Onlayn ictimai-siyasi qəzet
Ermənistan, Türkmənistan və Azərbaycan Yaxın Şərqdəki vəziyyət səbəbindən miqrasiya böhranı ilə üzləşə bilər.
Musavat.com xəbər verir ki, bunu MDB Antiterror Mərkəzinin rəhbəri, general-polkovnik Yevgeni Sısoyev MDB-yə Üzv Dövlətlərinin Səlahiyyətli Orqanlarının Qərargah Rəhbərlərinin 19-cu görüşündə bildirib. Onun sözlərinə görə, beynəlxalq vəziyyətin kəskinləşməsi, o cümlədən Yaxın Şərqdə baş verən hadisələr Liviya və İraqda yaşananlara bənzər genişmiqyaslı miqrasiya prosesləri və humanitar böhran üçün zəmin yaradır. O, eyni zamanda vurğulayıb ki, böhranın nəticələri potensial olaraq MDB-nin bütün ölkələrinə təsir edə bilər, lakin xüsusilə İranla sərhədi olan dövlətlər daha çox risk altındadır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Vasif Hüseynov hesab edir ki, Yaxın Şərqdə İranda vəziyyət daha da pisləşsə, Azərbaycan İrana qonşu dövlət kimi belə təhlükə ilə üzləşə bilər. Musavat.com-a şərhində o, bildirib ki, hazırkı vəziyyətə görə belə təhlükə gündəmdə deyil:
“Son bir neçə həftədəki hadisələr göstərir ki, İranda vəziyyət stabilləşməyə doğru gedir. ABŞ Prezidenti Donald Tramp İranla müəyyən razılaşmaya nail olmaya çalışır. Bu istiqamətdə İsraillə münasibətlərin pisləşməsini belə gözə alıb. ABŞ rəsmiləri son açıqlamalarında, xüsusilə, Benyamin Netanyahunu hədəfə alaraq, İranla razılaşmalara heç kimin əngəl olmamasını bildirib. Hətta son müsahibəsində ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vens bildirdi ki, İsrail istəsə də, istəməsə də, İranla razılaşma əldə olunacaq. Bu, ABŞ-nin maraqlarına uyğundur. İranda vəziyyət stabilləşdiyi üçün Azərbaycanın miqrasiya böhranı ilə üzləşəcəyi gözlənilmir. İstənilən halda Azərbaycanın təhlükəsizlik qurumları, Dövlət Miqrasiya Xidməti bütün prosesləri diqqətlə izləməkdədir. Azərbaycan istənilən regional böhrana hazırlıqlı vəziyyətdədir”.
Qeyd edək ki, Y.Sısoyev 2025-ci ildə MDB ölkələrinin xüsusi xidmət orqanlarının 300-dən çox terror aktı cəhdinin qarşısını aldığını da bildirib. “İttifaq ölkələrinin təhlükəsizlik orqanları bir-biri ilə sıx əməkdaşlıq edir və ciddi nəticələr əldə etməyə imkan verən zəruri tədbirlər görülür”, deyə o, vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ildə birlik ölkələrində 2500-dən çox terror və ekstremist xarakterli cinayətlərin qarşısı alınıb, bunların arasında 300-dən çox terror aktı cəhdi, terrorizmin maliyyələşdirilməsi ilə bağlı 100-dən çox cinayət və təxminən 2 min radikal ideologiyanın yayılması ilə bağlı hal var. General-polkovnik əlavə edib ki, 200-dən çox terror və ekstremist şəbəkənin fəaliyyəti dayandırılıb, terrorizmin və ekstremizmin maliyyələşdirilməsi üzrə təxminən 900 mənbə və 300 kanal, eləcə də radikal məzmunlu təxminən 19 min informasiya resursu aşkar edilərək zərərsizləşdirilib. Terrorizm və ekstremizm faktları üzrə 2,3 mindən çox cinayət işi açılıb, 1,5 mindən çox terrorçu və ekstremist cinayət məsuliyyətinə cəlb edilib, 100-dən çox terrorçu və 2 mindən çox ekstremist isə destruktiv fəaliyyətdən imtina etməyə razı salınıb.
Sısoyev əlavə edib ki, radikal ideologiyanın təsirinə düşmüş şəxslərin de-radikalizasiyası istiqamətində çoxsaylı profilaktik tədbirlər həyata keçirilib.
Nigar Həsənli
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ