İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən Avropa banklarına ilginc ÇAĞIRIŞ

“Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu - Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar”.

Musavat.com xatırladır ki, bu fikri prezident İlham Əliyev Almaniya kansleri ilə birgə mətbuat konfransında medianın suallarını cavablandərarkən səsləndirib. Onun sözlərinə görə, xüsusilə nəzərə alsaq ki, bu gün Yaxın Şərqdə böhran dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıb, bu regiondan kənardan enerji təchizatını artırmaq üçün maliyyə qurumlarına imkan yaradılmalıdır: “Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir.

Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər”.
Qeyd edək ki, Azərbaycan prezidenti artıq bir neçə dəfə bu məsələyə toxunub. Məsələ burasındadır ki, Avropa İttifaqı Avropanın maliyyə institutlarına qalıq yanacaq – neft-qaz-daş kömür kəşfiyyatı, hasilatı, nəqli və sair infrastruktur layihələrinə vəsait ayırmağı qadağan edib. Bu qadağa Azərbaycanın Avropaya qaz təchizatını artırmaq planlarına ciddi maneələr yaradır. Burada söhbət həm yataqların işlənməsi, həm də nəql infrastrukturunun genişləndirilməsindən gedir. Belə ki, 2022-ci ildə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Bakıya gələrək Azərbaycanla Enerji xartiyası imzalayıb. Sənəddə 2027-ci ilədək Azərbaycandan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqlinin mövcud illik 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulurdu.

C_C9_99nub_Qaz_D_C9_99hlizinin_xarit_C9_99si.jpg (65 KB)

Rusiya qazının Avropaya nəqlinin kəskin azalması fonunda alternativ mənbələrə ciddi ehtiyac duyan Aİ bu məsələdə Azərbaycana zəruri dəstək vəd etsə də, bir ildən sonra ABŞ-dan maye qaz idxalının kəskin artımı, digər mənbələrdən əlavə həcmlərin alınması, həmçinin Aİ daxilində bərpa olunan mənbələrdən enerji istehsalının artması fonunda bu vəd arxa plana keçdi.

Nəticədə Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin Avropaya qaz ixracının artırılması üçün zəruri olan “Abşeron” yatağının tammiqyaslı işlənməsi layihəsinin ikinci mərhələsinin icrası prosesinə başlaya bilmir.

2024-cü ildə 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Aİ-nin mövqeyini sərt tənqid etdi: “Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur”. Dövlət başçısı deyib ki, Avropa İnvestisiya Bankı da faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb: “Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi - bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir, tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var. Ancaq Avropanın maliyyə institutları bunu maliyyələşdirmir. Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq»?

Azərbaycan mümkün olan bütün imkanlardan istifadə edərək Avropaya qaz ixracını mövcud infrastrukturla maksimum həddə çatdırıb. Bundan artıq ixrac üçün “Abşeron” yatağında hasilatın ikinci mərhələsinə keçilməlidir. Yataq Xəzərin dərin hissəsində yerləşir, “Şahdəniz”dən 50 metr dərindədir. Ekspertlərə görə, bu yatağın ikinci mərhələ işlənməsi və 5 milyard kubmetr qazın çıxarılmasının təmin olunması üçün 10 milyard dollar investisiyaya entiyac var. Bunun 5 milyardı sualtı qurğuların tikintisinə, qalanı suyun üzərindəki infrastrukturun yaradılmasına sərf olunacaq. Qaz nəqli infrastrukturunun genişləndirilməsi xərcləri hələ bura daxil deyil. Boru kəmərlərinin genişləndirilməsinə də bir neçə milyard dollar investisiya gərəkdir. Bütün bu işləri görmək 5-6 il zaman alacaq. Yəni ikinci mərhələnin son 3 ildə dəfələrlə təxirə salınan maliyyələşmə qərarı bu il verilsə, yataqdan ikinci mərhələ qazın əldə olunması 2030-cu ilə çəkə bilər. Avropa Komissiyasının təsdiqlədiyi plana əsasən isə 2040-cı ildən Avropa İttifaqı qazdan istifadəni kəskin azaltmağa başlayacaq, 2050-ci ilədək tam dayandıracaq. Azərbaycan hələ “Şahdəniz”ə yatırılan vəsaitləri 2030-cu ildə tam geri qaytara biləcək – yəni qaz layihələrinə edilən yatırımların tam geri qayıtması üçün bir neçə onillik vaxt tələb olunur. Bu halda, Azərbaycanın yenidən ağır maliyyə yükünün altında girməsi çəkilən xərclərin geridönməz olması demək olar.

Xatırladaq ki, Aİ 2027-ci ildən Rusiyadan boru və maye qazın idxalını tam dayandırmaq barədə qərar qəbul edib. Donald Trampın rəhbərliyində olan ABŞ-la münasibətlər də rəvan getmir. Bu baxımdan, Aİ Rusiyadan alınan illik 18-20 milyard kubmetrə qədər qaz üçün alternativ mənbə tampalıdır. Bu həcmin tamamilə ABŞ hesabına təmin edilməsi Aİ-nin iqtisadi təhlükəsizliyi üçün təhdid hesab olunur. Buna görə də iyulun əvvəlində Azərbaycana gələn Fon der Lyayen yenidən ölkəmizdən Avrpaya qaz nəqlinin artırılması məsələsini gündəmə gətirib.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR