İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı "morj"un buz kimi Xəzərdə qandonduran üzgüçülüyü - Video  

Qışın sərt üzünü göstərdiyi günlərdə, şaxtanın və soyuq küləyin hökm sürdüyü Bakıda hər kəs isti məkan axtardığı bir vaxtda Şıxov çimərliyində fərqli mənzərə diqqət çəkir. Yanvarın qarlı-şaxtalı günlərində Xəzərin soyuq sularına girən bakılı Andrey Spridonov üçün isə bu, artıq adi bir həyat tərzinə çevrilib.

Musavat.com-un məlumatına görə, qış fəslinin və yanvar ayının olmasına baxmayaraq, Andrey hər gün Şıxova gələrək dənizdə üzür. Onun sözlərinə görə, nə şaxta, nə də buz kimi su onu qorxudur. Artıq 5 ildir ki, “morjluqla” məşğul olan Spridonov bu vərdişinə ilin ilk günündə də sadiq qalıb. Yanvarın 1-də o, Yeni ili Xəzər dənizində qarşılayıb, hətta yeni il təbrikini də dənizin içindən edib.
Bakılı “morj” deyir ki, bu işin ən çətin tərəfi başlanğıc mərhələsidir:

“Havadan asılı olmayaraq – yağış, qar, külək olsa da – Şıxova gəlirəm və üzürəm. Əla hissdir. 5 ildir ki, bununla məşğul oluram. Mən çalışıram ki, insanları da buna motivasiya edim. Bu, həm çox xoşdur, həm də faydalıdır. İnsanlar qorxmamalıdırlar, bu, bədəni möhkəmləndirir”.

Andrey Spridonovun sözlərinə görə, soyuq suda üzmək təkcə fiziki deyil, həm də psixoloji dözümlülüyü artırır. O hesab edir ki, düzgün yanaşma və tədrici alışma ilə hər kəs bu vərdişi qazana bilər. Şıxov sahilində Xəzərin dalğaları ilə baş-başa qalan bakılı “morj” üçün isə qış dənizi qorxulu yox, həyat enerjisi mənbəyidir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR