Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günündə- dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində etdiyi çıxış hələ də geniş müzakirə olunmaqdadır. Dövlət Başçısı bir çox istiqamətlər üzrə daxilə və xaricə ciddi mesajlar ünvanladı, ölkəsinin artmaqda olan qüdrətini bir daha xüsusi olaraq vurğuladı.
Ali Baş Komandan Ermənistanın Azərbaycana qarşı talançılıq siyasətindən geniş söz açaraq, qeyd etdi ki, burada əsas məqsəd Azərbaycan xalqının tarixi irsini tamamilə silmək, bu torpaqları yaşayışın mümkün olmayacağı əraziyə çevirmək olub. Amma göründüyü kimi buna nail ola bilməyiblər. Bu gün Azərbaycan insanı Azad Qarabağı yenidən qurur, köç karvanları ard-arda yola salınır.
Cənab Prezident tarixi çıxışında daha bir vacib məqama-Qərb şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyətinə və milli sərvətlərimizin talan edilməsində iştirak etmələrinə və bu günə kimi onlara qarşı hər hansı tədbir görülməməsinə toxunub.
İlham Əliyevin çıxışından sitat: “Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər”.
Ölkə başçısı dekabrın 1-dən etibarən tarixin zibil yeşiyinə atılan ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini də xüsusi olaraq qabardıb. Vurğulayıb ki, bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini işğalla barışdırmaq olub.
İşğal dövründə-1998-ci ildə Rusiya tərəfindən Ermənistana 1 milyard dollar məbləğində silah-sursat verilməsi və bu prosesin sonrakı illərdə müntəzəm qaydada davam etdirilməsi yaddaşlara bir daha qaytarılıb və burada şimal qonşumuz da öz siyasi mesajlarını almış olub. Eyni zamanda, 2016-cı il aprel döyüşlərindən sonra Ermənistana ixracı qadağan olunan “İskəndər M” raketlərinin verilməsi və müharibə dövründə həmin raketlə Şuşanın vurulması Azərbaycan Prezidentinin nitqinin əsaslarından birini təşkil edib.
Bu çıxışda cənub qonşumuz da öz mesajını aldı. 44 günlük müharibə dövründə İran ərazisindən Ermənistana silah-sursat göndərilməsi önə çəkildi.
İ.Əliyev nitqində münaqişə dövründə 30 ilə yaxın müddətdə işğalçıya beynəlxalq aləm, həmçinin şimal və cənub qonşularımız tərəfindən verilən siyasi dəstəyə daha çox yer ayırıb və Qarabağdakı qondarma rejimin sərbəst fəaliyyətinə şərait yaradılmasından, onun ABŞ-da, Rusiyada, Fransada və bir sıra başqa ölkələrdə ofislərinin fəaliyyət göstərməsindən söz açıb.
Dövlətimizin başçısı Ermənistana göstərilən iqtisadi-maliyyə dəstəyini də unutmayıb.
İlham Əliyev deyib ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Rusiya, Avropa bazarlarına çıxarılırdı. Əksər hallarda bu məhsulların üzərində Ermənistan istehsalı yazılsa da, onların mənşəyi bəlli idi və buna qarşı heç bir tədbir görülmürdü. Əldə olunan gəlir isə separatçı rejimin öz ömrünü uzatmasına yönəldilirdi
Prezident ikilistadarlardan çıxış edərək, ölkəmizə qarşı qərəzli münasibərt sərgiləyən xarici dairələrin, beynəlxalq təşkilatların hazırda Azərbaycanda məhkəməsi gedən müharibə cinayətkarlarının əsir kimi qələmə verilməsinə və onların azadlığa buraxılmalarının tələb olunmasına da öz sərt mövqeyini bildirib.
Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirib ki, Prezidentin Ağdamdakı çıxışının ana tezisini “Ermənistanla sülh imzalasaq da, törədilən cinayətləri unutmayacağıq” kontekstində qiymətləndirmək olar: “Dövlət başçısı işğal dövründə törədilən cinayətləri yenidən aktuallaşdırdı və...
İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında yeraltı və yerüstü sərvəti talan etdi. Həmin vaxt bu ərazilərdə törədilənləri əyani şəkildə görə bilməsək də, məlumatlar vardı. Torpaqlarımız azad ediləndən sonra şəhərlərimizin, yaşayış məntəqələrimizin yerlə bir edildiyinin, düzəngaha çevrildiyinin şahidi olduq. Bu fakt bir daha təsdiq etdi ki, bu torpaqlar ermənilərə məxsus olmayıb, əks təqdirdə, məhv etməzdilər. Ermənilər bilirdilər ki, bir gün bu torpaqların sahibləri qayıdacaq, ona görə darmadağın ediblər. Azərbaycan sərvətlərinin talan edilməsində xarici şirkətlərin iştirakı da sirr deyil. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumat var, lakin cinayətlərin ortağı olan beynəlxalq şirkətlər hələ də cəzalandırılmayıb. Dövlət başçısı çıxışında bu faktlara diqqət çəkdi.
Prezident işğal dövründə Ermənistana verilən hərbi, siyasi və maliyyə dəstəyini xüsusi vurğuladı. Bu, işğala və törədilən cinayətlərə görə təkcə Ermənistanın məsuliyyət daşımadığının mesajı idi.
Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də Ermənistana həm regiondakı, həm də Qərbdəki havadarları tərəfindən hərtərəfli dəstək verilib. Hərbi dəstək Birinci Qarabağ müharibəsindən sonra da davam etdi. Qarabağdakı Ermənistan ordusunun saxlanılması, təchizatı, silahlandırılması xarici qüvvələrin dəstəyi ilə həyata keçirilirdi. Misal üçün, Rusiyanın Ermənistana verdiyi silahlar böyük ölçüdə Qarabağa daşınırdı. 2016-cı ildə “İsgəndər” raketlərinin verilməsi də işğalçı ölkəyə açıq hərbi dəstək idi. Bu raketlər İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilmişdi. Halbuki, Rusiyanın Ermənistana “İsgəndər” raketlərini verməsi uzaqmənzilli silahların istifadəsi ilə bağlı beynəlxalq konvensiyalara zidd idi. Həmin raketlər İkinci Qarabağ müharibəsində Şuşaya atıldı. Bütün bunlar beynəlxalq hüququn pozulması idi, lakin məsələ Ermənistanın maraqları olanda beynəlxalq hüququn tanınmadığı sirr deyildi. 44 günlük müharibə dövründə də Ermənistanın silahlandırılması sürətlə həyata keçirilirdi. Bu silahlar həm Rusiyadan, həm Qərb ölkələrindən gəlirdi. İran isə silahların daşınmasında əsas tranzit rolunu üzərinə götürmüşdü”.
Siyasi analitik ölkə başçısının çıxışında Paşinyanla bağlı olan hissəyə də toxunub: “Dövlət başçısı çıxışında qeyd edir ki, Ermənistan rəsmilərinin təyyarələrində Rusiyadan silah daşınırdı. Mən bunu bir qədər də konkretləşdirərək, söhbətin birbaşa baş nazir Nikol Paşinyandan getdiyini deyə bilərəm. Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan oktyabr ayında “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində bunu etiraf edib.
İşğalçıya hərbi dəstək təkcə silahlarla yox, canlı qüvvə vasitəsilə də verilirdi. ABŞ və Avropadan muzdluların Qarabağda döyüşməsi faktı bunu təsdiq edir. Bu dəstəkdə əsas diqqətçəkən məqamlardan biri Ermənistana silahların əksər vaxt pulsuz verilməsi idi. 44 günlük müharibədə Azərbaycanın məhv etdiyi erməni hərbi texnikasının ümumi dəyəri 5-6 milyard dollar olaraq qiymətləndirilir. Ermənistanın bu qədər maliyyəsinin olmadığı məlumdur.
Analoji dəstək bu gün də davam edir. Fransa və Hindistan Ermənistana güzəştli şəkildə silah dəstəyi verir. Fransa Avropada Ermənistana göndərilən silahları koordinasiya edən ölkə kimi çıxış edir, o cümlədən, Hindistan silahlarının İrəvana güzəştli şəkildə satılmasının lobbiçiliyini aparır.
Ermənistana hərbi müstəvidə olmaqla yanaşı, siyasi və iqtisadi-maliyyə dəstəyi də verilib. Münaqişənin həllindən məsuliyyət daşıyan Minsk qrupunun həmsədrləri, həmçinin, həmsədr dövlətlər Qarabağda işğala əsaslanan status-kovunu saxlamaq məqsədinə xidmət edirdi. Bununla yanaşı, Ermənistanın işğalçı siyasətinin davam etdirilməsi məqsədilə bu ölkəyə geniş maliyyə-iqtisadi dəstək verilirdi. Bütün bunlar o deməkdir ki, 44 günlük müharibədə Azərbaycan təkcə işğalçı Ermənistana yox, onların havadarlarına da qalib gəldi.
Bu faktları gündəmə gətirən Prezident mövcud vəziyyətdə də Ermənistanın anti-Azərbaycan fəaliyyətini davam etdirdiyinə toxundu. Ermənistanda revanşistlərin, eləcə də erməni diasporunun və müxtəlif ölkələrdəki ermənipərəst siyasətçilərin fəaliyyətində bu açıq şəkildə özünü göstərir. Avropa İttifaqının Ermənistanla imzaladığı son sənəddə Azərbaycana qarşı irəli sürülən iddialar və ittihamlar da bunu təsdiq edir. Dövlət başçısının bütün bunları gündəmə gətirməsi o deməkdir ki, Azərbaycan hər şeydən xəbərdardır və buna qarşı barışmaz mövqe tutacaq”.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ