Onlayn ictimai-siyasi qəzet
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb. Enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatını əhatə edən layihələr üzrə elan olunan bu məbləğ kifayət qədər böyük rəqəmdir.
İyun ayında elan edilmiş layihələr də nəzərə alınanda, Azərbaycanın yeni investisiya portfeli 16,7 milyard dollara çatır. Amma burada əsas sual təkcə 10,8 milyard dolların hansı layihələrə yönəldiləcəyi deyil. İmzalanan sənədlərin hansı hissəsi konkret investisiya öhdəliyidir, hansı hissəsi isə niyyət və əməkdaşlıq sənədidir? Elan olunan milyardların nə qədəri real olaraq Azərbaycana gələcək və iqtisadiyyatda nə vaxt hiss olunacaq?
Forum çərçivəsində “Abşeron” yatağının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi də diqqət çəkir. Layihə üzrə hasilatın 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlanması, illik 4,5 milyard kubmetrədək qaz və gündə 37 min barel kondensat hasil olunması planlaşdırılır. Bəs bu investisiya paketinin Azərbaycan iqtisadiyyatına real təsiri nə olacaq? İmzalanan sənədlərin nə qədəri faktiki sərmayəyə çevrilə bilər və “Abşeron-2” ölkənin qaz ixracında hansı dəyişikliklərə səbəb olacaq?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi baxımından mühüm platformadır. Bu forum vasitəsilə Azərbaycanın iqtisadi potensialı, investisiya imkanları və biznes mühiti xarici investorların, dövlət nümayəndələrinin və ekspertlərin diqqətinə çatdırılır. Aktivlərinin ümumi həcmi 39 trilyon dollar olan şirkətlərin forumda iştirakı da Azərbaycana və onun investisiya potensialına beynəlxalq marağın yüksək olduğunu göstərir.
Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənədin imzalanması mühüm göstəricidir. Təbii ki, bu sənədlərin hamısını birbaşa investisiya öhdəliyi kimi qiymətləndirmək düzgün olmaz. Onların arasında niyyət protokolları və əməkdaşlıq sənədləri də var. Lakin bu sənədlər potensial investisiyaların formalaşması üçün ilkin mərhələdir. Növbəti mərhələdə investorlar müvafiq layihələr üzrə araşdırmalar aparacaq, iqtisadi səmərəliliyi qiymətləndirəcək və konkret istiqamətlər üzrə investisiya qərarları verəcəklər. Bu baxımdan əsas hədəf yalnız elan olunan investisiya məbləğinin böyüklüyü deyil, həmin layihələrin real investisiyaya çevrilməsi və iqtisadiyyatda konkret nəticə yaratmasıdır”.
Deputat qeyd edib ki, xüsusilə qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi Azərbaycanın iqtisadi siyasətində prioritet istiqamətlərdən biridir: “Bu sahədə potensial kifayət qədər böyükdür. Enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı investorlar üçün perspektivli istiqamətlərdir. Eyni zamanda, mədən sənayesinin inkişafı da yeni investisiya imkanları yaradır. Bu sektor kapital tutumlu olmaqla yanaşı, yüksək əlavə dəyər yaratmaq potensialına malikdir. Neft-qaz sektoru da yeni investisiyalar üçün əhəmiyyətini qoruyur. Yeni yataqların kəşfiyyatı, mövcud yataqlarda hasilatın artırılması və yeni layihələrin icrası Azərbaycanın enerji potensialını daha da genişləndirə bilər.
Məsələn, “Abşeron” yatağının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi mühüm hadisədir. Layihənin tam gücü ilə həyata keçirilməsi hasilatın artırılmasına və Azərbaycanın enerji ixracı imkanlarının genişlənməsinə şərait yarada bilər. Bu isə ölkənin beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər. Forum çərçivəsində imzalanmış sənədlərin müəyyən hissəsinin belə konkret layihələrə və real investisiyalara çevrilməsi Azərbaycan iqtisadiyyatında hiss olunan nəticələr yarada bilər. Bu investisiyalar yeni istehsal və xidmət sahələrinin formalaşmasına, məşğulluğun artmasına, iqtisadi şaxələndirmənin sürətlənməsinə və əhalinin rifahının yüksəlməsinə töhfə verə bilər”.
Afaq Mirayiq,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ