyətinin qiymətləndirilməsində siyasi plüralizm, müxalifətin fəaliyyət imkanları, məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquq-mühafizə orqanlarının siyasi hakimiyyətdən müstəqilliyi, ifadə azadlığı kimi meyarlar da mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan Paşinyan hakimiyyətinin son illərdəki fəaliyyəti ilə bağlı müəyyən ziddiyyətli qiymətləndirmələr meydana çıxıb. Ermənistanda keçmiş hakimiyyət nümayəndələri, müxalif siyasətçilər və hökuməti tənqid edən bəzi şəxslər barəsində cinayət işlərinin başlanması və həbslər hakimiyyət tərəfindən hüquqi proses kimi izah edilsə də, müxalifət və bəzi müşahidəçilər bu proseslərin siyasi motivli olduğunu bildirir və bir çox hallarda əsaslandırırlar. Hessen Sülh Mükafatının Paşinyana təqdim edilməsinin digər müzakirə edilə biləcək aspekti sülh prosesinin fərdi liderin xidmətinə endirilməsidir. Ermənistan-Azərbaycan sülh prosesi yalnız Ermənistan hökumətinin və ya yalnız Paşinyanın fəaliyyətinin nəticəsi deyil. Bu prosesdə Azərbaycan tərəfinin mövqeyi və diplomatik fəaliyyəti, hər iki ölkənin dövlət institutları və tərəflərin uzunmüddətli danışıqları mühüm rol oynayıb”.

Deputatın sözlərinə görə, daha fundamental məsələ isə ondan ibarətdir ki, bugünkü sülh gündəliyinin formalaşması əvvəlki status-kvonun dəyişməsindən sonra mümkün olub. 2020-ci il müharibəsi, 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpası, sonrakı sərhəd delimitasiyası və qarşılıqlı ərazi bütövlüyünün tanınması istiqamətində atılan addımlar sülh prosesinin siyasi çərçivəsini müəyyənləşdirən əsas hadisələrdir:

“Bu baxımdan sülhün yalnız danışıqlar masasındakı son mərhələsi əsasında qiymətləndirilməsi onun yaranmasına səbəb olan tarixi prosesin əhəmiyyətini azalda bilər. Paşinyanın sülh prosesində müəyyən siyasi rolu olduğunu qəbul etmək mümkündür, lakin həmin rolun qiymətləndirilməsi sülh prosesinin yaranmasına səbəb olan əvvəlki mərhələləri kölgədə qoymamalıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası sülh danışıqlarının hazırkı məzmununu müəyyən edən əsas amillərdən biridir. Bütövlükdə, Cənubi Qafqazdakı bugünkü sülh gündəliyini Paşinyanın bu prosesdəki rolu ilə izah etmək tamamilə yanlışdır. Sülh gündəlik uzunmüddətli münaqişənin, hərbi-siyasi status-kvonun dəyişməsinin, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, Ermənistanın siyasi mövqeyində baş verən məcburi dəyişikliklərin və nəhayət, tərəflərin diplomatik danışıqlarının nəticəsində formalaşıb. Paşinyanın bu prosesdəki rolunu həmin bütöv tarixi kontekstdən çıxararaq ayrıca qiymətləndirmək isə prosesin səbəb-nəticə əlaqələrinin mühüm hissəsini nəzərdən qaçırmaq deməkdir”.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR