İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığı necə artırıla bilər?

Gürcüstanda azərbaycanlı icması ölkənin ən böyük etnik icmalarından biridir. Buna baxmayaraq, onların siyasi və ictimai proseslərdə təmsilçiliyi demoqrafik potensialla müqayisədə hələ də yetərli hesab edilmir. Xüsusilə Kvemo Kartli – Borçalı regionunda yaşayan azərbaycanlıların ölkənin siyasi gündəminin formalaşmasında iştirakının artırılması ayrıca diqqət tələb edən məsələdir.

Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai və siyasi həyatında daha fəal iştirak etməsi həm onların hüquqlarının daha effektiv müdafiəsi, həm də Gürcüstan cəmiyyətinin bütövlükdə daha da inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət yalnız seçkilərdə səsvermədən deyil, azərbaycanlıların yerli idarəetmədə, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, mediada və dövlət strukturlarında daha geniş təmsil olunmasından gedir.

Bəs, Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığı necə artırıla bilər, bu məsələdə Azərbaycan dövlətinin edə biləcəkləri varmı?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri bu məsələdə mühüm imkanlar yaradır. Lakin burada həssas bir xətt qorunmalıdır: “Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması Gürcüstanın daxili siyasi proseslərinə xaricdən müdaxilə kimi deyil, Azərbaycan vətəndaşlarının deyil, məhz Gürcüstan vətəndaşlarının hüquq və imkanlarının genişləndirilməsi kontekstində təqdim olunmalıdır.
Azərbaycanın bu istiqamətdə ən effektiv dəstəyi təhsil, mədəniyyət, dil, media, gənclər və vətəndaş cəmiyyəti layihələri vasitəsilə göstərməsi daha məqsədəuyğun ola bilər”.

Partiya sədrinin fikrincə, Gürcüstanda yaşayan azərbaycanlıların ictimai və siyasi həyatda daha fəal iştirak etməsi üçün kompleks yanaşma lazımdır: “Bunun üçün ilk növbədə gürcü dili üzrə təhsil imkanları genişləndirilməli, gənclər üçün liderlik proqramları yaradılmalı, siyasi partiyalarda azərbaycanlıların real təmsilçiliyi artırılmalı, yerli özünüidarəetmə institutlarında iştirak təşviq edilməli və müstəqil media ilə vətəndaş cəmiyyəti institutlarının inkişafına şərait yaradılmalıdır. Ən əsası isə azərbaycanlıların siyasi fəallığı yalnız onların etnik kimliyi üzərindən deyil, Gürcüstanın tamhüquqlu vətəndaşları kimi qiymətləndirilməlidir. Çünki siyasi inteqrasiyanın əsas məqsədi azərbaycanlıların öz kimliyindən uzaqlaşması deyil. Əksinə, öz milli-mədəni kimliyini qoruyaraq Gürcüstanın siyasi, iqtisadi və ictimai həyatında daha fəal, görünən və təsirli vətəndaş mövqeyi nümayiş etdirməsidir. Bu baş verdikdə həm azərbaycanlı icmasının problemlərinin dövlət səviyyəsində daha effektiv ifadəsi mümkün olacaq, həm də Gürcüstanın demokratik və inklüziv cəmiyyət quruculuğu prosesi güclənəcək”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR