Onlayn ictimai-siyasi qəzet
Messi çaxırı “Sprayt”la içir, sosial şəbəkələrdən isə ancaq “Tik-tok”a baxırmış. Əsl bizim adamdır. Axı camaatımız arasında da içkiləri bir-birinə qatmaq, viski ilə ayran, araqla pivə, nə bilim, tekila ilə narşərab vurmaq kimi milli adətlər vardır. Mən özüm çay dəmləyəndə onun tərkibinə kəkotu, solmazçiçəyi, nanə, mixək, dəvədabanı, eşşək qanqalı, limon qabığı (bunu Barış Mançonun xatirəsi üçün əlavə edirəm), şpaklyovka, əlif yağı, regionların inkişaf proqramının vərəqini, XCP partiyasının Venesuela hadisələri haqda bəyanatından cümlələri və sairə elementləri qatıram, çox maraqlı kompozisiya alınır. Hətta arvad-uşaq bəzən sevincdən narazı qalır, “çay əvəzinə kompot içirik” söyləyirlər. İnşallah, vaxt gələndə mənim qədrimi biləcəklər. Dünyada bu çay buketini tapmayan ailələr vardır.
Messinin zövqünün formalaşmasında Azərbaycana məşhur səfəri, Adnan müəllimə şəkil çəkdirməyi böyük rol oynayıbdır. Elə “Tik-tok”a baxmağı da burda öyrənib. Ən çox da o balaca, atasına söyüş söyən uşağı izləyirmiş. Adnan müəllimin türməyə düşməyi də Messiyə mənfi təsir göstərmişdir. “Sprayt”a şəkər qatıb içirmiş.
Ətraf mühitin insana təsirləri qaçılmazdır. Misal üçün, Xəzər dənizi quruduqca sahil zolağından çoxlu sayda cadu-piti aşkara çıxmağa başlayıbdır. Adətən sular çəkiləndə başqa ölkələrdə hansısa arxeoloji abidə, vikinq gəmisi, nə bilim, küpə-zad tapırlar. Elə yadınıza gəlirsə, keçən il Roma papasının Türkiyəyə səfəri təxminən bənzər motivlə baş vermişdi: orda bir göl var, suyu azalıb, altından qədim kilsə çıxıb, versiya var ki, bu, məhz neçənci əsrdəsə xristianların beynəlxalq toplaşma məkanı olubdur. Uzun sözün qısası, bizdə isə su çəkiləndə cadular tapıldı. Eh, amma vaxt var idi, biz də Səbayel qalasının qalıqlarını tapardıq.
Bilmirəm nə dərəcədə həqiqət idi, videoçəkilişdən görünürdü ki, 1 kvadrat metrlik qumluqda yalan olmasın, 10 dənə cadu üzə çıxmışdır. Kilid, qıfıl, ip-zad kimi şeylər. O bunun bəxtini bağlayıb, bu onun ailəsini dağıdıb, üçüncü hamının evini yıxıb və sairə. Belə də iş olar? Bəs hökumət hara baxır? Nə üçün əlaqədar orqanlar tədbir görməmişdir?
Əlbəttə, millətin özündə də günah çoxdur. Sonra orda-burda bəziləri ağlaşma qurur, uşaq pulu, pensiya, nə bilim, orden-medal istəyirlər. Hardan? Bu qədər cadunun qabağında hələ 2026-cı ilə keçə bilmişik, şükür eləyin. Millətin yarısı ADU-da oxuyur, yarısı cadu toxuyur. (Qafiyəni qonşu mollaya yazdırmışam, köşənin üstündən asacam, pis gözlər oxuyanda çıxsın).
Məndə belə elmi versiya var ki, Xəzərin suyu elə bu cadu-pitilər üzündən qurumaqdadır. Bir alimimizin proqnozuna görə, hətta Xəzər iki yerə bölünməlidir. O qədər caduya su dözər? Nifrin, qarğış, söyüş, zəhər-zəhrimarı oxuyub, qıfıllayıb dənizə atırlar, axırı da bu... Yəqin ki, yaxın gələcəkdə dənizə cadu atmaq cinayət məsuliyyəti yaratmalıdır. O cümlədən, başqasına cadu eləyənlər, “xoztovar”dan qıfılı bu məqsədlə alanlar da tutulsa yaxşı olar. Qıfıl və açarlar lisenziya ilə satılmalıdır. Ümumiyyətlə, ölkəmizdəki sabitlik şəraitində düzgün adamsansa, niyə qıfıl alırsan? Haranı bağlamaq istəyirsən? Bunlar hamısı əlaqədar orqanlar tərəfindən aşkarlanmalıdır.
Yeri gəlmişkən, bu işlərin üzərinə düşmək, vaxtında tədbir görmək elə ən çox əlaqədar orqanların özünə lazımdır. Mən neçə dəfə cinayət xronikalarında rast gəlmişəm, sən demə, bəzi qruplaşmalar məhz vəzifəli şəxslərin şəkillərini gizli çəkir, onları cadu eləyib qəbristanlıqda köhnə məzarların dibinə basdırırlar. Az keçmir, görürsən, vəzifəli şəxsi işarəli pulla, başına torba keçirib apardılar.
İndi qalır Messiyə cadu eləyək, “İmişli” klubuna transfer olunsun.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ