İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həsrət çəkirəm” - 70 yaşlı Nurəddin Mehdixanlıdan KÖVRƏK SÖZLƏR

Bu gün Xalq artisti, “Azdrama”nın aparıcı səhnə ustası Nurəddin Mehdixanlının doğum günüdür. Aktyor 70 yaşını qeyd edir.

Musavat.com-un əməkdaşı sənətkarla əlaqə saxlayıb və özəl günü ilə bağlı fikirlərini öyrənib.

- Nurəddin bəy, yubiley gününü necə keçirirsiniz?

- Televiziyaya getdim və orada müsahibə verdim. Ondan sonra işə gəldim, indi də işdəyəm. Bir azdan başqa bir tədbir var, oraya gedəcəyəm. Tədbirdən sonra da evə gedəcəyəm. Yubiley tədbiri isə oktyabrın 14-də “Azdrama”da olacaq.

Mən heç vaxt yaşımı saymamışam ki, 60, 70... Sadəcə olaraq ömrümü yaşamışam, işimlə məşğul olmuşam. Deyirlər ki, 70 yaşa çatmısan. Deyirəm yaxşı, çox sağ olun, təşəkkür edirəm, xatırlatdığınıza görə sağ olun.

Nə iş görürəm, necə görürəm, balalarıma, ailəmə, elimə, işimə, yaşadığım cəmiyyətə, mənsub olduğum millətə, işimə-gücümə nə qədər faydalıyam - məni maraqlandıran bunlardır.

Nürəddin.png (488 KB)


- Nurəddin bəy, adətən deyirlər ki, yaş kişinin varı, dövləti, zənginliyidir. Bu fikirlə razısınız?

- Yaş yaşanmış ağrılardır, dərdlərdir, sevgidir, problemlərdir, savaşdır, mübarizədir, itirdiklərimiz və qazandıqlarımızdır. Mən yaşı bu cür görürəm.

- Həyatınızı kitab kimi vərəqləsəniz, 70 yaşdan geriyə boylansanız, ən çox hansı illərin həsrətini çəkərsiniz?

- Mən itirdiyim valideynlərimin həsrətini çəkirəm. İtirdiyim doğmalar, əzizlər var ki, onları qaytara bilməyəcəyəm. Yaşanmışları da qaytarmaq mümkün deyil. Bu həyatdır: bir başlanğıcı və bir sonu var. Və sən bu əvvəllə axırın ortasında yaşayırsan. Ömür bundan ibarətdir. Mənə belə gəlir ki, həsrət çəksən də, o həsrət heç nəyi dəyişmir. Dəyişən bir şey olmur. Ona görə də məncə, həsrət çəkməyə dəyməz, yaşanmış yaşanıb. Bu günü yaşamaq və sabaha hədəflənmək lazımdır. Nə qədər ömrün var, həyatın var, yaşa, mübarizə apar, nəsə yaratmağa çalış ki, sən olmayanda səni xatırlasınlar.

nireddin.jpg (63 KB)


- Arzuları həyata keçirmək üçün nə qədər ömür sizə bəs edər?

- Arzular çoxdur. İnsanları yaşadan arzularıdır. Bu, yaşla bağlı deyil. İnsanın 20 yaşında arzuları bitibsə, o ömrü də bitmiş olur. İnsanı yaşadan onun arzularıdır. Təbii ki, mənim də arzularım var. Amma fiziki olaraq yaşamadan söhbət gedirsə, mənimlə bağlı olan bir şey deyil. Mənim ömrüm gördüyüm işlərlə bağlı olacaq. Biz xatirələrdən ibarətik, nə qədər xatırlanacaqsansa, o qədər də yaşayacaqsan.

Rəhmət almaq istəyirsənsə, yaxşı əməl sahibi olacaqsan. Həyat gözəldir, şirindir. Doğmaların, əzizlərin, doğulduğun torpaq, vətən... kim bunlardan ayrılmaq istəyər ki? Amma hər bir əvvəlin bir axırı var. Nə zaman vaxt-qərar veriləcəksə, o zaman da ayrılacağıq. Mən bu dünyanı daha çox dəyərləndirirəm. Çünki o dünya deyilən bir məfhum varsa, onu məhz bu dünyadakı əməlinlə, işinlə qazanacaqsan. Burada kimsənsə, orada da onun əvəzini alacaqsan. Məsələn, Asəf Zeynallı 23 yaşında dünyasını dəyişdi, amma arxasında elə bir musiqi xəzinəsi qoyub getdi ki...

İnsan da var ki, 150 il yaşayır, amma geridə qoyduğu heç nə yoxdur. Deməli, ömür uzunluğu ilə ölçülmür; ömür yaradılanlarla, yaşanılanlarla dəyərlidir, böyükdür və uzundur.

secki.jpeg (232 KB)


- Bu özəl gününüzdə kimin təbriki sizin üçün ən təsirli, ürəyinizin sarı siminə toxunan təbrik olardı?

- Bu gün məni çox insan təbrik edib. Azərbaycandan, xaricdən - hər birinə minnətdaram, çox dəyərli dostlar, insanlar sağ olsunlar. Amma mənim qızım dövlət işi ilə bağlı Belçikada yaşayır. Bu gün qızım və nəvələrim oradan məni təbrik etdilər. Bu, mənim üçün dünyanın ən böyük təbriki idi. Ən çox həsrətini çəkdiyim təbrik o idi. Bütün təbriklər əzizdir, amma qızımın təbrikinin yeri tam başqadır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR