Onlayn ictimai-siyasi qəzet
Ermənistan cəmiyyətində və sosial şəbəkələrin erməni seqmentində ölkədəki sosial-iqtisadi böhran, işsizlik və dalana dirənmiş daxili bazar mövzusu yenidən geniş müzakirə olunur.
Musavat.com erməni teleqram kanallarına istinadən xəbər verir ki, bəzi erməni mediası və sosial şəbəkə istifadəçiləri bu cür etirafları "manipulyasiya" və ya "hökumət əleyhinə təbliğat" kimi qələmə verməyə çalışsalar da, yayılan həqiqətlər erməni cəmiyyətinin real mənzərəsini və əsl düşüncəsini ortaya qoyur.
Növbəti belə kadrlar Ermənistandakı acınacaqlı vəziyyəti növbəti dəfə ifşa edib. Erməni qadın açıq şəkildə bildirir ki, ölkədən kütləvi axının və əhalinin narazılığının əsas səbəbi iqtisadiyyatın çökməsidir:
“Ermənistanda iş yeri yoxdur. Ölkə 30 ildir blokadadadır. Xəritəyə baxın, biz istehsal etdiyimiz məhsulu haraya satmalıyıq? Hətta yetişdirilən əriyi də xaricə çıxarmaq olmur. Ölkədə hər şey ucuz Çin və Türkiyə malları ilə doludur, yerli istehsal tamamilə dayanıb”.
Müzakirələrdə vurğulanır ki, Ermənistana yalnız xaricdə passiv gəliri olan (məsələn, Rusiyada obyektləri və ya biznesi olan) şəxslər gəlib vaxt keçirə bilərlər. Lakin yerli əhali üçün yaşamaq günü-gündən çətinləşir. Ölkədə nəinki istehsalat, hətta xidmət sektoru da iflic vəziyyətindədir, çünki əhalinin alıcılıq qabiliyyəti yox dərəcəsindədir.
Bu etiraflar bir daha sübut edir ki, regional layihələrdən kənarda qalan, qonşularına qarşı illərlə yürütdüyü işğalçılıq və təcrid siyasətinin qurbanına çevrilən Ermənistanda xalq dərin ümidsizlik içindədir. Sosial şəbəkələrdə nə qədər "inkişaf" illüziyası yaradılmağa çalışılsa da, ermənilərin öz dili ilə etiraf etdiyi bu reallıq ölkədən kütləvi köçün (emiqrasiyanın) dayandırılmaz həddə çatdığını göstərir.
Afaq Mirayiq,
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ