Onlayn ictimai-siyasi qəzet
Avropa Siyasi Birliyinin 8-ci sammitinin Ermənistanda keçirilməsinə Rusiyanın açıq mane olmaması İrəvanı Makronu daha da möhkəm qucaqlamağa həvəsləndirdi. Bu sammitin İrəvanda keçirilməsi Rusiyanın birbaşa təsir zonası hesab etdiyi Cənubi Qafqazda Qərbin aktivliyinin artmasının göstəricisidir.
Siyasi analitiklər hesab edir ki, Moskva artıq hər belə hadisəyə sərt reaksiya vermək xəttindən qismən geri çəkilmiş kimi görünür. Amma bu aldadıcı görüntüdür. Bunun əsas səbəblərindən biri Rusiyanın diqqətinin və resurslarının böyük ölçüdə Ukrayna müharibəsi ilə məşğul olmasıdır. Bu vəziyyətdə Kreml hələlik ikinci cəbhə açmaq və ya Ermənistan üzərində açıq təzyiqi artırmaq istəmir. Lakin bu o demək deyil ki, Rusiya özünün yaratdığı və indiyə qədər mövcudluğunun təminatçısı olduğu Ermənistan adlanan dövlətin Avropa İttifaqına, Makrona bölgədə meydan verməsinə sona qədər göz yumacaq.
Çox da uzaq olmayan gələcəkdə Ermənistanın da Ukrayna kimi Qərblə Rusiya arasında yeni qarşıdurma meydanına çevriləcəyinə şübhə yoxdur. Artıq qarşıdurma meydanına çevrilməyə başladığını da söyləyə bilərik. Avrasiya Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi və Emmanuel Makron kimi Rusiyanın düşmən hesab etdiyi ölkə rəhbərlərinin İrəvanda Paşinyanla “ansambl” yaratmaları qarşıdurmanın siqnallarıdır. Ermənistan Rusiyaya düşmən kəsilən qüvvələrin meydan suladığı ölkə halına gəlib çıxıb. Çünki müstəqil siyasət yürütmək iqtidarında heç zaman olmadığı kimi bu gün deyil. Ermənistan tarix boyu müstəqil siyasət apara bilməyib. Əvvəl Rusiyanın forpostu idi, indi isə Fransanın və Qərbin forpostuna çevrilir. Əvvəllər Rusiya olduğu kimi, indi də Qərb Ermənistana yalnız alət kimi baxır. Fransa və Qərb Ermənistanı nə Qarabağ ermənilərinin qayıdışı, nə də real təhlükəsizlik üçün dəstəkləyir. Onlar üçün Ermənistan yalnız Rusiyanı zəiflədərək regionda möhkəmlənmək üçün alətidir. Keşmiş və ən yeni tarixi sübut edib ki, bu cür qarşıdurmalara məkan olmaq dövləti böyük fəlakətə aparır. Ancaq Ermənistan tarixdə və bugünün özündə belə yaşanan bu acı təcrübələrdən nəticə çıxarmaq imkanında olan dövlət deyil. Çünki heç zaman həqiqi müstəqil dövlət ola bilməyib, müstəqilliyi formal xarakter daşıyıb. Fransa nümunəsində Avropanın ağuşuna sığınmaq o deməkdir ki, müstəqil Ermənistan xəyalı yenə də xəyal olaraq qalır və qalacaq.
Etibar Seyidağa,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ