İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi komissiyanın sabiq sədrinə yenə həbs təhlükəsi

Prokurorun tələb etdiyi 10 illik həbs cəzası ilə məhkəmənin müəyyən etdiyi 5 min manatlıq cərimə arasında olduqca ciddi fərq yaranıb-protest nəyi dəyişəcək?

Baş Prokurorluq ötən həftə məhkəmə salından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən apelyasiya protesti verməyə hazırlaşır. İşin diqqətçəkən tərəfi isə cəza tələbi ilə məhkəmənin çıxardığı hökm arasındakı böyük fərqdir. Dövlət ittihamçısı məhkəmədə Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Lakin Bakı Hərbi Məhkəməsi əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edib. Nəticədə Həsənova 7 min manat cərimə təyin olunub. Həbsdə olduğu müddət nəzərə alınaraq cərimənin məbləği 5 min manata endirilib.

Beləliklə, prokurorun tələb etdiyi 10 illik həbs cəzası ilə məhkəmənin müəyyən etdiyi 5 min manatlıq cərimə arasında olduqca ciddi fərq yaranıb.

Baş Prokurorluğun açıqlaması göstərir ki, məsələ bununla yekunlaşmaya bilər. Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apelyasiya protestinin verilib-verilməyəcəyinə qərar veriləcək.

Azərbaycan məhkəmə praktikasında prokurorluğun birinci instansiya məhkəmələrinin qərarlarından narazı qalaraq apelyasiya protesti verməsi yeni məsələ deyil.

Məsələn, Müdafiə Nazirliyinin sabiq əməkdaşları Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində çıxarılmış hökmlərdən dövlət ittihamçısı apelyasiya protesti verib.

Prokurorluq hesab edib ki, məhkəmənin təyin etdiyi cəza əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil və qanunun tələbləri düzgün tətbiq edilməyib.

Başqa bir işdə isə məhkəmənin bəraət hökmü prokurorluğun narazılığına səbəb olub və dövlət ittihamçısı həmin qərardan apelyasiya protesti verib.

Yəni apelyasiya protesti yalnız məhkəmənin az cəza təyin etdiyi hallarla bağlı deyil. Prokurorluq bəraət hökmü ilə də razılaşmaya və şəxsin təqsirli bilinməsini tələb edə bilər. Bu baxımdan Rasim Həsənov işi də həmin hüquqi mexanizmin növbəti nümunəsi kimi diqqət çəkir.

Protest nəyi dəyişir? Əsas sual isə budur: prokurorluğun apelyasiya protesti verməsi məhkəmənin hökmünün avtomatik dəyişdirilməsi deməkdirmi?

Məhkəmə prokurorluğun təqdim etdiyi sübutları kifayət hesab etməyibmi?

Rasim Həsənov işi bu sual üçün xüsusilə maraqlı nümunədir. Çünki burada söhbət cəzanın bir neçə ay və ya il fərqindən deyil, 10 illik həbs tələbi ilə 5 min manatlıq cərimə arasındakı kəskin fərqdən gedir.

Nəticədə məsələ təkcə Rasim Həsənovun taleyi ilə məhdudlaşmır. Bu iş həm də Azərbaycan məhkəmə sistemində prokurorun ittiham mövqeyi ilə hakimin yekun hüquqi qiymətləndirməsi arasında yaranan fərqlərin apelyasiya mərhələsində necə həll edildiyini göstərən nümunələrdən birinə çevrilə bilər.

Vəkil Asim Abbasov “Yeni Müsavat”a deyib ki, burada dövlət ittihamının məhkəmə qarşısında hansı həddə qəbul edilməsi, hakimin təqdim olunan sübutlara necə hüquqi qiymət verməsi və tərəflərdən birinin məhkəmə qərarı ilə razılaşmadıqda apelyasiya instansiyasının hansı mövqeni tutması məsələsi ortaya çıxır:

asim abbasov 1

“Prokurorun 10 il həbs istəməsi məhkəmənin həmin cəzanı hökmən təyin etməli olması demək deyil. Azərbaycanın cinayət mühakimə icraatında dövlət ittihamçısı ittiham tərəfinin mövqeyini ifadə edir. Son qərarı isə məhkəmə verir. Hakim təqdim olunan sübutları araşdırmalı, əməlin hüquqi tövsifini müəyyənləşdirməli və şəxsin təqsirliliyi barədə nəticəyə gəlməlidir. Deməli, prokurorun tələbi ilə hökmün fərqli olması özlüyündə hüquq pozuntusu deyil”.

Asim Abbasov deyib ki, qeyd olunan işdə fərqin miqyası diqqəti çəkir: “Əgər prokuror 10 illik həbs cəzası tələb edir, məhkəmə isə nəticədə 5 min manatlıq cərimə tətbiq edirsə, məhkəmənin hansı halları prokurorluqdan fərqli qiymətləndirməsi sualı meydana çıxır. İttihamın bütün epizodları sübuta yetirilməyibmi? Əməlin tövsifi dəyişibmi? Təqsirləndirilən şəxsin hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsi prokurorluğun hesab etdiyi səviyyədə qəbul edilməyibmi?

Yoxsa məhkəmə cəzanı müəyyən edərkən şəxsin vəziyyətini, vurulmuş ziyanın xarakterini, zərərin ödənilib-ödənilməməsini və digər halları fərqli qiymətləndirib? Apelyasiya mərhələsində bu sualların hüquqi cavabı daha aydın görünə bilər".

Asim Abbasov deyib ki, Baş Prokurorluğun açıqlamasından görünən odur ki, hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apelyasiya protestinin verilib-verilməməsi məsələsinə hüquqi qiymət veriləcək: “Bu, normal prosessual mexanizmdir. Əgər dövlət ittihamçısı hesab edirsə ki, məhkəmə əməlin faktiki hallarını və ya hüquqi tövsifini düzgün qiymətləndirməyib, yaxud təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil, apelyasiya protesti verə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, apelyasiya protesti avtomatik olaraq Rasim Həsənovun yenidən həbs ediləcəyi anlamına gəlmir. Amma həbs təhlükəsinin tam aradan qalxdığını da söyləmək mümkün deyil. Əgər apelyasiya instansiyası dövlət ittihamının arqumentlərini əsaslı hesab edərsə, birinci instansiyanın hökmünü dəyişə, cəzanı ağırlaşdıra və qanunun verdiyi prosessual imkanlar çərçivəsində daha ağır hüquqi nəticəyə gələ bilər. Yəni Bakı Hərbi Məhkəməsinin hökmü son söz deyil. Cəza əməlin hüquqi tövsifi, onun ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və qanunda nəzərdə tutulan digər hallar əsasında müəyyən edilir. Ona görə də bu işdə 10 il və 5 min manat rəqəmləri arasındakı uçurum cəmiyyət üçün maraqlı olduğu qədər hüquqşünaslar üçün də ciddi araşdırma predmetidir. Əgər məhkəmə prokurorluğun təqdim etdiyi ittihamın müəyyən hissəsini qəbul etməyib və əməlin daha yüngül hüquqi tərkibə uyğun gəldiyini hesab edibsə, bunun əsaslandırılması hökmün ən vacib hissələrindən biridir. Əgər söhbət yalnız cəzanın fərqli müəyyən edilməsindən gedirsə, o zaman da məhkəmənin niyə məhz cəriməni seçdiyi izah edilməlidir”.

Asim Abbasov deyib ki, mümkündür ki, məhkəmə şəxsin təqsirini təsdiqləsin, lakin əməlin daha ağır maddə ilə deyil, daha yüngül maddə ilə tövsif edilməli olduğu qənaətinə gəlsin: “Rasim Həsənov işi üzrə də məhkəmənin Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə bağlı hüquqi qiymətləndirməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan cəmiyyətində bəzən belə təsəvvür yaranır ki, prokurorun məhkəmə qərarından narazı qalaraq protest verməsi hakimiyyət qolları arasında qarşıdurma deməkdir. Əksinə, apelyasiya institutu məhz məhkəmə qərarlarının yoxlanılması üçün yaradılıb. Birinci instansiya məhkəməsi qərar verir, tərəflər həmin qərarla razılaşmaya bilər və yuxarı instansiyaya müraciət edirlər. Bu mexanizm dövlət ittihamçısına da aiddir. Prokurorluğun apelyasiya protesti verməsi birinci instansiya hakiminin avtomatik olaraq səhv etdiyini göstərmir. Eyni zamanda məhkəmənin hökmünün toxunulmaz olduğu anlamına da gəlmir. Apelyasiya instansiyası iş materiallarına, tərəflərin arqumentlərinə və qanunun tələblərinə baxaraq öz hüquqi mövqeyini ortaya qoyur. Məhz burada məhkəmə sisteminin daxili balansı özünü göstərir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR