İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Hörmüz "qılıncı" kəsərini itirir: "qızıl fürsət" əldən çıxır?

“ABŞ-a qarşı sanksiyalar tətbiq etmək üçün əlimizə qızıl fürsət düşüb”.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Brucerdi deyib.

“Hörmüz boğazında nəqliyyatın hərəkətinə nəzarəti ələ keçirdiyimiz zaman Amerika və qlobal iqtisadiyyata nəzarəti ələ keçirmiş olacağıq”, - iranlı deputat bildirib.

Belə bir perspektiv nə dərəcədə mümkünmü? İran Hörmüzə nəzarəti əlində saxlaya biləcəkmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Hörmüz boğazına nəzarət əslində müharibənin ilk günlərində nə İranın, nə də ABŞ-ın qarşıya qoyduğu prioritet məsələ olub: “Bilirsiniz ki, müharibənin ilk günlərində ABŞ-ın qarşıya qoyduğu iki əsas hədəfi vardı:

1) Nüvəsiz İran;

2) İrana bağlı proksi qüvvələrin tamamilə zərərsizləşdirilməsi.

Fəqət, müharibənin gedişatında İranın Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatında yeni konfiqurasiya yaratdı və Hörmüzün açılması ABŞ-ın 1 nömrəli hədəfinə çevrildi. Çünki boğaz açılmasa, dünyada neftin qiymətləri durmadan artar və nəticədə Tramp hakimiyyətinin özü seçkilərdə uduzmuş olar. Başqa sözl, Hörmüz böhranı İran-ABŞ müharibəsinin strateji hədəfi yox, tərəflərdən birinin, yəni İranın silahıdır.

İranın bu silahdan bərk-bərk yapışmasının bir səbəbi var - əsl mövzulara qayıtmamaq. İran gözəl başa düşür ki, Hörmüz boğazı məsələsi həll olunsa, ABŞ növbəti mərhələdə əsl mətləbə keçəcək. Odur ki, Tramp hökumətinin ən ciddi güzəştlərini belə görməzdən gəlir və “kor tutduğunu buraxmadığı” kimi, Hörmüzdən əl çəkmir. Bəs belə vəziyyətdə ABŞ israrla Hörmüz boğazı problemi ilə uğraşmalıdırmı?

Fikrimcə, yox. ABŞ üçün ən optimal variant Hörmüz boğazını by-pass edən layihələri reallaşdırmaq və İranı oyundan kənar vəziyyətə salmaqdır. Son zamanlar bu istiqamətdə mühüm addımlar atılır. Neft və qaz ixracında Hörmüzdən asılı vəziyyətdə olan Səudiyyə Ərəbistanı və BƏƏ özünün alternativ keçid layihələrini həyata keçirirlər. Artıq Səudiyyə Ərəbistanının Fars Körfəzindən Qırmızı dənizə çəkdiyi yeni xətlər vasitəsilə faktiki gündəlik 7 milyon barel neftini digər marşrut üzrə nəql etməyə başladığı bildirilir. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı gündə 10 milyon bareldir, bu onun hasilatın 70 faizini digər marşrut üzrə nəqlinə nail olduğunu göstərir.

Üstəlik, ər-Riyad Fars körfəzindən öz neft hasilatının 90%-ni çıxarırdı. Digər qismi isə onsuz da Qırmızı dənizdə hasil olunurdu. Yerdə qalan 10%-i də hesaba qatsaq, Səudiyyə Ərənistanın öz neftinin 80%-ni hazırda ixrac edə bildiyi anlamına gəlir. Digər 20%-in də Nicaz dəmir yolu ilə daşınacağına inanıram”.

Qafqaz Türkiyənin təsir dairəsinə keçir

Analitikə görə, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) də əslində öz hasilat problemini böyük ölçüdə həll etmiş görünür: “BƏƏ-nin Hörmüz boğazından yan keçən "Qərb-Şərq Boru Kəməri" layihəsini tezliklə bitirməsi gözlənilir. Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmmədin göstərişlərindən sonra layihənin bir neçə ay ərzində tamamlanacağı bildirilir. Məqsəd hazırda gündə 1.5 milyon barel nefti Həbşan adlı ərazidən Füceyrə limanına daşıyan mövcud xətti qısa müddət ərzində vasitəsilə gündəlik 3 milyon barelə çatdırmaqdır. 2027-ci ilə qədər bu həcmin 5 milyon barelə yüksəldilməsi nəzərdə tutulur.

BƏƏ-nin hazırda gündə 4 milyon barelə yaxın neft hasil etdiyini nəzərə alsaq, 2027-ci ildə planlaşdırılan projelər baş tutsa, Əbu-Dabinin digər ölkələrin də neftini nəql etməyə çalışacağını anlaya bilərik. Körfəzin digər ölkələrinin öz neft və qazını isə Küveyt üzərindən Türkiyəyə və İordaniyaya daşıyacağı planlaşdırılır. Dünən Ankarada İraq Baş naziri Əli Zeydi ilə Ərdoğan arasında bağlanan 5 müqavilədən biri də “Qalxınma yolu” projesi ilə əlaqədar idi.

2024-cü ildə Türkiyə, İraq, BƏƏ və Qətər arasında imzalanmış memoranduma əsasən, bu projeyə 17 milyard manat investisiya qoyulacaq. İlk əvvəl neft və qaz ehtiyatlarının nəqli ilə fəaliyyətə başlayan bu layihə yaxın gələcəkdə digər məhsulların da ixrac və idxal xəttinə çevriləcək. Qısası, artıq İranın tamamilə by-pass olunmasına qərar verilib və böyük ehtimalla bu layihələr həyata keçirildikdən sonra İran Hörmüz boğazında acından ölümə tərk olunacaq.

Məncə, İranla müharibənin kiçik aralıqlarla uzadılması da buna xidmət edir. Və “The Wall Street Journal” qəzetinin məlumatına görə, İranın bu müharibədə gündəlik itkiləri təxminən 500 milyon dollara yüksəlib. Bu isə İranın tezliklə iqtisadi çöküşü anlamına gəlir. Fikrimcə, İran-ABŞ savaşının əsas püf nöqtəsi də bu məqamda gizlidir. İranın hansısa deputatının boğazdan yuxarı çıxışları özünə və xalqına yalançı təskinlik verməkdən başqa bir şey deyil”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR