İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İrəvandakı səfiri də “Sübhani yolu”nda 

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı növbəti mübahisəli açıqlama verib. Diplomat regionda davamlı sülhün təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında “real güc balansının” yaradılmasının vacib olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Şirqulami sentyabrın 23-də İrəvanda keçirilən “Dəyişən strateji şəraitdə Ermənistan-İran münasibətlərinin transformasiyası” adlı konfransda çıxışı zamanı bu fikirləri səsləndirib.

“Realist yanaşma nöqteyi-nəzərindən real güc balansı, xüsusilə Ermənistan və Azərbaycan arasında güc balansı lazımdır – əgər biz regionda həqiqi və davamlı sülh istəyiriksə”, – İran səfiri deyib.

Şirqulaminin fikrincə, yalnız sülh ritorikası regionda sabitliyin təmin olunması üçün kifayət deyil. O bildirib ki, İran Cənubi Qafqazda uzunmüddətli sülhün təminatı ola biləcək “yeni güc balansının” formalaşmasını istəyir.

Diplomat bununla kifayətlənməyərək regiondakı mövcud geosiyasi status-kvonun qorunmasını da İranın “fundamental mövqeyi” adlandırıb və geosiyasi dəyişikliklərin yolverilməz olduğunu söyləyib.

Maraqlıdır ki, Şirqulaminin bu ritorikası sələfi Mehdi Sübhaninin İrəvanda səfir işlədiyi dövrdə verdiyi açıqlamaları xatırladır. Sübhani də dəfələrlə Ermənistanın hərbi imkanları, Azərbaycanla “güc balansı” və İrəvanın təhlükəsizliyi barədə sərt bəyanatlarla çıxış edib..

Hətta Sübhani açıq şəkildə regionda sülhün olmamasını “hərbi balansın olmaması” ilə əlaqələndirmiş və İranın Ermənistanla münasibətlərinə məhz bu kontekstdən yanaşdığını bildirmişdi.

Sübhaninin bəyanatları vaxtilə Bakı ilə Tehran arasında diplomatik narazılığa da səbəb olub.

Görünür, İrəvandakı İran səfirliyində diplomat dəyişsə də, ritorikada ciddi dəyişiklik baş verməyib. Yeni səfir Şirqulami də son günlər Ermənistanın gücləndirilməsinin İranın maraqlarına uyğun olduğunu bildirir, Ermənistanın suverenliyinə təhlükə yaranacağı təqdirdə Tehranın “qəti və çox ciddi mövqe” tutacağını söyləyir.

İndi isə İran diplomatı bir qədər də irəli gedərək Azərbaycanla Ermənistan arasında “real güc balansının” yaradılmasını davamlı sülhün şərti kimi təqdim edir.

Şirqulami eyni zamanda Paşinyan hökumətinin “Sülh kəsişməsi” layihəsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində bütün nəqliyyat imkanlarından istifadə edilməlidir. Diplomat müəyyən şərtlər daxilində TRIPP layihəsinin də regionun inkişafına və sülhə xidmət edə biləcəyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR