Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, İranda etiraz dalğası yeni mərhələyə keçib və prosesə bu dəfə tələbə gənclik fəal şəkildə qoşulub. Son məlumatlara əsasən, etirazlar tədricən ali təhsil ocaqlarına yayılır və bu, ölkədə mövcud siyasi-ictimai gərginliyin daha da dərinləşdiyini göstərir.
"Azad İran"ın yaydığı məlumata görə, Tehranda yerləşən nüfuzlu ali məktəblərdən biri – Tərbiət Modərres Universitetinin tələbələri də etiraz aksiyasına qoşulublar. Sosial şəbəkələrdə yayılan görüntülərdə kampus daxilində toplaşan tələbələrin kütləvi şəkildə aksiyanı davam etdirdiyi aydın şəkildə görünür. Videolarda etirazçıların "Molla kəfən geyinməyənə qədər bu vətəndən vətən olmayacaq" şüarını səsləndirdiyi eşidilir ki, bu da aksiyanın açıq şəkildə siyasi xarakter daşıdığını və rejimə qarşı kəskin mövqeni ifadə etdiyini göstərir.
Məlumatlara görə, aksiya universitetin kampusu ərazisində baş tutub və etirazçılar az sayda olmayıb. Tələbələrin sayının çoxluğu və şüarların radikallığı isə İranda narazılığın artıq təkcə küçələrlə məhdudlaşmadığını, intellektual və gənc təbəqənin də açıq şəkildə etiraz meydanına çıxdığını deməyə əsas verir.
Müşahidəçilərin fikrincə, məhz universitetlərdə başlayan və genişlənən bu cür aksiyalar ölkədəki etiraz hərəkatına yeni dinamika qazandıra və proseslərin daha geniş miqyas almasına səbəb ola bilər.
"İranda baş verən etirazlara ABŞ və İsrail tərəfindən dəstək verilir".
Bu sözləri mövzu ilə bağlı Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun fikrincə, məhz etirazçıların polislə silahlı toqquşması və təxribatlara əl atması üçün etirazçılara silahlar verilməsi mümkündür:
"İsrail kəşfiyyatı 12 günlük müharibədən əvvəl İran hərbi sisteminin içinə necə nüfuz etmişdisə, eynilə vətəndaşlar arasında geniş şəkildə iş aparılıb. Bu, xüsusilə farslar yaşayan ərazilərdə geniş şəkildə istifadə edilib. ABŞ-da yaşayan şahın oğlunun yenidən hakimiyyətə qayıtması üçün şüarlar səsləndirilməsi idarə olunan prosesin tərkib hissəsidir".
Politoloq hesab edir ki, İran 12 günlük müharibədən daha çətin vəziyyətlə üzləşə bilər:
"Ali dini rəhbər Xamenei hakimiyyəti tam şəkildə prezidentə ötürərsə, bu mərhələni sakit keçirə bilər. İranın hazırkı vəziyyətə yuvarlanması məhz mühafizəkar qanadın apardığı sərt siyasətin nəticəsidir. Bu da İsrail və ABŞ geosiyasi maraqlarına xidmət edir. Prezident Məsud Pezeşkian islahatlara getmək üçün kifayət qədər mövqeyini ortaya qoydu. Amma mühafizəkar qanad ona islahatlara getməyə imkan vermədi.
Pezeşkian açıq şəkildə etirazların baş qaldırmasında idarəetmə sistemini günahlandırır. Etirazlar dağıdıcı mərhələyə keçərsə, vətəndaş müharibəsi qaçılmaz ola bilər. Suriyada olduğu kimi, İranda da eyni etirazların silahlı mərhələyə keçməsi riski var. Məhz farsların özündən istifadə edilməsi istisna deyil".
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ