Onlayn ictimai-siyasi qəzet
Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərə ailələrin köçürülməsi davam edir. İllər sonra doğma yurdlarına qayıdan sakinlər üçün yaşayış evləri və zəruri infrastruktur yaradılır. Lakin bu proses yalnız insanların öz torpaqlarına qaytarılması ilə yekunlaşmır. Qayıdan ailələrin həmin ərazilərdə dayanıqlı həyat qurması, təsərrüfat yaratması və gəlir əldə etməsi də mühüm məsələlərdən biridir. Dövlət tərəfindən bu istiqamətdə müxtəlif dəstək mexanizmləri tətbiq olunur.
Bəs dövlət dəstəyi ilə yanaşı, sahibkarların, müxtəlif qurumların və imkanlı şəxslərin də sosial məsuliyyət çərçivəsində qayıdan ailələrin təsərrüfat qurmasına, əkin-biçin və maldarlıq fəaliyyəti ilə məşğul olmasına dəstək verməsi mümkündürmü? Bu cür təşəbbüslər Böyük Qayıdışın iqtisadi və sosial nəticələrinə necə təsir göstərə bilər?

İqtisadçı deputat Azər Badamov mövzu ilə bağlı Musavat.com-a deyib ki, 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” uğurla icra olunmaq üzrədir:
“Yeni yollar, yaşayış məntəqələri salınır və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu günə qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına 90 mindən çox insan yenidən qayıdıb və öz doğma torpaqlarında firavan həyat qurmağa başlayıb. Prezident İlham Əliyev həm doğma yurdlarına qayıdan insanlarla görüşlər keçirir, həm də onların arzularının reallaşdırılmasına dəstək göstərir. Təbii ki, ən böyük sevinc müasir şərait yaradılmaqla doğma yurda qayıtmaqdır. Növbəti sevinc isə doğma yurdlarında yaşamaq və yaratmaq imkanlarının yaranmasıdır. Bu baxımdan dövlət başçımızın tapşırığı ilə öz yurdlarına qayıdan insanların məşğulluq məsələlərinin həlli xüsusi əhəmiyyət daşıyır. Ağdam və “Araz Vadisi” sənaye parkları, aqroparklar və sosial müəssisələr məşğulluq məsələlərinin həllində əsas rol oynayır. Həmçinin kəndlərə qayıdan insanlara yaşadıqları inzibati ərazi hüdudları çərçivəsində torpaqlar güzəştli şərtlərlə icarəyə verilir, subsidiyalar tətbiq olunmaqla kənd təsərrüfatı texnikaları ilə təminat həyata keçirilir”.
Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmış insanların təsərrüfat yaratmasına, əkin-biçin işlərini həyata keçirməsinə, maldarlıq təsərrüfatları qurmasına dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir:
“Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün vergilər və bir sıra ödənişlər üzrə güzəştlər tətbiq olunur, investisiya yatıran şəxslər üçün geniş təşviq və güzəşt mexanizmləri yaradılıb. Hesab edirəm ki, dövlətin göstərdiyi dəstək və qayğı sayəsində işğaldan azad olunmuş ərazilərə qayıdan insanlar tədricən işləyən, istehsal edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və gələcəkdə ölkə iqtisadiyyatının inkişafına töhfə verən əsas qüvvələrdən birinə çevriləcəklər. Böyük Qayıdışın əsl uğuru yalnız insanların öz doğma yurdlarına qayıtması ilə deyil, onların burada dayanıqlı və firavan həyat qurması, torpaqlarını becərməsi, təsərrüfat yaratması və gələcək nəsillər üçün möhkəm iqtisadi zəmin formalaşdırması ilə ölçülməlidir”.
Afaq Mirayiq,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ