İnsanlara hürriyət, millətlərə istiqlal!

Daimi və daxili ixtilaflar – İslam ölkələri saatlarını yenə tutuşdurmurlar

Müxtəlif müsəlman ölkələrində vaxtaşırı islam həmrəyliyinə həsr olunan sammitlər, konfranslar və digər beynəlxalq tədbirlər keçirilsə də, bu arxu-xəyal hələ də gerçəkləşməkdən uzaqdır.

Regionda baş verən son hadisələr göstərir ki, müsəlman ölkələri arasında altdan-altdan müharibə gedir. Hələlik onlar lokal toqquşmalarla kifayətlənirlər, ancaq gedişat göstərir ki, böyük savaşa bir şey qalmayıb.

Bu günlərdə Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyaddakı məktəblilərin bütün həftə ərzində distant təhsil alacağını açıqlayıb. Buna səbəb paytaxt və krallığın digər şəhərlərinin Yəməndəki “Ənsarullah” (husiçilər – Hüseyn əl-Husinin ardıcıllarrı) hərəkatının dronları tərəfindən hücuma məruz qalmasıdır.

Qanuni hakimiyyəti ölkənin paytaxtı Sənadan didərgin salmış yəmənli üsyançılar artıq Səudiyyə Ərəbistanın hərbi və enerji obyektləri ilə yanaşı, mülki obyektləri də hədəfə alıblar, hətta bütün müsəlmanlar üçün müqəddəs şəhər olan Məkkəyə də dron hücumu ediblər.

Husiçilər Səudiyyə Ərəbistanına ona görə hücum edirlər ki, Yəməndəki hökumətə məhz Ər-Riyad dəstək verir. Onlar Səudiyyə ərazisində yerləşən müqəddəs məkanı hədəf aldıqlarını inkar edirlər, bir ölkə üçün isə bütün yaşayış məntəqələri toxunulmazdır. “Məkkəyə dəymirik, eləcə Ər-Riyadı vururuq” açıqlaması krallığın rəhbərliyini ovundura bilməz.

Əksinə, müqəddəs məkanlara hücum digər müsəlman ölkələrin rəhbərliyini də qıcıqlandıra bilər ki, belə bir hal olub: bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq quran Türkiyə Məkkəyə edilən hücumu pisləyib. Ankara yəmənli üsyançıların dini mərkəzi hədəf aldığına inandığını bildirib.

Bu, “Məkkə paktı”nın müddəalarını hərəkətə gətirə bilər. Məlum olduğu kimi, bu ilin avqust ayında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan üçtərəfli hərbi əməkdaşlıq alyansı qurublar və bu sazişə görə, paktı imzalayanlardan birinin hücuma məruz qaldığı halda digər ikisinin münaqişəyə qarışmaq haqqı nəzərdə tutulub.

Yeni yaradıldığı vaxt bu hərbi alyans NATO ilə müqayisə edilirdi, ancaq hansı qüvvələrə qarşı olduğu tam aydın deyildi. Bəziləri onu "müsəlman NATO-su", digərləri "sünni NATO-su” adlandırırdı. Birinci variantda “Məkkə paktı”nın əsasən İsrailə qarşı olduğu anlaşılırdısa, ikinci variant alyansın İrana qarşı yaradıldığını bəlli edirdi. Çünki Yaxın Şərqdəki dövlətləri çoxu sünni məzhəbinə etiqad edir, yalnız İran və onun süni peykləri şiə məzhəbinə tapınır. Hazırda Səudiyyə Ərəbistanına başağırısı yaradan Yəmən üsyançıları da şiədirlər və İrandan aldıqları yardımla Ər-Riyadı yardım üçün başqa dövlətlərə (ABŞ, Türkiyə, Pakistan) ağız açmağa vadar edirlər.

İranın “Məkkə paktı”na daxil olan ölkələrin hər üçü ilə fərqli münasibəti var: Türkiyə ilə yarırəqib-yarımüttəfiqdir, Pakistanla umu-küsülü anlaşma içindədir, Səudiyyə Ərəbistanı ilə düşməndir.

Eyni zamanda “Məkkə paktı” ölkələrinin İsraillə münasibətləri də fərqlidir: Türkiyə İsraillə düşməndir, Pakistanın İsrailə ciddi iradları var, Səudiyyə Ərəbistanı isə İsrailə daha yumşaq mövqedədir.

Prinsipcə, islamın müxtəlif məzhəblərindən olan müsəlmanların birləşdirici məkanı Məkkədir və onların hamısı Kəbəni baş səcdəgahları saydıqları üçün Səudiyyə Ərəbistanı ilə ehtiramlı davranmalıdırlar. Ancaq həmişə belə olmur. Səudiyyəlilərin fikrincə, 2016, 2017 və 2019-cu illərdə husiçilər döyüşlər zamanı müqəddəs şəhərə İrandan aldıqları ballistik raketlər atıblar. 2016-cı ildə İran vətəndaşlarının Kəbədə Həcc ziyarətini yerinə yetirməsi mümkün olmayıb. O zaman Tehran və Ər-Riyad bu hadisəyə görə bir-birini günahlandırıb.

Şərqdən uzaq ölkələrin ictimaiyyəti İslam dünyasını əsasən ümumiləşdirərək qəbul edir, təxminən iki milyard insanı "müsəlmanlar" adlandırır. Lakin daha yaxından araşdırdıqda məlum olur ki, İslam dünyasının daxili son dərəcə müxtəlifdir. Burada ciddi ziddiyyətlər, barışmaz ixtilaflar, hətta tək bir ölkə daxilində əsrlər boyu davam edən fikir ayrılıqları var. Ərəb monarxiyaları ilə ərəb respublikaları arasında qarşılıqlı bəyənməzliklə yanaşı, Livan, Suriya, İraq və Fars körfəzi monarxiyalarında şiə azlıqlarla sürüb gedən intirqalar mövcuddur.

Ayrıca İsrailə münasibətdə də islam ölkələri arasında həmişə ziddiyyət olub. 60 il öncə ərəb ölkələri Fələstin münaqişəsi üzündən İsraillə açıq müharibə şəraitində olanda regionun iki qüdrətli dövləti olan Türkiyə və İran İsraillə müttəfiq idilər. (Sonradan Misir İsraillə separat sülh müqaviləsi imzaladı). İndi əksər ərəb ölkələri İsraillə anlaşmaya, barışığa meylləndikləri vaxt, məhz İran və Türkiyə İsraillə düşməndirlər – yenə də Fələstin məsələsinə görə.

Əslində Yaxın Şərqdə gedən bu siyasi çiyinləşmələrin əsl səbəbi regional nüfuz, dominantlıq əldə etmək üçündür. Ortaya məzhəb ayrılığı da girincə əsl məqsədi ideolojiləşdirmək mümkün olur.

Proseslərə sırf din-məzhəb prizmasından yanaşılardısa, 1994-2020-ci illər arasında bütün islam dünyası Azərbaycanın haqq işini dəstəkləməli, onun ərazisinin 20 faizinin xristian Ermənistan tərəfindən işğal edilməsini, 750 mindən artıq vətəndaşımızın zülmə məruz qalmasını pisləməliydi. Ancaq belə olurdumu? Olmurdu. Əksinə, bəzi müsəlman ölkələri Ermənistana açıq-aşkar kömək edir, onunla əməkdaşlıq sazişləri imzalayırdılar. Yəni hər dövlət öz marağından çıxış edirdi və islam həmrəyliyinə sədaqət prinsipi bu maraqların ilk yerlərində deyildi.

Amma indi vəziyyət bir qədər dəyişib. Bu dəfə bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün islam həmrəyliyi və təəssübkeşliyini ön plana çıxarıblar və öz mənafeyini düşünərək yeni kampaniyalarda aktivlik etmək istəməyən müsəlman ölkələrini qınayırlar.

Bu, bir gerçəkdir ki, müxtəlif ölkələrin öz maraqları var və bütün müsəlman ölkələri total futbol oynayan komandalar kimi hərəkət edə, hamılıqla hücuma keçə, hamılıqla müdafiəyə çəkilə bilməzlər. İndiyədək belə bir şey mümkün olmayıb, indən belə də olacağı gözlənilmir.

Belə anlaşılır ki, Avropanın xristian ölkələri “islam ekspansiyası”ndan əbəs yerə ehtiyat edirlər. Müsəlmanlara başqa düşmən lazım deyil, özləri özlərinə bəsdir. Min illərdir işlətdikləri təqvimdəki saat fərqini “mətanətlə” qoruyub saxlayan, uzlaşdırmayan, eyni bayramları fərqli günlərdə qeyd edən məzhəbçi dövlətlər heç bir xarici güc-təhlükə qarşısında saatlarını tutuşdurmayacaqlar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR