Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında ilk oxunuşda müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda olmanın yaş həddi 65 yaş müəyyən edilir.
Musavat.com-un məlumatına görə, layihəyə əsasən, 65 yaşı tamam olan şəxsin müəyyən şərtlərlə dövlət qulluğunda qalmasına imkan verilməsi də nəzərdə tutulur.
65 yaşına çatmış dövlət qulluqçusunun qulluq müddəti dövlət orqanının rəhbəri tərəfindən hər dəfə maksimum bir il olmaqla uzadıla bilər.
Ümumi qaydaya görə, bu uzadılmanın müddəti 5 ildən çox ola bilməyəcək. Bununla belə, inzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə çalışan dövlət qulluqçuları üçün istisna nəzərdə tutulur.
Yaş həddinin uzadılması avtomatik olmayacaq. Bunun üçün dövlət qulluqçusunun razılığı tələb ediləcək. Bundan başqa, şəxsin dövlət təltifi ilə təltif olunması və ya son üç ildə xidməti fəaliyyətinin “əla” və yaxud “yaxşı” qiymətləndirilməsi kimi meyarlardan ən azı birinə cavab verməsi nəzərdə tutulur. Layihə 65 yaşdan sonra işləməyə davam edənlərin sayına da məhdudiyyət qoyur. Dövlət orqanının strukturuna daxil olan qurumda bu şəxslərin sayı həmin qurumdakı dövlət qulluqçularının ştat sayının 2 faizindən artıq ola bilməyəcək. Dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda isə yaş həddi uzadılmış əməkdaşların sayı maksimum iki nəfər ola bilər.
Layihədə ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. Belə ki, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqda müəyyən şəxslərin dövlət qulluğuna bu əsasla xitam verilməsi mümkün olmayacaq.
Bu kateqoriyaya hamilə qadınlar, üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağı təkbaşına böyüdən şəxslər, məktəb yaşınadək uşağını təkbaşına böyüdən şəxslər daxildir.
Bundan başqa, himayəsində əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan dövlət qulluqçusunun da ştat ixtisarına görə işdən çıxarılması nəzərdə tutulmur. Beləliklə, layihə qəbul edilərsə, dövlət qurumlarında struktur və ya ştat ixtisarları aparılarkən sadalanan şəxslər üçün ayrıca hüquqi təminat Məcəllə səviyyəsində müəyyən ediləcək.
Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib.
Layihəyə görə, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyən edilir. Ayrı-ayrı kateqoriyalar üçün qanunla daha qısa iş vaxtının müəyyən olunması mümkün olacaq. Zərurət yarandıqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını artıra biləcək. Lakin layihədə əlavə iş saatına konkret hədd də qoyulur. Belə ki, qulluq vaxtı ay ərzində 5 saatdan çox artırılarsa, əlavə işlənilən hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. Eyni zamanda artıq iş müddəti ay ərzində 17 saatdan çox ola bilməyəcək. Layihədə dövlət məvacibinin tərkibinə aylıq vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə haqq, zəruri hallarda normadan artıq işlənilən saatlara görə ödəniş və əmək şəraiti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan əlavələr daxil edilir.
Dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, siyasi partiyaların fəaliyyətində iştirakı və xarici səfərləri ilə bağlı məhdudiyyətlər də nəzərdə tutulur. Layihəyə əsasən, dövlət qulluqçusuna aşağıdakılar qadağan olunacaq:
- əmək qanunvericiliyində nəzərdə tutulan müvəqqəti əvəzetmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla, əlavə ödənişli, seçkili və ya təyinatlı vəzifə tutmaq;
- qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmaq;
- dövlət orqanlarının, qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmaq;
- dövlət orqanının rəhbərinin icazəsi olmadan beynəlxalq təşkilatın, xarici dövlətin, xarici fiziki və ya hüquqi şəxsin vəsaiti hesabına xaricə getmək;
- qulluq vaxtı siyasi partiyaların fəaliyyətində iştirak etmək;
- dövlət qulluqçusu statusundan dini təbliğat üçün istifadə etmək və dövlət orqanlarının strukturuna daxil olan qurumlarda dini mərasimlərə rəsmi xarakter vermək;
- tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək.
Azərbaycanda dövlət qulluqçularının pensiya yaşına çatdıqda alacağı ödənişlə bağlı qaydaların Dövlət Qulluğu Məcəlləsində ayrıca təsbit edilməsi də nəzərdə tutulur.
Layihəyə əsasən, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan ayrıldıqda və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün onun qulluğuna xitam verildikdə birdəfəlik haqq ala bilər. Bildirilir ki, dövlət qulluqçusu hesablamanın hansı dövr üzrə aparılmasını özü seçəcək. Birdəfəlik ödəniş ya onun dövlət qulluğunun son 24 ayı, ya da seçdiyi ardıcıl 60 ay ərzində aldığı dövlət məvacibinin orta aylıq məbləği əsasında hesablanacaq. Ödəniş orta aylıq dövlət məvacibinin 6 misli həcmində olacaq.
Mühüm məqamlardan biri də odur ki, həmin birdəfəlik haqdan vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlərin tutulmaması nəzərdə tutulur.
Məcəllə layihəsində pensiya təminatı ilə bağlı başqa bir sosial təminat da yer alıb. Pensiya yaşına çatdığına və ya əlilliyinə görə öz təşəbbüsü ilə dövlət qulluğundan çıxan, tələb olunan minimum qulluq stajına malik olan, lakin əmək pensiyası almaq hüququ qazanmayan dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsi nəzərdə tutulur. Həmin müavinətin məbləğinin fəaliyyətdə olan dövlət qulluqçularının dövlət məvacibindəki sonrakı artımlara uyğun yenidən hesablanması da layihədə əksini tapıb.
Layihə müzakirələrdən sonra ilk oxunuşda qəbul olunub.
E.Paşasoy,
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ