Onlayn ictimai-siyasi qəzet
Bakıda separatçı erməni rəhbərləri və digər erməni əsilli şəxslər barəsində çıxarılan məhkəmə hökmləri Ermənistanda açıq təşviş və panika yaradıb.
Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş ədliyyə naziri Gevork Danielyan açıqlamasında bu qərarların guya həm məhkum edilən şəxslər, həm də Ermənistan üçün “son dərəcə təhlükəli nəticələr” doğura biləcəyini iddia edib.
Danielyanın sözlərinə görə, məsələ təkcə emosional reaksiyalarla məhdudlaşmır. Onun fikrincə, Bakıda keçirilən məhkəmə prosesləri dərin siyasi və hüquqi risklər daşıyır və Ermənistanla Qarabağla bağlı tarixi hadisələrin beynəlxalq müstəvidə yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər.
Keçmiş nazir iddia edib ki, əgər bu “məhkəmə aktlarına” qarşı adekvat addımlar atılmasa, beynəlxalq ictimaiyyətdə guya Ermənistanın onilliklər ərzində “aqressiv siyasət” yürütməsi barədə təhlükəli təsəvvür formalaşa bilər.
Müşahidəçilərin fikrincə isə Ermənistan revanşist dairələrinin əsas qorxusu məhz buradan qaynaqlanır. Çünki Azərbaycan məhkəməsinin Xocalı soyqırımında iştirak etmiş, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və dövlətçiliyinə qarşı ağır cinayətlər törətmiş şəxslər barəsində çıxardığı ədalətli məhkəmə hökmləri artıq real hüquqi presedent yaradıb.
Bu presedent Azərbaycan xalqının qanına əli batmış sabiq Ermənistan rəhbərliyinin – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digər cinayətkar fiqurların da eyni aqibətlə üzləşə biləcəyi ehtimalını gücləndirir.
Məhz bu səbəbdən Ermənistanın keçmiş rəsmiləri və revanşist çevrələr Bakıda keçirilən məhkəmə proseslərini “təhlükə” kimi təqdim etməyə, siyasi və hüquqi manipulyasiyalarla prosesi gözdən salmağa çalışırlar. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan xalqına, onun ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı cinayət törətmiş şəxslər üçün toxunulmazlıq dövrü artıq başa çatır.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ